Aydın Mirzəzadə: “Bu fakt bir daha göstərir ki, Azərbaycanda demokratik hüquqlar qorunur”
Məlum olduğu kimi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının təcridxanada Mehman Hüseynovla görüşü təşkil olunub.
Görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar yerində M.Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar. Bir daha şahidi olublar ki, M.Hüseynovun səhhəti normaldır, saxlanma şəraiti ilə bağlı hər hansı şikayəti yoxdur, vəkili və atası ilə sərbəst görüşə bilir. Bildirilir ki, Avropa İttifaqına üzv ölkələrin diplomatları yaradılmış şəraitdən çox məmnun qalıblar və bu görüşün təşkilinə və nümayiş etdirilən şəffaflığa görə Azərbaycan Respublikasının hökumətinə təşəkkürlərini ifadə ediblər.
M.Hüseynovun vəziyyətindən istifadə edib məsələni siyasiləşdirmək cəhdləri az olmayıb. Bu işlə daxildəki radikal qüvvələrlə yanaşı, onların xarici dövlətlərdə olan havadarları da məşğul olublar. Ortaya ciddi dəlillərin qoyulmasına baxmayaraq, M.Hüseynovun ətrafında aclıq aksiyası şousunun davam etdirilməsinə cəhdlər olunub. Ancaq bir sıra xarici ölkə diplomatlarının onunla həbsxanada görüşməsi ilə anti-Azərbaycan qüvvələrin M.Hüseynovun adından istifadə edərək yalan təbliğatına və bu halı saxta şəkildə dramatikləşdirmək cəhdlərinə tutarlı zərbə vurulmuş olub.
Milli Məclisin deputatı Aydın Mirzəzadə hesab edir ki, bir sıra Avropa İttifaqı ölkələri diplomatlarının təcridxanada M.Hüseynovla görüşməsi bəzi dairlərin yalan təbliğatına ciddi zərbə oldu: "Azərbaycan demokratik, şəffaf və açıq ölkədir. Burada qanunun icazə verdiyi bütün addımları atmaq olar. Avropanın müəyyən dairələri M.Hüseynov məsələsini şişirdərək, siyasi hadisəyə çevirmək istəyirdilər. Avropa İttifaqına daxil olan bəzi ölkələrin diplomatlarının M.Hüseynovu ziyarət etməsi, fikrimcə, bu məsələdə anti-Azərbaycan qüvvələrinin bütün arqumentlərini əlindən alacaq. M.Hüseynovun sağlamlığının normal olduğu, qida rasionu, hüquqlarının qorunduğu və istintaqın obyektiv aparılması barəsində diplomatlar birinci əldən geniş informasiya ala biliblər. Bu fakt bir daha göstərir ki, Azərbaycanda demokratik hüquqlar qorunur. Azərbaycan istənilən məhkumun vəziyyəti barəsində məlumat verməyə hazırdır”.
A.Mirzəzadə əlavə edib ki, xarici diplomatların təcridxanaya səfər edərkən digər saxlanan şəxslərin də saxlanma şəraiti və hüquqlarının qorunması ilə maraqlanmalarını arzu edir:
“Eləcə də Azərbaycan Penitensiar Xidmətinin dünya tələblərinə nə dərəcədə cavab verib-verməməsi ilə bağlı şəraiti, Azərbaycanda hüquq sisteminin təkmilləşdirilməsi üçün dövlətin son illərdə atdığı addımları qiymətləndirmələri maraqlı olardı. Fikrimcə, səfər birtərəfli olmamalı, xarici diplomatlar bu məsələlərə də qiymət verməlidirlər. Bu onların obyektiv mövqe ifadə etməsi baxımından əsaslı olardı”.
Məhəmmədəli QƏRİBLİ