Rusiya və Ermənistan arasında son aylarda ciddi ziddiyyətlərin yaşanması, tərəflərin münasibətlərinin az qala düşmənçilik səviyyəsinə çatması heç kimə sirr deyil. Düzdür, elə bu günlərdə Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanı Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik edib.
Amma ekspertlər bildirir ki, əslində, bu təbrik ultimativ xarakter daşıyıb. Çünki təbrikində Putin açıq şəkildə bildirib ki, Rusiya–Ermənistan müttəfiqlik əlaqələrinin bundan sonra da möhkəmlənməsi baş tutmalıdır. Paşinyanın bundan kənara çıxması isə Rusiyanın İrəvana qarşı sərt gedişlər etməsinə rəvac verə bilər.
Məsələnin digər maraqlı tərəfi isə ondan ibarətdir ki, əslində, Paşinyanın özünün də Qərb ölkələri qarşısında müəyyən öhdəlikləri var. Bu öhdəliklərin ən əsası ondan ibarətdir ki, Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılmasına Paşinyan lazımi şərait yaratmalıdır. Əslində, bu istiqamətdə İrəvan tərəfindən müəyyən addımlar atılır. Məsələn, elə bu günlərdə Ermənistanın Gümrü şəhərində rus hərbçilərinə qarşı piket təşkil olunub. Aksiyanın təşkilatçıları iddia edirlər ki, etirazları Rusiyanın Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasının əsgərlərinin törətdiyi cinayətlərə qarşıdır. Piket iştirakçılarının Ermənistan hökuməti, Rusiyanın Ermənistandakı səfirliyi və hərbi bazanın komandirinə ünvanlanmış müraciətində deyilir ki, 1999-cu ildən bəri rus hərbçilərinin törətdiyi cinayətlər nəticəsində Ermənistanın 12 vətəndaşı ölüb, 14 nəfər yaralanıb. Belə vəziyyətdə bazanın ölkədən çıxarılması tələb olunur.
Bundan başqa, məhz Paşinyanın birbaşa göstərişi ilə Ermənistanda Rusiyaya yaxın sayılan şəxslərin həbsi həyata keçirilir. Yenə də Rusiyadan gələn göstərişlərə rəğmən, onların azadlığa buraxılması tələbi də rədd edilir. Məsələn, eks-prezident Robert Köçəryanla bağlı baş verənlər bunun real təsdiqi sayıla bilər. Yeri gəlmişkən qeyd edək ki, Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan eks-prezidentin siyasi məhbus olduğunu bəyan edib. Maraqlıdır ki, Soqomonyan Ermənistanın əsas xarici tərəfdaşlarının da Köçəryanı siyasi məhbus gözündə gördüyünü bildirib. Əslində o, “əsas xarici tərəfdaşlar” dedikdə ilk növbədə Rusiyanı nəzərdə tutur və bununla Moskvanın Köçəryanın həbsinə qarşı olduğunu xatırladır. Bir daha qeyd edək ki, Kreml əvvəldən Köçəryanın həbsinə qarşı idi və bunu açıq şəkildə bəyan edirdi. Erməni siyasi şərhçi Razmik Akopcanyan yaranmış vəziyyətdə Rusiyanın bu il Ermənistanda “dişini yoxlayacağını” iddia edir. Onun fikrincə, Köçəryan Moskva üçün əhəmiyyətlidir, çünki o, Rusiyanın maraqları üçün hər şeyi etməyə hazırdır: “Əgər o, cinayət işindən xilas olmağı bacaracaqsa, Putinin köməyilə hər şey edəcək. Reallıq budur ki, əvvəlki hakimiyyət və onun böyük kapitalı təslim olmayıb. Onlar gizləniblər və zərbə endirmək üçün fürsət gözləyirlər. Hətta bu, Rusiyanın Ermənistana müdaxiləsi ilə də nəticələnə bilər”. Erməni şərhçi bu durumda Nikol Paşinyanı susmaqda itiham edir. Onun fikrincə, Paşinyanın susması təkcə onun özünə yox, bütövlükdə Ermənistana da baha başa gələ bilər.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın “Kommersant” qəzeti də Moskva və İrəvan arasında etimadsızlıq yaranmasına dair Kremldəki mənbələrinə istinadən maraqlı məlumat yaymışdı. Qəzet qeyd edirdi ki, Moskvada Nikol Paşinyanın etbarsız tərəfdaş obrazı yaranıb və ondan istənilən əməl gözlənilir. Yazıda bildirilirdi ki, bu il Ermənistan Rusiyanın xüsusi diqqət mərkəzində olacaq: “Kreml üçün yad olmayan, Rusiya prezidenti Vladimir Putinin dostu, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturova qarşı ittihamlar irəli sürülməsini Moskva hələ də unutmayıb”.
Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyan bildirir ki, belə vəziyyətdə Nikol Paşinyanı Moskvadan gələcək daha sərt təzyiqlər gözləyir: “Rusiya ilk olaraq qazın qiymətini qaldırdı. Qazın qiymətləri erməni xalqı üçün çox vacib məsələdir. Digər təzyiqlər də gözlənilir. Bunların əsas səbəblərindən biri də budur ki, Rusiya və Ermənistan liderləri arasında qarşılıqlı etimad yoxdur“. Ermənistan Politoloqlar Assosiasiyasının sədri Amayak Ovannisyanın qənaətincə, ölkəsində çoxları Rusiyaya münasibətdə reallıq hissini itirib: “Rusiya da bu vəziyyətdə istəyir ki, Ermənistanda antirusiya ovqatı güclənsin. Onlar öz xalqını “ermənilər satqındır”, “onlar bizə arxadan zərbə vurur”, “onlar rusafobdur” – ifadələri ilə əmin etmək istəyir. Bu kimi səbəblərlə də Azərbaycanla dostluq etməyin vacibliyinə Rusiya cəmiyyətini inandırmağa çalışırlar. Ermənilər deyil, türklərlə müttəfqilik etmək üçün Rusiya Ermənistanı qurban verir”. Erməni politoloq Levon Şirinyan isə vurğulayır ki, Rusiya Ermənistan dövlətçiliyinə qarşı işləməyə hazır olan şəxsi müəyyən edib: Bu, kriminal element Robert Köçəryandır: “O, Ermənistanda əksinqilabı təşkil etməlidir. Rusiya bütün hallarda Ermənistan xalqının iradəsini qəbul edəcək. Mən Brüssel, Vaşinqton və Parisdəki lobbiçiləri Nikol Paşinyanı müdafiə etməyə çağırıram. Bu, Paşinyana Putinlə bərabər səviyyədə danışıqlar aparmaq üçün güc verər”.
Bütün bunlar Moskva-İrəvan münasibətlərində hələ ciddi ziddiyyətlərin davam edəcəyini deməyə əsas verir.
Tahir TAĞIYEV