Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Zeynalov “Bakı-Xəbər”ə geniş müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Türkmənistan Prezidentinin 2017-ci ildə Azərbaycana və Azərbaycan Prezidentinin 2018-ci ildə Türkmənistana rəsmi səfərlərindən sonra ölkələrimiz və xalqlarımız arasında əlaqələr daha da genişlənib. Bu mənada Azərbaycan-Türkmənistan münasibətləri haqda nə deyə bilərsiniz?
- Türkmənistanla əlaqələr Azərbaycanın xarici siyasətinin mühüm, vacib istiqamətlərdən birini təşkil edir. Hər iki ölkə xalqlarının eyni etnik kökə, mədəniyyətə və dinə mənsubluğu, əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamaları əlaqələrin inkişafı üçün həm zərurət, həm də sağlam zəmin yaradır. Son illərə nəzər saldıqda ikitərəfli münasibətlərin inkişaf dinamikasını müsbət səciyyələndirmək mümkündür. Hazırda qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu əməkdaşlıq edilir, iqtisadi, humanitar, nəqliyyat və digər sahələrdə çox yaxşı nəticələr vardır. Lakin eyni zamanda hesab edirik ki, bu nəticələr hələlik bizim ölkələrin potensialına cavab verən səviyyədə deyil və bu istiqamətdə səyləri qarşılıqlı şəkildə artırmaq lazımdır.
Əlbəttə, ölkələrarası münasibətlərin inkişafında dövlət başçılarının görüşləri müstəsna əhəmiyyətə malikdir. Belə görüşlər ikitərəfli əlaqələrin inkişafına güclü təkan verən mühüm amillərdir. Bu xüsusda, Türkmənistan Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədovun 2017-ci il tarixində ölkəmizə rəsmi səfəri böyük önəm daşımışdır. Bu səfər çərçivəsində Türkmənistan dövlət başçısının Azərbaycan Respublikasının Prezidenti ilə keçirdiyi təkbətək və geniş tərkibli görüşlərdə ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da inkişaf etdirilməsi, genişləndirilməsi və möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparılmışdır. Əməkdaşlığın bütün sahələri üzrə inkişafı üçün böyük potensialın olduğu vurğulanmış və əməkdaşlığın vacib istiqamətləri üzrə 13 saziş imzalanmışdır. Bundan başqa, dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni xüsusi qeyd etmək istərdim. Sənəd Azərbaycan Respublikası ilə Türkmənistanın strateji tərəfdaş olduqlarını bəyan edir ki, bu tərəfdaşlıq əlaqələrin ən yüksək səviyyəsini nəzərdə tutur. Bəyannamədə indiki və gələcək birgə fəaliyyətimizin bütün istiqamətləri öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin noyabrında Türkmənistana rəsmi səfəri isə iki ölkə arasında əməkdaşlıq tarixində yeni səhifə açmışdır. Ən yüksək səviyyədə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin mahiyyəti yaxın gələcəkdə ikitərəfli əməkdaşlığın daha da genişlənəcəyini söyləməyə əsas verir. Səfər çərçivəsində dövlət başçıları tərəfindən birgə bəyanat və nəqliyyat-tranzit, iqtisadi və humanitar sahələr üzrə 20 sənəd imzalanmışdır. Bu sənədlərin sırasında sərmayələrin qarşılıqlı təşviqi və qorunması, iki ölkənin dəmir yolları, beynəlxalq dəniz limanları və gəmiçilik qurumları arasında əməkdaşlığa dair sazişləri qeyd etmək istərdim. Dövlət başçılarının birgə bəyanatında qardaş ölkələr olan Türkmənistanın və Azərbaycanın bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədikləri bir daha təsdiqlənir. Eyni zamanda, birgə bəyanatda ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya, elmi-texniki, mədəni-humanitar və digər sahələrdə dövlətlərarası əlaqələrin inkişafının yüksək dinamikası qeyd edilir.
Əlaqələrin inkişaf etdirilməsində Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti də mühüm yer tutur. Ticarət-iqtisadi, informasiya-kommunikasiya texnologiyaları, sənaye, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq, o cümlədən iş adamları arasında təmasların qurulması və qarşılıqlı sərmayə qoyuluşu məsələlərinin həllində komissiyanın rolu böyükdür. Yaxın günlərdə komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulur. Səfirlik də öz növbəsində ümumi işə töhfə vermək üçün mümkün olanları edir, Azərbaycanın iqtisadi imkanları, sərmayə mühiti və perspektivli layihələri barədə məlumatları mütəmadi şəkildə Türkmənistanın aidiyyəti dövlət qurumları və işgüzar dairələri arasında yayır, bu istiqamətdə müvafiq görüşlər keçirir.
