Ermənistanın bölgədə sülhü pozması faktdır. Ermənistan qəsb etdiyi Azərbaycan torpaqlarını hələ də işğaldan azad etmək istəmir. Müxtəlif vasitələrlə sülh danışıqlarından yayınır və danışıqların pozulması üçün müxtəlif üsullara əl atır. Bu da onu göstərir ki, işğalçı dövlət heç bir beynəlxalq hüquq normalarına əhəmiyyət vermir.
Prezident İlham Əliyev dəfələrlə işğalçı rejimin Dağlıq Qarabağ probleminin sülh çərçivəsində həll olunmasına mane olduğunu qeyd edib. Prezident İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş müşavirəsində Ermənistanla bağlı vacib mesajlar verib. Ölkə başçısı qeyd edib ki, Ermənistanın yeganə çıxış yolu Azərbaycanla danışmaqdır. “Mən dəfələrlə bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır” - deyə Prezident İlham Əliyev vurğulayıb.
Siyasi ekspert Arzu Nağıyev baki-xeber.com-a Prezidentin fikirlərinə münasibət bildirərkən qeyd etdi ki, bu olduqca vacib əhəmiyyətli mesajdır. “Düşünürəm ki, Prezident Nazirlər Kabinetində keçirilən iclasda Dağlıq Qarabağ problemi ilə bağlı bir sıra istiqamətlərə toxundu. Məlum məsələdir ki, 2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində bir kuliminasiya nöqtəsi olmalıdır. Çünki son vaxtlar baş verən hadisələr - Paşinyanın komandasında baş verən narazılıqlar, eyni zamanda Rusiya ilə qaz danışıqlarındakı narazılıqlar, bütün bu problemləri nəzərə alaraq əvvəl-axır Ermənistan danışıqlar masasında oturmalıdır.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katib seçiminin Ermənistanın istədiyi kimi həyata keçməməsi də çox vacib məsələ idi. Məhz Azərbaycan Prezidentinin də dediyi məsələlər o idi ki, tam şəkildə iqtisadi, siyasi və hərbi cəhətdən təcrid olunmuş Ermənistanın bir yolu var - nəyin bahasına olursa-olsun danışıqlar masasına əyləşmək.
Prezident qeyd etmək istəyirdi ki, istər milli təhlükəsizlik, istər regional baxımdan, istərsə də qlobal baxımdan tam şəkildə bu məsələ həll olunmalıdır. Çünki ATƏT-in sədri olan Slovakiya rəhbərliyi də dedi ki, 25 ildən artıq təhdid mənbəyi olan bir “yanan ocaq” sönməyib, bu da, həm regiona, həm də dünyaya problem yaradır. Ona görə də, hesab edirəm ki, ermənilər bunu düşünməlidir. Paşinyan bilməlidir ki, mitinqləri idarə etmək hələ dövlət idarə etmək deyil” - deyə A.Nağıyev bildirdi.
İradə SARIYEVA