Sahib Məmmədov: “Atılan addımların həm də büdcəyə qənaət baxımından çox böyük faydası var”
Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Bildirilir ki, fərmanın imzalanmasında məqsəd Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir. Fərmanda diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, bəzi qurumların fəaliyyətinin ictimai əsaslarla davam etdirilməsinə zərurət görülüb: “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilir”.
Bu o anlama gəlir ki, həmin sahədə çalışan şəxslərə artıq dövlət büdcəsindən əməkhaqqı verilməyəcək. Büdcəyə qənaət baxımından bəzi qurumların fəaliyyətinin ictimai əsaslarla davam etdirilməsinin nə kimi əhəmiyyəti olacaq?
Vətəndaş Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, aparılan struktur islahatlarını dəstəkləmək lazımdır: “Fərmanla mən də yaxından tanış oldum. Bütün mənalarda ölkəmiz üçün xeyri var. Həm bir-birini təkrarlayan qurumlar ləğv edilir, həm də fəaliyyətinə zərurət olmayan təsisatların mövcudluğuna xitam verilir. Elə qurumlar var ki, onsuz da ictimai əsaslarla fəaliyyət göstərirlər. Məsələn, Tarif Şurasında müxtəlif qurumların əməkdaşları təmsil olunurdu. Onlar işlədikləri yerlərdən onsuz da əməkhaqqı alırlar. Həmin qurumun katibliyi ləğv edilib, amma özü qalır. Belə qurumun katiblik saxlaması nəyə lazımdır? Qiymətlərlə bağlı təklifləri müxtəlif dövlət orqanları hazırlayırsa, onda belə katibliyin saxlanması artıq yük olur. Düzdür, orada elə böyük ştat vahidi də yoxdur, amma yenə də büdcəyə qənaətdir. Çoxsaylı qurum var ki, onlar kollegial orqandır və üzvləri ictimai əsaslarla fəaliyyət göstərir, lakin katiblik saxlayırlar. Bu tip qurumların katibliyinin ləğvi doğrudur. Bir qisminin fəaliyyəti isə özünümaliyyələşmə əsasında olacaq. Doğrudan da elə qurumlar var ki, onların fəaliyyətinə dövlət ilkin etaplarda dəstək verməlidir, sonra isə onlar özü-özünü saxlaya bilmirsə, onda, deməli, ləğvi daha zəruridir. Məncə, büdcəyə yük olan çoxsaylı qurum tapmaq olar. Məsələn, ləğv edilən qurumların sırasında Strateji Araşdırmalar Mərkəzi (SAM) deyilən bir qurum da var. Onun illik büdcəsi milyonlarla manatla ölçülürdü. Əslində, beyin mərkəzinin özü pul qazanıb dövlətə vergi ödəməlidir. Biz dünya praktikasında belə təşkilatları görmüşük. Onların büdcələri çox fantastik rəqəmlərlə ölçülür. Beyin tədqiqatlarının məhsulu olan məlumatları satıb pul qazanırlar. Bizim SAM indiyə qədər bu vəziyətə gəlib, özü-özünü maliyyələşdirməli idi. Nə vaxta qədər büdcədən maliyyələşmək olardı? Bu baxımdan da atılan addımların həm də büdcəyə qənaət baxımından çox böyük faydası var”.
Məhəmmədəli QƏRİBLİ