Prezident İlham Əliyevin bir neçə gün əvvəl anonsunu verdiyi struktur islahatlarının ilkin mərhələsi artıq başladı. Qeyd edək ki, Prezident Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında islahatların əsas istiqamətləri barədə danışarkən qeyd edib ki, “İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü”.
Prezidentin məlum çıxışından sonra bir sıra dövlət qurumlarının ləğvi, bəzilərinin isə birləşdirilməsi ilə bağlı verilən fərman göstərir ki, hakimiyyətin bu istiqamətdə ciddi proqramı mövcuddur. Aparılan islahatlarla bağlı söylənilən fikirlərdən aydın olur ki, dövlət başçısının rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir.
Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Beləliklə, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Prezidentin struktur islahatları ilə bağlı qəbul etdiyi qərarlar ölkə ictimaiyyəti tərəfindən də geniş dəstəklənir. Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı hesab edir ki, ciddi islahatların aparılması Azərbaycanın idarəçilik sistemində çevikliyi gücləndirəcək, operativliyi daha da artıracaq, müasir çağırışlara uyğunluğu təmin edəcək: “Bir neçə gün keçdikdən sonra ölkə başçısının söylədiyi fikirlərin konkret nəticələrini özündə ehtiva edən fərmanlar imzalandığının şahidi olduq. Hesab edirəm ki, bu, davamlı olacaq və sistemli xarakter daşıyacaq. Artıq bir neçə qurum, adı olan, lakin fəaliyyəti görünməyən, dövlətçiliyə bu və ya digər şəkildə xidmət göstərə bilməyən strukturlar ləğv edildi. Bir sıra lokal şəkildə fəaliyyət göstərən qurumların daxilindəki strukturlar birləşdirildi.
Xatırladım ki, Prezident İlham Əliyev 2003-cü ildə ölkə başçısı seçildikdən sonra bir neçə nazirlik yaradıldı, bəziləri birləşdirildi. Bu günə qədər dünyada gedən proseslərin məntiqindən doğan çağırışların mahiyyətinə uyğun olaraq, Azərbaycanı davamlı inkişaf ölkəsinə çevirmək kimi böyük layihələrin reallaşması ən vacib şərtlərdən biri kimi ölkə başçısının idarəçilik sisteminin əsas xətti olub. Proses davam edir və bundan sonra da davam edəcək”.
Digər millət vəkili Fazil Mustafa da ölkə Prezidenti tərəfindən bir neçə qurumun ləğv edilməsini ciddi islahatlara doğru atılan praktik addım kimi qəbul edir: “Kimsə istəməz ki, indiki zamanda iş yerini itirsin, sabit maaşdan məhrum olsun. Ancaq onu da qəbul etməliyik ki, dövlət büdcəsinin xərclər yükünü bacardıqca yüngülləşdirmək lazımdır. Bir-birini təkrarlayan ali təhsil ocaqları da, dövlət komitələri və nazirliklər də birləşdirilməli, struktur vahidləri azaldılmalıdır. Əvəzində isə özəl sektor üzərindən bütün maneələr birmənalı şəkildə götürülməlidir. Çünki işsizlər ordusunun sayının artımına imkan verməmək üçün özəl sektorun fəaliyyətini hərtərəfli stimullaşdırmaq lazımdır. Bütün hallarda, yeni il islahatlar baxımından maraqlı başlayır, insanlarımızın rifahının yaxşılaşdırılmasına yönələn islahatlar ölkədə ümidverici aura yaradır”.
Göründüyü kimi, ölkə başçısının verdiyi son fərmanlar ictimaiyyətin də geniş dəstəyini qazanmış olur. Ən diqqətçəkən məqam budur ki, ölkə başçısı idarəetmənin təkmilləşməsi ilə bağlı belə zərurətin olduğunu yeni ilin başlanğıcında dedi və bir neçə gün sonra onu həyata keçirdi. Bu göstərir ki, 2019-ci ildə bu istiqamətdə islahatlar davam etdiriləcək. Prezidentin fərmanı ətrafında aparılan ictimai müzakirələrdən görünür ki, atılan addımlara geniş xalq kütləsinin də münasibəti möhkəmdir. Əgər sadə vətəndaşlar prosesin davamının da gəlməsini istəyirlərsə, demək ki, hakimiyyət bu addımları həm də xalqdan gələn sosial sifariş olduğu üçün cəsarətli atır. Yəqin ki, il ərzində biz daha yeni zəruri addımların atıldığının şahidi olacağıq.
Məhəmmədəli QƏRİBLİ