Qabil Hüseynli: “Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən İran şirkətlərini geri çəkməlidir”
İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə son müsahibəsində iki ölkə arasındakı münasibətlər və inkişaf perspektivlərindən danışıb.
O bildirib ki, İran və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. “2018-ci ildə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycana səfər etdi və səmərəli görüşlər keçirildi. Bundan əlavə, mütəmadi olaraq İrandan Azərbaycana yüksək səviyyəli nümayəndə heyəti səfər edir, iki ölkənin parlamentariləri, nazirləri, eləcə də özəl və dövlət şirkətlərinin nümayəndələrinin qarşılıqlı səfərləri olur.
Bütün bunlar İran-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu və daha da inkişaf edə biləcəyini göstərir. Biz bunu əsas götürürük və çalışmalıyıq ki, 2019-cu ildə iki ölkə arasında əlaqələr daha da inkişaf etsin. Birgə layihələrimiz, o cümlədən investisiya layihələrimiz var və onların həyata keçirilməsində irəliləyişlər əldə olunub.
İran və Azərbaycan arasında siyasi əlaqələr baxımından 2018-ci ili analoqu olmayan il adlandırmaq olar”.
İranın səfiri iqtisadi sahədə olan əməkdaşlığımızdan da geniş danışıb. Həmçinin, bildirib ki, İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində siyasi sahədə istənilən işi görməyə hazırdır. Əsas məqsəd regionda təhlükəsizlik və sabitliyin daha da möhkəmləndirilməsidir.
Maraqlıdır, İran Azərbaycanla əlaqələrin dərinləşməsi üçün Dağlıq Qarabağ probleminin həlli istiqamətində hansı addımları atmalıdır?
Politoloq Qabil Hüseynli hesab edir ki, İran ölkəmizə münasibətdə, təəssüf ki, o qədər də səmimi deyil: “İran heç vaxt Ermənistana dəstəyini əsirgəməyib. Azərbaycan işğalçı Ermənistana qarşı blokada təşkil edəndə Gürcüstan da bu siyasəti dəstəkləyib ölkəmizə qoşuldu, amma İran Ermənistan üçün bir nəfəslik rolunu oynadı. Arazın üzərindən körpü tikdi, təcili surətdə Ermənistana birinci qaz kəmərini çəkdi, bu günlərdə artıq ikinci qaz kəməri də Ermənistana çatdırılıb. Eyni zamanda, sərhəd gediş-gəlişi vizasız oldu və demək olar ki, Ermənistanın bütün ehtiyacları İranın malları hesabına ödənildi. Hətta Rusiyadan daha çox, İran Ermənistanla ticarət əlaqələri qurub və onun blokadada boğulmasının qarşısını almaqla məşğuldur”.
Politoloqun sözlərinə görə, Azərbaycan isə ən dar məqamlarda İrana dəstəyini çəkinmədən ifadə edib: “Azərbaycan və Türkiyə istəmir ki, İran xalqı ABŞ-ın və digər dövlətlərin İrana tətbiq edəcəyi sanksiyalar altında boğulsun. Ötən sanksiyalarda da Azərbaycan bu cür hərəkət etmişdi. Bununla da Azərbaycan İran siyasilərinə göstərmək istəyir ki, biz çətin günün dostuyuq və İranla qonşuluq münasibətlərinə, mənəvi köklərə sadiqik, hər zaman İranı bəladan qurtarmaq üçün əlimizdən gələni edirik. İran Dağlıq Qarabağ probleminin həllinə bu şəkildə töhfə verə bilər ki, Ermənistana göstərdiyi misilsiz iqtisadi dəstəklə Azərbaycan torpaqlarının işğalının davam etməsinə şərait yaratmasın: “Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən İran şirkətlərini geri çəkməlidir. Bir sözlə, İran qəbul etməlidir ki, güclü, dünyəvi bir müsəlman dövləti olan şimal qonşusunun ona heç bir ziyanı yoxdur, əksinə, xeyri var, yeri gələndə İrana kömək əlini uzadır. Azərbaycan dövləti ilə çox səmimi və yaxın qonşuluq əlaqələrinin formalaşmasında bu amillərin mühüm rolu ola bilər”.
Məhəmmədəli QƏRİBLİ