Elşən Mustafayev: “Sırf məlum mövzuda onların hamısı eyni siyasətin davamçılarıdır”
Ermənistanda formalaşan yeni hakimiyyət Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv olacaqlarına dair ümidləri puç etmiş olur. Artıq biz bunu həmin komandaya aid olan funksionerlərin etdikləri publik çıxışlardan görürük.
Ermənistan parlamentinin yeni spikeri seçilən Ararat Mirzoyan qanunverici orqanda etdiyi ilk çıxışında ermənilərə qarşı uydurma qırğından bəhs edib və deyib ki, “tarixən zorakılıqlarla üzləşmiş bir xalq kimi, hər hansı milli azlığa qarşı zorakılığın törədilməsinə dözümlülük nümayiş etdirə bilmərik”. Məhz bu ifadələrdən aydın görünür ki, bəzi dairələrin yeni komandaya bəslədiyi ümidlər özünü doğrultmur. Onun bu çıxışına rəsmi Bakı sərt cavab verib. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan parlamentinin yeni təyin olunmuş spikeri A.Mirzoyanın “bu günlərdə 1990-cı ildə Bakıda ermənilərin qırğını törədilib” fikirlərinə münasibət bildirərkən deyib ki, bu fikri söyləyən Ermənistan parlamentinin spikeri son iki əsr ərzində erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilən etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət nəticəsində baş vermiş çoxsaylı faciələrdən xəbərdar olmaya bilməz: "Ancaq tarixin bəzi səhifələrini silib, onu öz istədiyi şəkildə yazmaq istəyənlərə çox deyil, yalnız son onilliklər ərzində ermənilər tərəfindən törədilmiş bəzi qanlı hadisələri xatırlatmaq istərdim”.
Leyla Abdullayeva erməni spikerə cavabında onların xalqımıza qarşı törətikləri soyqırım və qətliamlarla bağlı müəfəssəl, xronoloji məlumat verib.
Paşinyanın formalaşdırdığı yeni komanda üzvlərinin səlahiyyətlərinin icrasına başlayan kimi xalqımıza və bütün Türk dünyasına qarşı belə sərt dəst-xətt nümayiş etdirməsindən hansı nəticələri gözləmək olar?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın yeni hakimiyyətindən fərqli nəsə gözləmək doğru deyil: “Kimsə Ermənistandakı hakimiyyət dəyişikliyinin Türkiyə və Azərbaycana münasibətdə yumşalmalara gətirib çıxaracağını gözləyirsə yanılır. Yeni komandalar ölkə daxilində uğurlu, ya uğursuz işlərə imza ata bilərlər. Amma sırf məlum mövzuda onların hamısı eyni siyasətin davamçılarıdır. Gedişatda fərqli taktiki addımlar, yanaşmalar ola bilər, amma nəticəni həmişə bir hədəfdə görəcəyik. Paşinyan hakimiyyətə gələn gündən ilk addımlarından biri Qarabağa səfər edib separatçı rejimin nümayəndələri ilə görüşməsi oldu. Sonradan bu görüşlərin sayı daha da artdı, Azərbaycan və Türkiyəyə yönəlik populist bəyanatların şahidi olduq. Doğrudur, onun aqressiv bəyanatlarının arxasında “Qarabağ klanı”nı dəstəkləyən separatçı qücləri tərəfinə çəkmək planlarının olması da sirr deyil. Lakin bu o anlama gəlməməlidir ki, həmin qüvvələr olmasaydı, Paşinyan hakimiyyəti Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində işlər görəcəkdi. Daxildə avtoritar, yaxud demokrat hakimiyyətin olmasından asılı olmayaraq, onların işğala baxışları eynidir. Bütün bunları Azərbaycanda hətta sıravi vətəndaşların əksəriyyəti bilir. Belə olan halda, gərək Xarici İşlər Nazirliyi heç A.Mirzoyanın açıqlamalarına reaksiya verib, onu ciddiyə almayaydı. Çünki ermənilərdən nəsə başqa bir açıqlama gözləmək yersizdir. Mən şəxsən bu açıqlamaya təəccüb etmədim. Çünki erməni xalqı üçün aralarında əhəmiyyətli fərq olsa da, mənim üçün ölkəmə və millətimə münasibətdə Sarkisyan və Paşinyan arasında fərq yoxdur. Bundan sonra da bu səpkili bəyanatların şahidi olacağıq. Onların səsini kəsmək üçün isə deyilən ittihamları təkzib etmək yox, əksinə, hər mənada üzərilərinə getmək lazımdır. Çünki problemi həll etmək istəyiriksə, məsələnin hərb yolu qaçılmazdır. Bir müddət bütün dairələr gözləmə mövqeyində oldular ki, görsünlər yeni hakimiyyət necə formalaşır. Buyursunlar, formalaşdı. Bu da onların ilk addımı. Şəxsən mən onlardan hər hansı konstruktivliyi gözləmirəm”.
Məhəmmədəli QƏRİBLİ