Üzeyir Cəfərov: “Çevik idarəetməni həyata keçirmək üçün bu addım atıldı”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılmasına dair fərman imzalayıb. Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha da təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədilə Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” ASC yaradılır.
Sənədə əsasən, Cəmiyyətin qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycanda silah istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən, müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən kommersiya hüquqi şəxs olduğu müəyyən edilib.
Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə yaradılmışdı. Ötən müddət ərzində adıçəkilən qurum bir sıra işlər görüb. Ölkədə silah və döyüş vasitələrinin istehsalı ilə bağlı bir sıra müəssisələr tikilib. Dünyada keçirilən bir sıra hərbi sərgilərdə ölkəni təmsil edib. Bütün hallarda, ölkədə aparılan islahatlar çərçivəsində MSN-in ləğvi və bazasında yeni qurumun yaradılmasının mahiyyətini ekspertlər necə şərh edirlər?
Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, yeni yaradılan “Azərsilah” ASC-nin üzərinə çox böyük vəzifə qoyulub: “Onlar dünyada əjdaha olan hərbi sənaye kompleksinə malik ölkələrlə rəqabət aparmalıdırlar. Müdafiə Sənayesi Nazirliyi yarananda qarşıya başqa vəzifələr, tapşırıqlar qoyulmuşdu. İndi isə çevik idarəetməni həyata keçirmək üçün bu addım atıldı. Prezident İlham Əliyev, eyni zamanda, Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. Bu qərarın çox yerində olduğunu düşünürəm və davamının gəlməsini arzulayıram.Yeni yaradılan “Azərsilah” ASC adından göründüyü kimi, Azərbaycan brendi olan silah-sursat istehsal edəcək. Həmin silah-sursatlar Azərbaycanı beynəlxalq sərgilərdə, tədbirlərdə təmsil edəcək. Düşünürəm ki, indiyə qədər MSN-də xeyli təcrübə toplamış mütəxəssislərimiz ortaya yeni nəticələr qoyacaq. Azərbaycan mütəxəssisləri qısa bir müddətdə MSN-in xətti ilə çox gözəl işlərə imza atdılar və bunların da davamı “Azərsilah” və digər qurumların fəaliyyətində özünü göstərəcək. “Azərsilah” ASC konkret olaraq Azərbaycanın silah sənayesi ilə məşğul olacaq. Çünki MSN təkcə mövcud hərbi təyinatlı qurum deyildi. Bu qurum mülki xarakterli məhsullar da istehsal edirdi. 1200-dən artıq məhsulu var idi. İndi həmin məhsulları Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xətti ilə istehsal etmək olar. Müdafiə Sənayesi Nazirliyinin ləğvini “vəzifələrinin öhdəsindən gəlmədilər” kimi məqamlarda da axtarmaq lazım deyil. Nazirlik Azərbaycan iqtisadiyyatında böyük uğurlara imza atıb. O cümlədən yeni yaranan “Azərsilah” adlı qurum da bundan sonra silah-sursat istehsalı ilə məşğul olacaq və Azərbaycanı dünyada keçirilən hərbi sərgilərdə təmsil edəcək. Bundan əlavə, məhsulları dünya bazarına çıxarmaq üçün əlavə imkanlar əldə edəcək”.
Vidadi ORDAHALLI