Yeganə Hacıyeva: “Makron Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmsədr olan ölkənin başçısı kimi davranış nümayiş etdirmir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də ölkəmizdə səfərdə olan Fransa Respublikasının sabiq prezidenti Nikola Sarkozi ilə görüşüb. N.Sarkozi bir neçə il bundan əvvəl Azərbaycana səfərindən ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda həyata keçirilən böyük quruculuq və abadlıq işlərinin şahidi olduğunu deyib və bütün bu inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd edib.
Söhbət zamanı N.Sarkozinin 2007-2012-ci illərdə Fransanın prezidenti olduğu dövrdə Azərbaycan-Fransa münasibətlərinin möhkəmləndiyi vurğulanıb, bir çox sahələrdə əlaqələrimizin böyük inkişaf yolu keçdiyi qeyd edilib. Azərbaycan Prezidenti və N.Sarkozi öz aralarında keçirilən görüşləri məmnunluqla xatırlayıblar. Qeyd olunub ki, həmin dövrdə təhsil sahəsində əməkdaşlığın yeni çərçivələri məhz Prezident İlham Əliyev və N.Sarkozinin birgə səyləri nəticəsində mümkün olub. Bakıda hər iki prezidentin iştirakı ilə Fransız Liseyinin təməlinin qoyulması əlamətdar hadisə kimi dəyərləndirilib. Həmin illərdə yüksək səviyyəli siyasi əlaqələrin möhkəmlənməsi nəticəsində bir çox fransız şirkəti Azərbaycanda fəaliyyətə başlayıb və ya öz fəaliyyətini genişləndirib.
Fransanın sabiq prezidentinin Azərbaycana səfəri maraqlı dönəmə təsadüf edir. Məlum olduğu kimi, Makronun Fransa Prezidenti seçilməsindən sonra iki ölkə arasındakı münasibətlərdə əvvəlki hərarət yoxdur, sərinlik hökm sürür. Bunun da başlıca səbəbi Makronun Fransa-Azərbaycan münasibətlərindəki indiyə qədər mövcud olan ənənələri nəzərə almadan, açıq şəkildə ermənipərəst siyasət yürütməsidir. Fransanın sabiq prezidenti hakimiyyətdə olduğu 5 il ərzində iki ölkə arasındakı münasibətlərdə hansı müsbət dinamikanın müşahidə edildiyi haqda ətraflı danışıb. Bu bir daha sübut edir ki, Fransanın Azərbaycana qarşı əzəli düşmənçiliyi olmayıb və hazırda yürüdülən anti-Azərbaycan siyasəti heç də həmin dövlətin klassik ənənələrindən irəli gəlmir. Belə olan təqdirdə, ölkələrimiz arasındakı gərginliyi birbaşa Makronun şəxsiyyəti və yürütdüyü yanlış siyasətlə əlaqələndirmək olarmı?
Beynəlxalq münasibətlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanla Fransa arasında münasibətlər doğrudan da çox yaxşı səviyyədə olub: “25 il öncə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra iki dövlət arasında əlaqələr yeni mərhələyə qədəm qoydu. Siyasi əlaqələrin tarixinə nəzər salsaq onu demək olar ki, Fransa Azərbaycanın müstəqilliyini 3 yanvar 1992-ci ildə tanıyıb. 21 fevral 1992-ci ildə iki dövlət arasında diplomatik əlaqələr qurulub. 16 mart 1992-ci ildə Fransanın Azərbaycanda səfirliyi açılıb. 20 oktyabr 1994-cü ildə isə Azərbaycanın Fransada səfirliyi açılıb.
Azərbaycan və Fransa siyasi münasibətləri müstəqilliyin ilk illərində Fransanın Ermənistana göstərdiyi yaxınlığa görə gərgin idi. Təsadüfi deyil ki, Heydər Əliyev prezident seçiləndən sonra ilk rəsmi səfərini Fransadan başlamışdı və bir neçə il ərzində bu ölkəyə prezident səviyyəsində rəsmi və qeyri-rəsmi səfərlər həyata keçirildi.
Azərbaycanla Fransa arasında ikitərəfli əlaqələr çoxsaylı səfərlə zəngindir. İlham Əliyev də Prezident kimi ilk ikitərəfli səfəri 2004-cü ilin yanvarında məhz Parisə edib. O cümlədən parlamentlərarası əlaqələr daim diqqətə saxlanıb, müntəzəm görüşlər keçirilib.
Azərbaycan həm də Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olub. Fransa ilə ticarət dövriyyəmiz milyradlarla ölçülüb. Fransa həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk Qrupunun həmsədridir. Bu amillər, eləcə də Fransada güclü erməni diasporunun olması bu ölkənin Azərbaycan üçün önəmini artırır. Məhz bu səbəbdən də Fransa Azərbaycanın xarici siyasətində prioritet yerlərdən birini tutur və Bakı bu ölkə ilə əməkdaşlığın səviyyəsini daim yüksəltməyə çalışıb. Makrondan əvvəlki prezidentlərin dönəmində Fransa rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Ancaq təəssüflər olsun ki, Makronun prezidentliyi dönəmində bu münasibətlərin dinamikasında zəifləməni müşahidə edirik. Makron Dağlıq Qarabağ münaqişəsində həmsədr olan ölkənin başçısı kimi davranış nümayiş etdirmir. Açıq ermənipərəstlik nümayiş etdirərək öz neytrallıq imicinə kölgə salmış olur. O, Ermənistanla heç bir əlaqəsi olmayan “Frankofoniya” adlı tədbiri İrəvanda keçirdi və şəxsən orada iştirak etdi. Neytrallığı, balansı qorumaq üçün Azərbaycana səfər etmədi. Fransanın rəsmi qurumlarının təmsilçilərinin Qarabağdakı separatçılarla birbaşa əlaqələr qurmasına göz yumulur. Separatçıların lideri Fransada çox yüksək səviyədə qarşılanır. Bütün bunları Makrondan əvvəlki prezidentlərin dönəmilə müqayisə etdikdə doğrudan da belə qənaətə gəlinir ki, ölkələrimiz arasında münasibətlərin qurulmasında bir çox amil məhz liderlərdən asılıdır”.
Məhəmmədəli QƏRİBLİ