Qeyd olunanlardan savayı, ölkələrimiz arasında Xəzəryanı ölkələr formatında əməkdaşlıq mövcuddur. İndiyədək Xəzər dənizində ətraf mühitin və bioloji resursların qorunması, hidrometeorologiya, təhlükəsizlik sahələrində əməkdaşlıq haqqında sazişlər imzalanmışdır və həmin hüquqi sənədlər çərçivəsində əməkdaşlıq həyata keçirilir. Keçən ilin avqust ayında Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın və digər əlaqədar vacib sənədlərin imzalanması ilə Xəzər dənizinin sülh, dostluq və əməkdaşlıq dənizi olması istiqamətində böyük addım atılmışdır.
Əksər beynəlxalq məsələlərdə ölkələrimiz eyni mövqedən çıxış edirlər, hər iki dövlət beynəlxalq və regional təhlükəsizliyin qorunub-saxlanılmasının tərəfdarıdır. Bu, öz növbəsində Mərkəzi Asiya, Qafqaz və Xəzər hövzəsi regionunda siyasi proseslərin cərəyan etməsinə müsbət təsir göstərən bir amildir. Həmçinin, Azərbaycan ilə Türkmənistan arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edilir. Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlarda tərəflər arasında qarşılıqlı anlaşma və dəstək mövcuddur.
Göründüyü kimi, dövlətlərarası münasibətlər möhkəm təməllər üzərində qurulmuşdur. Bu gün iki müstəqil dövlət kimi biz əməkdaşlığımızı yeni səviyyəyə qaldırmışıq. Yeri gəlmişkən, 2017-ci ildə Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü yüksək səviyyədə qeyd edilmişdir.
Dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi, istər sadə vətəndaşlar, istərsə də işgüzar dairələr arasında sıx təmasların qurulmasında viza rejimi önəmli amildir. Biz indiyədək bu istiqamətdə də zəruri tədbirlər görmüşük və tədbirlərimiz davam edir. Son üç ildə ölkəmizə səfər etmək istəyən Türkmənistan vətəndaşları üçün Səfirlikdə vizaların rəsmiləşdirilməsi işi xeyli sadələşdirilmişdir. Müraciət edən vətəndaşlara Səfirlikdə rahat şərait yaradılmışdır. Onlar müvafiq sənədləri təqdim etməklə qısa zamanda vizalarını əldə edə bilirlər. Eyni zamanda, Türkmənistan vətəndaşları “ASAN Viza” sistemi vasitəsilə rahat və qısa zamanda elektron viza əldə edə bilirlər. Yaradılmış şəraitin nəticəsidir ki, bu il 27 min nəfərə yaxın Türkmənistan vətəndaşı ölkəmizə səfər etmişdir. Bu 2017-ci ilin göstəricisindən iki dəfə, 2016-cı ilin göstəricisindən isə səkkiz dəfə çoxdur.
Qeyd olunanlar həm də iki ölkənin milli aviaşirkətləri tərəfindən Bakı ilə Aşqabad arasında birbaşa hava reysinin açılmasını zəruri etmişdir. Dünya təcrübəsi onu göstərir ki, dövlətlər arasında işgüzar əlaqələrin qurulması, mədəni-humanitar sahədə əməkdaşlığın inkişafının təmin olunması üçün bu vacib məsələdir. Dediyim kimi, səfər edən vətəndaşların sayında müşahidə olunan kəskin artım birbaşa hava reysinin açılmasını iqtisadi baxımdan səmərəli etmiş, beləliklə, məsələnin müsbət həlli üçün əlverişli zəmin yaranmışdır. İnanırıq ki, birgə səylərimizlə yaxın gələcəkdə milli aviaşirkətlərimiz tərəfindən birbaşa hava reysinin açılması mümkün olacaq.
- İki dövlət arasında elm, təhsil və mədəni münasibətlər hansı səviyyədədir?
- Sadaladığım sahələrlə yanaşı, ölkələrimiz arasında elm, mədəniyyət və humanitar sahələrdə də sıx əməkdaşlıq edilir. Hər iki ölkənin ali məktəbləri və elmlər akademiyaları arasında işgüzar təmaslar mövcuddur. Azərbaycan Prezidentinin Türkmənistana rəsmi səfəri çərçivəsində imzalanmış sənədlərin sırasında elmlər akademiyaları, ali təhsil müəssisələri arasında əməkdaşlıq haqqında sənədlər də yer almışdır. Misal üçün, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində “ADA” Universiteti ilə Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu arasında Anlaşma Memorandumu və Türkmənistanın Humanitar Elmlər və İnkişaf üzrə Beynəlxalq Universiteti arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır.
