Əli Orucov: “Görünür, bəzi partiyalar aparılan islahatların nəticələrini...” Ramil Hüseynov: “Müsbət işlər görülürsə, buna münasibət bildirilməlidir”
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən struktur islahatları idarəetmə sisteminin təkmilləşməsinə xidmət edir. Bu islahatlar nəticəsində idarəetmə sistemindəki paralelliyin və təkrarçılığın aradan qaldırılması, dinamik, mobil, daha çevik idarəçilik mexanizminin formalaşması həyata keçirilir.
Ölkə başçısı dəfələrlə bu islahatların aparılmasının zəruriliyini qeyd edib. Çünki bəzi qurumlar bir çox halda bir-birinin fəaliyyətini təkrarlayır ki, bu da həm mürəkkəb strukturun formalaşmasına, həm də bürokratiyaya səbəb olur. Bununla bağlı son illər bir sıra işlər görülüb.
Ancaq görünən odur ki, bu yöndə aparılan işlər davamlı xarakterlidir. Çünki ölkə başçısı növbəti dəfə bu məsələyə toxunub. Prezident Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında Azərbaycanda dövlət idarəetmə orqanlarında struktur islahatlarının aparılması zərurətindən bəhs edib. Bildirib ki, ölkədə daha çevik idarəetmə strukturunun yaradılması ilə bağlı işlərə başlanacaq: “İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib”.
Məlum toplantıdan sonra bir sıra qurumlar ya ləğv edilib, ya da digərləri ilə birləşdirilib. Bu istiqamətdə görülən işlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Maraqlıdır ki, nədənsə ölkədəki müxalifət partiyaları aparılan struktur islahatlarına öz münasibətlərini bildirmirlər. Baxmayaraq ki, sözügedən məsələ yetərincə aktual əhəmiyyətə malikdir.
Sözügedən məsələ ilə bağlı bəzi müxalif partiya təmsilçilərinin fikirlərini öyrəndik.
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, görünür, bəzi partiyalar bunun nəticələrini gözləyirlər: “Ancaq, ümumilikdə, bu istiqamətdə görülən işlərə müsbət yanaşıram. Dəfələrlə qeyd etmişik ki, bu qədər böyük və şişirdilmiş Nazirlər Kabinetinə ehtiyac yoxdur. Bununla bağlı bəzi işlər aparılıb. Dəfələrlə bəyan etmişik ki, bir-birini təkrar edən strukturlar ləğv edilməlidir. Çünki çoxsaylı qurumun olması həm bürokratiyanı artırır, həm də dövlət büdcəsinə əlavə yük olur. Sözügedən qurumların saxlanması üçün böyük həcmdə vəsaitə ehtiyac yaranır. Eyni zamanda, yaranan problemlər də həll olunmur. Yəni göstərilən xidmət də keyfiyyətsiz və effektsiz olur. Bu baxımdan sözügedən struktur islahatlarına ehtiyac var idi. Düşünürəm ki, bu yöndə aparılan islahatların davamı da gəlməlidir. Yenə də elə idarə və müəssisələr var ki, həmin qurumların varlığı ilə yoxluğu bilinmir. O baxımdan hesab edirəm ki, bu istiqamətdə aparılan işlər davamlı olmalıdır. Elə nazirliklər var ki, onların tərkibində bir-birini təkrarlayan idarələr, şöbələr var. Bunlara nə ehtiyac var?! Əslində, bunların hamısı dövlətin üzərində böyük yükdür. Belə qurumlardan xilas olmaq lazımdır”.
Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynov da hesab edir ki, konstruktiv mövqedən çıxış edən müxalif partiyalar görülən müsbət işlərə öz münasibətlərini bildirməlidirlər: “Ancaq aparılan siyasətə tənqidi prizmadan yanaşmaq doğru olmaz. Müsbət işlər görülürsə, hesab edirəm buna münasibət bildirilməlidir. Bu baxımdan hesab edirəm ki, son günlər həyata keçirilən struktur islahatları lazımlı idi. İslahatlar nəticəsində dövlət büdcəsinə yük olan qurumlar ləğv edilir. Hansı ki, belə qurumların olmasının faydası onsuz da yox idi. Bütün hallarda, yaxşı olardı ki, sözügedən islahatlar sistemli olsun və praktiki baxımdan nəticə versin”.
Vidadi ORDAHALLI