Həbsdə olan bloger Mehman Hüseynov KİV nümayəndələrinə müraciət edib. M.Hüseynovun əl yazısı ilə yazdığı və imzaladığı müraciətin fotosu və mətni yayılıb. Müraciətdə deyilir:
“Artıq 22 aydır ki, həbsdə cəza çəkirəm. Və cəza çəkdiyim müddət ərzində çalışmışam ki, hərəkətlərim və davranışlarımla heç kəsin xətrinə dəyəcək bir şeylər etməyim. İndiki müraciətimin kimlərinsə əhvalını pozmasını istəməzdim. Bu yaxınlarda yaxınlarımdan mənə daxil olan məlumata görə, gecə saatlarında sosial şəbəkə istifadəçilərindən bir nəfər mənim vəziyyətimin kritik hala düşdüyünü və Müalicə Müəssisəsinə təcili aparılmağımla bağlı həqiqətə uyğun olmayan status paylaşmışdı. Bu məlumat mənim atamın və yaxınlarımın ciddi narahatlığına səbəb olmuşdur. Hesab edirəm ki, hər kəs həm etdiyi hərəkət, həm yazdığı yazının məsuliyyətini özü daşımalıdır. Lakin insanların hissiyyatı hər zaman nəzərə alınmalıdır.
Bir məsələni də qeyd etmək istərdim ki, mən də nə doğma qardaşım Emin, nə məni istəyən və yaxud istəməyən insanların elədiklərinə görə məsuliyyət daşımıram. Məni istəyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, ayaqdayam, qida qəbul edirəm, aclıq aksiyasından sonra bərpa olunuram. Barəmdə aparılan cinayət işinin ədalətli olacağını gözləyirəm. Əvvəlcədən sizə mənim müraciətimi yaydığınıza görə öz minnətdarlığımı bildirirəm”.
Çox maraqlıdır ki, M.Hüseynovun öz xətti ilə yazdığı və imza atdığı məktuba da şübhəli yanaşanlar var. M.Hüseynovun atası R.Hüseynov oğlunun heç bir məktub yazmadığını və aclığı dayandırmadığını deyib. Bloqçunun atası oğlu ilə görüşmədiyini deyir və yayılan məktubu şübhəli hesab edir. Göründüyü kimi, M.Hüseynovun atası oğlu ilə görüşmədiyi halda, onun məktub yazmadığını iddia edir. Halbuki, sosial şəbəkələrdə yayılan həmin məktubun sürətindən açıq görünür ki, əlyazma ilə yazılıb və imza atılıb. Qeyd edək ki, M.Hüseynovun sağlıq durumunun normal olması və aclıq etmədiyi barədə onunla həbsxanada görüşən bir neçə diplomat da rəy bildirib. Ən maraqlısı isə budur ki, M.Hüseynovun xaricdə yaşayan Emin adlı qardaşı yenidən dezinformasiya yaymaqla məşğuldur. İndi də deyir ki, qardaşı etiraz əlaməti olaraq yarım çörək yeyir, əvvəl isə bir bütöv çörək yeyirmiş. Qeyd edək ki, bundan əvvəl Emin Hüseynov qardaşının yoqurt və qatıq yediyini bildirərək, aclığı “davam” etdirdiyini deyirdi. Artıq Mehmanın aclıq etməsi ətrafında yaradılan ajiotaj etirazdan daha çox komediyaya çevrildi. Özü də bunu Mehmanın qardaşı, vəkili və ümumiyyətlə, bu "aksiyanı" təşkil etməyə cəhd göstərənlər etdilər. Fikir verin, Mehmanın vəkili bəyan edir ki, M.Hüseynov aclıq aksiyasını davam etdirir, sadəcə, süd məhsullarından istifadə edir. Belə aclıq aksiyası olmur axı. Bunun adı dietadır, aclıq aksiyası deyil. Qardaşı isə deyir ki, Mehman gündə 1 çörək yeyirdi, indi yarım çörək yeyir. Bununla da iddia edir ki, Mehmanın gündə bir çörək yeməməsi "aclıq aksiyası" imiş. Azərbaycanda nə qədər insan var ki, dieta səbəbindən, ümumiyyətlə, çörək yemir. İndi onların hamısı aclıq aksiyası keçirir? Aydın görünür bəzi radikal dairələr bir gənci növbəti qurbana çevirib, xərcləməklə öz istəklərinə nail olmaq istəyirlər. Amma deyəsən bu dəfə alınmadı. Onlar hətta şəxsin öz əli ilə yazılmış məktuba inanmamaq, həbsdə olan şəxslə canlı təmasda olan diplomatların dediklərini şübhə altına salmaq kimi gülməli mövqe də ortaya qoyurlar ki, proses səngiməsin. Amma həmin arqumentlər təqdim olunan mötəbər dəlillərin qarşısında aciz olur.
Məhəmmədəli QƏRİBLİ