Son illərdə ölkəmizdə keçirilən müxtəlif mədəni-humanitar tədbirlərdə, o cümlədən Bakı Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, IV Bakı Beynəlxalq Teatr Konfransı və digər beynəlxalq tədbirlərdə Türkmənistan nümayəndələri yaxından iştirak etmişlər. Yeri gəlmişkən qeyd edim ki, yaxın keçmişdə böyük türkmən şairi Məhtimqulu Fəraqinin nadir əlyazması Azərbaycan Respublikasında tapılmış, bu əlyazma Türkmən mütəxəssisləri ilə birlikdə və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin elmi redaktəsi ilə azərbaycan, türkmən və ərəb dillərində nəfis şəkildə nəşr olunmuşdur. 2016-cı ilin aprel ayında Bakıda kitabın təqdimatı keçirilmiş və bu mərasimdə Türkmənistan Elmlər Akademiyasının prezidenti iştirak etmişdir. Bu hadisəni eyni mədəni dəyərləri bölüşən Azərbaycan və Türkmən xalqları arasında əlaqələrin inkişafının təzahürü kimi səciyyələndirmək olar.
Eyni zamanda, ölkəmizin nümayəndələri Türkmənistanda keçirilən müxtəlif mədəni tədbirlərdə iştirak edirlər.
İki dövlət arasında əməkdaşlığın inkişaf etdirilməsi, xüsusən bu ölkələrin xalqlarını bir-birinə tanıtmaq, onları daha da yaxın etmək məsələlərində mədəniyyət günlərinin təşkilinin əhəmiyyəti böyükdür və gələn il Azərbaycanın Türkmənistanda mədəniyyət günlərinin keçirilməsini nəzərdə tuturuq. Həmçinin, yaxın aylarda qarşılıqlı şəkildə xalça sərgilərinin təşkili istiqamətində işlər görülür.
- Azərbaycan və Türkmənistanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi geoiqtisadi cəhətdən nə vəd edir?
- Bildiyiniz kimi, qədim İpək Yolunun üzərində yerləşən hər iki ölkədən transkontinental enerji və nəqliyyat dəhlizləri keçir. Həmin dəhlizlər Asiyanı Avropa ilə birləşdirən ən qısa və iqtisadi baxımdan səmərəli marşrutlar hesab olunurlar. Son dövrdə ölkələrimiz arasında və ümumiyyətlə regionda nəqliyyat sahəsində tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində konkret əməli addımlar atılmışdır.
Buna 2016-cı ildə Azərbaycan, Türkiyə və Türkmənistanın nəqliyyat qurumları rəhbərlərinin Aşqabad şəhərində keçirilmiş ilk üçtərəfli görüşü və görüşün nəticələri üzrə imzalanmış birgə bəyanatı, 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsini, eləcə də 2017-ci ilin noyabrında Aşqabadda imzalanmış Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat və ticarət dəhlizinin işə düşməsini nəzərdə tutan “Tranzit və Nəqliyyat üzrə Əməkdaşlıq Sazişini” və ya Lapis Lazuli Marşrutu Sazişini misal göstərmək olar. Hazırda Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniya marşrutunun reallaşdırılması istiqamətində danışıqlar davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin rəsmi səfəri zamanı imzalanmış sənədlər nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılmasını, Azərbaycan və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsini nəzərdə tutur. Bu isə yalnız iki ölkənin deyil, bu marşrutu istifadə edən bütün ölkələrin daşıyıcılarının viza məsələlərinin həlli deməkdir.
Bununla yanaşı, 2018-ci ilin may ayında Ələtdə və Türkmənbaşıda müasir beynəlxalq dəniz limanlarının istifadəyə verilməsi və digər infrastruktur layihələri Şərq-Qərb istiqamətində yük daşımalarının əhəmiyyətli bir hissəsinin Orta Dəhlizin əsas hissələri olan Azərbaycan və Türkmənistan vasitəsilə daşınmasına şərait yaradacaqdır.
- Bakı-Tbilisi-Qars dəmir yolu xətti Türkmənistan üçün nə dərəcədə önəmlidir?
