“Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”. Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Ölkə başçısı bildirib ki, struktur islahatları olacaq: “Bilirsiniz, mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır”.
Prezidentin fikrincə, bizdə idarəetmə sistemi şişir: “Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.
Bütün bu deyilənlərin fonunda Prezidentin sərt mesajlarını təxminən hansı gözlənilən dəyişikliklərin anonsu saymaq olar? Sözügedən məsələni dəyərləndirən ekspert İlqar Hüseynlinin fikrincə, idarəetmə daha da optimallaşdırıla bilər: “Belə ki, ola bilsin bir-birini təkrarlayan, effektiv işləməyən qurumlar ləğv olunsun. Bununla bağlı islahatların dərinləşməsi gözlənir. Belə məlum olur ki, qurumların şişməsinin qarşısı alınacaq. Çünki bu dövlət büdcəsinə əlavə yükdür. Bir sıra səlahiyyətlər “ASAN Xidmət”ə verilə bilər. Hər halda bir sıra yeniliklər gözlənir. İşinin öhdəsindən gələ bilməyənlər vəzifəsindən azad ediləcək. Ona görə də, bəzi məmurlar öz işlərində effektiv dönüş yaratmalıdırlar. Hansı məmur öz işini yerinə yetirə bilmir, onlar kənarlaşdırılacaq. Necə ki, indiyə qədər bu istiqamətdə bir sıra işlər görülüb, bundan sonra da bu sahədə fəaliyyət davam edəcək. İstənilən halda effektiv idarəetmə sisteminin yaradılması ümumi işin xeyrinədir”.
Vidadi ORDAHALLI