Elşən Mustafayev: “Belə atmosfer birbaşa Ermənistan hakimiyyəti tərəfindən yaradılır”
Ermənistanın Gümrü şəhərində rus hərbçilərinə qarşı piket təşkil olunub. Aksiyanın təşkilatçıları iddia edirlər ki, onların etirazları Rusiyanın Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasının əsgərlərinin törətdikləri cinayətlərə qarşıdır.
Erməni KİV-lərinin yaydığı məlumata görə, 102-ci hərbi bazanın qarşısında keçirilmiş piket 2015-ci il yanvarın 12-də bir erməni ailəsinin yeddi üzvünün qətlə yetirilməsinin ildönümündə təşkil olunub.
Piket iştirakçılarının Ermənistan hökuməti, Rusiyanın Ermənistandakı səfirliyi və hərbi bazanın komandirinə ünvanlanmış müraciətində deyilir ki, 1999-cu ildən bəri rus hərbçilərinin törətdikləri cinayətlər nəticəsində Ermənistanın 12 vətəndaşı ölüb, 14 nəfər yaralanıb.
Ermənistanda baş qaldıran növbəti anti-Rusiya dalğası nə ilə bağlıdır?
Politoloq Elşən Mustafayev qəzetimizə bildirdi ki, əvvəlcə ermənilərin niyə məhz 102-ci bazanın önünə yığışmasının səbəbini aydınlaşdırmaq lazımdır: “Onlar 7 nəfərlik erməni ailəsini qətl edən rus hərbçisinin törətdiyi cinayətin ildönümünə görə bu vaxtı və həmin yeri seçiblər. İki il əvvəl, məhz yanvar ayında Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov hərbi hissədən fərarilik edərək Gümrü şəhərində bir ailədən 7 nəfəri qətlə yetirdi. Həmin hadisənin ilk günlərində etiraz aksiyası keçirildi və tez bir zamanda səngidi. Qətliamla bağlı ən çox müzakirə edilən məsələ Permyakovun hansı ölkənin qanunları ilə mühakimə edilməsi oldu. Rusiya öz konstitusiyasına əsaslanaraq, Permyakovu öz qanunları ilə mühakimə etdi. Ermənistan isə bunun əksini istəyirdi. Permyakovun Ermənistan qanunları ilə mühakimə olunmasına çalışırdı. Bunları xatırlatmaqda məqsədim budur ki, heç həmin vaxt Ermənistandakı ictimai rəy yaranmış vəziyyətə ciddi etiraz etmədi. Belə olan halda, son vaxtlar Ermənistanda anti-Rusiya aksiyalarının tez-tez keçirilməsi sual doğurur. Bu, iki ölkə arasındakı münasibətlərin gərginliyindən xəbər verir. Belə atmosfer birbaşa Ermənistan hakimiyyəti tərəfindən yaradılır. 102-ci bazada baş verən həmin hadisədən sonra sabiq ölkə rəhbəri Serj Sarkisyan düz bir həftə qətliamla bağlı susmağa üstünlük vermişdi. Çünki onlar dərk edirdilər ki, siyasi olaraq Ermənistan hökuməti Rusiya ilə münasibətləri qorumağa məhkumdur. Hazırda Paşinyan hakimiyyəti də bunu dərk edir. Ancaq belə kiçik hadisələrə siyasi etiraz donu geyindirməklə Rusiyaya pressinq etdiyini düşünür. Ermənistanla Rusiya arasındakı gərginliyin aydın göstəricisi olan bu mənzərə Moskva üçün hər hansı bir təhlükə törətmir”.
Məhəmmədəli QƏRİBLİ