- Azərbaycan Prezidentinin təşəbbüsü və siyasi iradəsinin məhsulu olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ümumilikdə Avrasiya qitəsi üçün önəmli bir layihədir. Əlbəttə, Asiyanın mərkəzində yerləşən, Azərbaycanın qonşusu və dostu olan Türkmənistan da bu layihəni imkanlarından geniş istifadə edə bilər. Təsadüfi deyil ki, keçən ilin oktyabr ayında layihənin açılış tədbirində Türkmənistanın dəmir yolları naziri də iştirak etmişdir. Bu xətt Türkmənistana minimum xərclə öz mallarını Avropa bazarlarına çıxarmağa, Avropa bazarlarından idxal olunan malları ölkəyə gətirməyə, eləcə də digər ölkə mallarının tranzitindən gəlir əldə etməyə imkan verəcək. Xüsusilə qeyd etmək istərdim ki, bu layihə üzrə hərəkət edən yüklərin Xəzər dənizini keçərkən vaqonlardan endirilib-mindirilməsinə ehtiyac olmur. Belə ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xüsusi gəmi-bərələri qatarları Ələt limanından Türkmənbaşı limanına və geriyə yüklü və ya boş şəkildə keçirmək imkanına malikdirlər. Bu da vaxt və xərclərin qənaətinə, marşrutun səmərəliliyinə birbaşa təsir edir.
- “Lapis Lazuli Marşrutu”na Azərbaycanın qoşulmasından nə gözləmək olar?
- Azərbaycan “Lapis Lazuli Marşrutu”na qoşulmuş yox, bu layihənin yaranmasında bilavasitə iştirak etmiş ölkədir. Eyni zamanda, vurğulamaq lazımdır ki, ölkəmiz bu layihənin önəmli və əvəzsiz həlqəsini təşkil edir. Burada iştirak etməklə ölkəmiz öz tranzit imkanlarını və rəqabət üstünlüklərini daha da artıracaqdır. Əslində bu layihəni Azərbaycanın iştirakçısı olduğu TRASECA – Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin bir hissəsi də hesab etmək olar. Üstəlik burada Əfqanıstan da iştirak edir. Qeyd olunan layihə həm də Türkmənistan mallarının Avropa, Azərbaycan mallarının isə Asiya bazarlarına daha rahat çıxmasına şərait yaradacaqdır. Yeri gəlmişkən, ölkəmiz bu günlərdə “Lapis Lazuli Marşrutu Sazişi”ni ratifikasiya etmişdir və eyni zamanda bu marşrut üzrə Əfqanıstandan olan yük avtomobillərindən ibarət ilk karvan yola düşmüşdür. Səfirlik olaraq həm bu, həm də digər marşrut üzrə yük daşıyıcılarının viza məsələlərinin qısa zamanda həll edilməsi üçün xüsusi yanaşma tətbiq edilməkdədir.
- İki ölkə arasında dəniz ticarət gəmiçiliyi sahəsində münasibətlər haqda nə deyə bilərsiniz?
- Ölkələrimiz arasında nəqliyyat və ticarət sahəsində əlaqələr, demək olar ki, bütün təmaslar Xəzər dənizi üzərindən qurulduğundan, qeyd etdiyiniz sahə ikitərəfli əməkdaşlığın vacib istiqaməti kimi səciyyələndirilir. Dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi son illər ərzində tərəflər arasında aparılmış müzakirələrin əsas xəttini təşkil etmiş, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı bu sahəyə xüsusi diqqət ayrılmışdır. Təsadüfü deyil ki, Azərbaycan Respublikası Prezidentinin Türkmənistana rəsmi səfəri çərçivəsində imzalanmış sənədlərin əksəriyyəti dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlığın inkişafına xidmət edəcəkdir. Vurğulamaq istərdim ki, bu məqsədə nail olmaq üçün hər cür şərait, zəruri infrastruktur artıq mövcuddur. Bura, yuxarıda qeyd olunduğu kimi, Ələtdə və Türkmənbaşıda keçən ilin may ayında istifadəyə verilmiş yeni beynəlxalq dəniz limanlarını, tərəflərin malik olduqları müxtəlif təyinatlı müasir gəmi və bərələri, habelə daşınma prosedurlarının sadələşdirilməsini aid etmək olar. Həmçinin nəzərə alsaq ki, dəniz ticarət gəmiçiliyi yalnız Azərbaycanı və Türkmənistanı deyil, ölkələrimizin əlverişli coğrafi mövqeləri səbəbindən digər ölkələri də əhatə edəcəkdir, bu sahənin perspektivliyi qətidir.
