Fazil Mustafa: “Bu hal başqa ölkə ilə bağlı yaşansaydı, həmin istintaq qrupu dərhal yaradılardı”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı bəzi beynəlxalq təşkilatların Ermənistandakı hərbi xunta rejimi ilə işbirliyinə gedib, seçkilərin nəticələrini necə saxtalaşdırdığı barədə ətraflı məlumat verdi.
Prezident İlham Əliyev bu məsələdə beynəlxalq təşkilatların fəaliyyətini qiymətləndirərkən onların fəaliyyətini haqlı olaraq tənqid etdi. Bildirdi ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürdü. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axı son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməyib?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Bu fikirlər adıçəkilən təşkilatların yarıtmaz fəaliyyətinə verilən qiymət olmaqla yanaşı, həm də Sarkisyanın həmin qurumlarla əlbir olaraq işlətdiyi seçki saxtakarlığından ibarət cinayətlərin törədilməsini dünyanın diqqətinə çatdırmış olur. Belə olan tədirdə, baş verən həmin cinayətlərlə bağlı araşdırmalar AŞPA, Avropa Parlamenti və başqa qurumlarda hansı mexanizmlər üzrə həyata keçirilə bilər?
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, nümayəndə heyəti bu istiqamətdə səylər göstərəcək: “Biz bunu AŞPA-da diqqətə çatdıracağıq. Hesab edirəm ki, məsələ olduqca ciddidir. Çünki ölkə rəhbəri çox dəqiq məqamlara toxunub. Qısa müddət keçəndən sonra Ermənistan hakimiyyətində yaranan mövcud durum özü-özünü ifşaya bənzəyir. Məsələyə necə münasibətin bəslənəcəyi bizim səylərimizdən çox asılı olacaq. Çalışmalıyıq ki, Prezidentin dilə gətirdiyi məqamları dolğun şəkildə müxtəlif platformalarda yayaq, bununla bağlı izahat və məsələnin araşdırılmasını tələb edək. Bunu yaxşı şəkildə edə bilsək, həmin araşdırmaların aparılması mümkün olacaq”.
Fazil Mustafa bildirdi ki, həmin qurumlar səviyyəsində Ermənistandakı saxtakarlığı araşdırmaq üçün istintaq qrupu da yaradıla bilər: “Əminəm ki, bu hal başqa ölkə ilə bağlı yaşansaydı, həmin istintaq qrupu dərhal yaradılardı. Ermənistanla bağlı isə bu bir qədər çətin olacaq. Çünki Ermənistan dünya ailəsinin ərköyün uşağıdır. Özü də bu “uşaq” süni mayalanma nəticəsində dünyaya gəlib. Ona görə də həmin ölkəni doğuzduranlar onu himayə etməkdə davam edirlər. Həmin dövlət Azərbaycan torpaqları üzərində süni şəkildə qurulub. Ermənistan mövcudluğuna görə məhz həmin qurumlarda dominant mövqeyə sahib olan ölkələrə borcludur. Bir daha qeyd edirəm ki, bu məsələ yalnız AŞPA səviyyəsində deyil, hər platformada gündəmə gətirilməlidir ki, araşdırmaların aparılmasına nail ola bilək”.
Məhəmmədəli QƏRİBLİ