Məhəmməd Əsədullazadə: “Hesab edirəm ki, bundan sonrakı illərdə də ölkədə real iqtisadi islahatlar mümkün deyil”
Ermənistanın baş naziri Nikol Paşinyan Yeni il bayramı tətilindən sonra erməni sahibkarlarla görüşüb və onları ölkə iqtisadiyyatına daha fəal yatırım qoymağa çağırıb. Bu haqda Paşinyanın arvadının redaktoru olduğu “Aykakan Jamanax” qəzeti məlumat yayıb.
Sözügedən məlumatda bildirilir ki, Paşinyan görüşdə sahibkarları yaşadıqları ölkələrdən başqa biznesmenləri də Ermənistana yatırım qoymaq üçün təşviq etməyə çağırıb. Bununla yanaşı, o, iqtisadi sahədə arzuedilən fəallığın olmamasını etiraf edib.
“Paşinyan şikayətlənib ki, Ermənistanda baş vermiş siyasi dəyişikliklərə baxmayaraq, ölkənin iqtisadi həyatında fəallıq çox aşağıdır, hərçənd gözləntilər çox idi” - qəzet yazır.
O da məlumdur ki, bütün beynəlxalq maliyyə qurumlarının hesabatlarına əsasən, Ermənistanda investisiyaların yatırılması üçün ən başlıca əngəllərdən biri Azərbaycanla olan həll edilməmiş münaqişə və Türkiyə ilə sərhədlərin bağlı olmasıdır. Bu əngəllər aradan qalxmadan istənilən “məxməri inqilab” Ermənistanı xarici investisiyalar üçün cəlbedici ölkəyə çevirə bilməz. Ancaq təəssüf ki, Ermənistan bu istiqamətdə səylərini artırmır. Bununla belə, Paşinyanın açıqlamasından belə məlum olur ki, beynəlxalq maliyyə qurumları Ermənistana kredit ayırmaqda həvəsli deyillər. Baxmayaraq ki, Paşinyanın bununla bağlı gözləntiləri böyük idi. Bununla bağlı ictimaiyyətə bir sıra ümidlər də vermişdi. Ancaq bunların heç biri özünü doğrultmadı. Paşinyanın məlum açıqlaması həm də gözlənilən ümidlərin özünü doğrultmamasının dolayı etirafıdır.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu, ölkədəki ağır iqtisadi vəziyyətdən xəbər verir: “Ermənistanda inqilabdan səkkiz ay ötməsinə baxmayaraq, bu o deməkdir ki, Nikol Paşinyan bu müddət ərzində müəyyən qədər iqtisadi islahatlara getməli idi. Ancaq Ermənistanın real ağır iqtisadi vəziyyəti onun hər hansı islahatlar aparmasının qarşısında əsas problemdir. Qeyd edim ki, bu ölkənin iqtisadi infrastrukturu Rusiyanın nəzarətindədir. Paşinyan istəsə də, borc qarşılığında Rusiyanın nəzarətinə keçən iqtisadi burulğandan çıxmayacaq. Səkkiz ay müddəti islahatlar üçün uyğun vaxt idi. Göründüyü kimi, beynəlxalq maliyyə qurumları, erməni lobbisi qeyri-müəyyən siyasət aparan Paşinyana etibar etmirlər. Hesab edirəm ki, bundan sonrakı illərdə də ölkədə real iqtisadi islahatlar mümkün deyil. Bu da inqilab eyforiyasında olan ermənilər üçün soyuq duş olacaq. Qeyd edim ki, inqilab sosial problemlərdən dolayı baş verib. Bu problemlər həll olunmasa, ermənilər yenidən etiraz aksiyalarına qalxacaqlar. Artıq Paşinyan da iqtisadi islahatların səmərə vermədiyini qeyd edir. Çünki yaxşı bilir ki, işğalçı və blokada şəraitində olan bir ölkənin iqtisadi inkişafı mümkün deyil. Bu günə kimi Ermənistanda hərbi rejim hakimiyyətdə olub. Ölkənin bütün iqtisadi sferası Rusiyanın tabeliyinə keçib. Belə olan təqdirdə, Paşinyanın iqtisadiyyatı dirçəltmək planı mümkün olmayacaq. Bu ölkənin iqtisadi inkişafı, ilk növbədə, Ermənistanın işğalçılıq siyasətinə son qoymasından keçir”.
Vidadi ORDAHALLI