- Azərbaycanla Türkmənistan arasında dostluq əlaqələrinin Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycanla Türkmənistan arasında dostluq əlaqələri Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu üçün birbaşa əhəmiyyət daşıyır. Belə ki, Mərkəzi Asiyanı Qafqazla birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə Türkmənistandan və Azərbaycandan keçir. Beləliklə, bu ölkələr arasındakı dostluq münasibətləri sözügedən marşrutu istifadə edən region ölkələrinin yüklərinin rahatlıqla dünya bazarına ixrac edilməsinə, eləcə idxal mallarının ən qısa müddətdə və ən ucuz yolla daşınmasına imkan yaradır. Bu isə ölkələrin iqtisadiyyatına və əhalinin rifahına birbaşa təsir edən amil kimi özünü göstərir. İki ölkə arasındakı dostluq münasibətləri eləcə də bütövlükdə Xəzər hövzəsində dostluq, qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə öz töhfəsini verir.
- Türkmənistan və Azərbaycan qlobal və regional təhlükəsizliyin təmin edilməsi, iri enerji və nəqliyyat layihələrinin reallaşdırılması kimi sahələrdə əməkdaşlıq edir. Bu barədə fikriniz...
- Məlumdur ki, müasir dünyada sabitlik və təhlükəsizlik təmin olunmadan hər hansı inkişafdan, iqtisadi əməkdaşlıqdan danışmaq olmaz. Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin sabit və etibarlı mahiyyəti regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsində əsas faktorlardan biridir.
Bu məsələ, dövlət başçılarının birgə bəyanatında da öz əksini tapmış, tərəflər beynəlxalq terrorizm, ekstremizm, qeyri-qanuni miqrasiya, narkotik vasitələrin və ya psixotrop maddələrin qeyri-qanuni dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq təhlükəsizliyin digər çağırış və təhdidləri ilə həm ikitərəfli səviyyədə, həm də beynəlxalq strukturlar çərçivəsində mübarizədə əməkdaşlığın bundan sonra da inkişafının zəruriliyini qeyd etmişlər.
İri enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi sahəsində əməkdaşlığa gəldikdə isə, ölkələrimizin tutduqları coğrafi mövqe və malik olduqları zəngin karbohidrogen yataqları bu prosesi zəruri və qaçılmaz etmişdir. Dediyim kimi, son illərdə baş tutmuş ali səfərlər, aidiyyəti qurumlar arasında keçirilmiş çoxsaylı görüşlər və əldə olunmuş razılaşmalar yaxın gələcəkdə bu istiqamətdə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün güclü zəmin yaratmışdır.
- Qarşıda iki ölkə arasında hansı planlar durur?
- Qarşıda duran planlar məlumdur: dövlət başçılarının səfərləri zamanı əldə olunmuş razılaşmaların, imzalanmış sənədlərin icrası və Azərbaycan ilə Türkmənistan dövlətləri və xalqları arasında əlaqələrin, əməkdaşlığın yeni mərhələlərinin, üfüqlərinin müəyyən edilməsi. Hesab edirəm ki, bu istiqamətdə görülməli çox işlər var. İlk növbədə əməkdaşlığı ölkələrimizin potensialına cavab verəcək səviyyəyə çatdırmaq, daha sonra isə ölkələrimizin yerləşdikləri Qafqaz və Mərkəzi Asiya regionlarının, nəhayət Avropa və Asiya qitələrinin nəqliyyat mərkəzinə çevirmək hədəflərinə nail olmalıyıq. Bizim ölkələrimiz arasındakı əməkdaşlıq yalnız iqtisadi rifaha, təhlükəsizliyə və mədəni inkişafa xidmət edir.
- Azərbaycanda Türkmənistan və Türkmənistanda Azərbaycan ticarət evinin açılması haqda nə deyə bilərsiniz?
- Hazırda, ticarət, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Məlum olduğu kimi, dünyada sadalanan sahələrdə əlaqələrin inkişafı üçün ticarət evlərinin açılması təcrübəsi mövcuddur və son illərdə Azərbaycan da bu müsbət təcrübədən yararlanaraq müxtəlif ölkələrdə özünün ticarət evlərini açmaqdadır. Bu mənada, Türkmənistanda da ticarət evinin açılması ticarət sahəsində əməkdaşlığın artmasına töhfə vermiş olar. Hesab edirəm ki, Türkmənistan da Azərbaycanda özünün ticarət evini açmaqda maraqlıdır. Bununla bağlı müddəa Azərbaycan Prezidentinin Türkmənistana rəsmi səfəri çərçivəsində imzalanmış anlaşma memorandumunda öz əksini tapmışdır. Beləliklə, qarşılıqlı olaraq ticarət evlərinin açılmasına hər iki tərəf müsbət yanaşır, bunun ticarət dövriyyəsinin artmasına xidmət edəcəyinə inanır və yaxın gələcəkdə bu istiqamətdə də konkret addımların atılacağının şahidi olacağıq.