İlqar Hüseynli: “Proses hər iki istiqamətdə davam etdirilməlidir”
Azərbaycanda struktur və kadr islahatlarının aparılmasının zəruriliyi ilə bağlı hökumət anonslar verirdi. Prezident son çıxışlarından birində bu barədə danışdı və üstündən bir neçə gün keçəndən sonra həm struktur, həm də kadr islahatlarına başladı. Belə bir islahata məhz yeni ilin əvvəlindən başlanması onu deməyə əsas verir ki, hakimiyyətin bu istiqamətdə ciddi planları var, yəni prosesin davamlı olacağı şübhə doğurmur.
Prezidentin ilkin olaraq həyata keçirdiyi struktur islahatı bir sıra qurumların ləğvini, bəzilərinin isə birləşdirilməsi və ictimai əsaslarla fəaliyyətə keçirilməsini əhatə etdi.
Qeyd edək ki, yanvarın 14-də Prezident İlham Əliyevin müvafiq fərmanları ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılıb, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Tarif (qiymət) Şurasının Katibliyi isə ləğv edilərək onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək. Həmçinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılır.
Bunun ardınca isə ölkə başçısı kadr islahatlarına başladı. Prezident İlham Əliyev yanvarın 15-də Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı.
Bütün bunlar onu deməyə əsas verir ki, Prezident tərəfindən paralel olaraq həm struktur, həm də kadr islahatlarının aparılmasına start verilib. Ölkə rəhbəri tərəfindən başladılan bu prosesin gələcəyini necə proqnozlaşdırmaq olar?
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, ölkədə kadr və struktur islahatlarının aparılması ilə bağlı dəfələrlə təkliflərlə çıxış ediblər: “Buna zərurətin olduğu aydın hiss edilir. Bu ildən başlayaraq hakimiyyətin atdığı addımlar göstərir ki, artıq belə zərurəti onlar da hiss edirlər. Bu heç də o anlama gəlməməlidir ki, deyilən sahəni əhatə edən islahatlar məhz indi başladı. Mütəmadi şəkildə biz belə yenilənmələrin şahidi olurduq. Lakin reallıqlar prosesin bir qədər də sürətli aparılmasını zəruri edirdi. Hiss edilir ki, artıq həmin sürətli prosesə başlanıb. Struktur islahatlar çərçivəsində bəzi qurumlarla bağlı tədbir görülməlidir. Məsələn, mən təklif edərdim ki, Diasporla İş üzrə Dövlət Komitəsi bir qurum kimi Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərsin, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi hansısa böyük bir nazirliyə birləşdirilsin. Bununla biz həm operativliyi artırarıq, həm də büdcəyə xeyli qənaət etmiş olarıq. Kadrlarla da bağlı belə ciddi addımlar atılmalıdır. Az.TV-dəki yenilik kadr islahatının mahiyyətini bir qədər açmış oldu. Alışanovun çox gənc bir kadrla əvəz edilməsi onu deməyə əsas verir ki, hakimiyyət gənclərin, yeni düşüncənin roluna üstünlük verəcək. İdarəetmədə yaş imkanları əsas faktordur. Təbii ki, bu amilin nəzərə alınması effektivliyi artıracaq. Uzun müddət bir qurumda çalışmış şəxslərin hamısına heç də nöqsanlı kadr kimi baxmaq da düzgün olmaz. Amma insanların potensialını, yorulmasını da nəzərə almaq lazımdır. Bu baxımdan da kadr bankının yenilənməsi zəruridir. Düşünürəm ki, bu yalnız rəhbərləri əhatə etməməlidir. Elə yerlər var ki, orada bir rəhbəri dəyişməklə ciddi nəticə əldə etmək olmaz. Məsələn, səhiyyə sahəsində orta təbəqə tibb işçiləri ilə bağlı ciddi islahatın aparılmasına ehtiyac var”.
Eksperin sözlərinə görə, dünyaya inteqrasiya baxımından yeni düşüncə imkanlarından maksimum istifadə etməyə çalışmalıyıq: “Daha yaxşı olar ki, biz xaricdə təhsil alan gənclərimizin imkanlarını nəzərə alaq. Məsələn, bizim fəaliyyət göstərdiyimiz QHT sahəsində çox peşəkar və təcrübə yığmış kifayət qədər gənc var ki, onların da imkanlarından kadr kimi istifadə etmək zəruridir. Hakimiyyətin götürdüyü bu kursu dəstəkləmək lazımdır. Hesab edirəm ki, proses hər iki istiqamətdə davam etdirilməlidir. Bunun, istənilən anlamda, ölkəmiz üçün böyük faydası olacaq”.
Məhəmmədəli QƏRİBLİ