Əli Orucov: “Prezidentin bu bəyanatı Azərbaycan Ordusunun, Silahlı Qüvvələrinin gücünün ifadəsidir”
İqtisadi cəhətdən Azərbaycandan çox-çox zəif olan Ermənistan işğalçılıq siyasətindən əl çəkmək istəmir. Lakin bu ölkə bütün sahələrdə özündən qat-qat güclü olan və Cənubi Qafqazda lider dövlət olaraq qəbul edilən Azərbaycan dövləti ilə hesablaşmalıdır.
Məlum olduğu kimi Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş müşavirəsində bəyan edib ki, bu gün Ermənistanın elə bir hədəfi yoxdur ki, onu vura bilməyək: “...Mən bir daha demək istəyirəm, düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə məhv edə bilməyək”.
Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatın yüksək əhəmiyyətə malik olduğunu deyən AMİP yetkilisi, politoloq Əli Orucov baki-xeber.com-a açıqlamasında bildirdi ki, bu gün Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən təcavüzkar dövlətdən qat-qat güclüdür və həqiqətən də Azərbaycanın Silahlı Qüvvələri Ermənistana öz gücünü göstərməyə qadirdir. 2016-cı ildə baş verən aprel döyüşlərində, eləcə də Naxçıvan hadisələrində ordumuzun gücünün bütün dünyaya bir daha məlum olduğunu deyən Ə.Orucov, torpaqlarımızın işğaldan azad edilməsi üçün ordumuzun Ali Baş Komandanın əmrini gözlədiyini dedi. “Prezidentin bu bəyanatı Azərbaycan Ordusunun, Silahlı Qüvvələrinin gücünün ifadəsidir. Bilirik ki, Azərbaycan Ordusu istər döyüş qabiliyyətinə, istərsə də, ən müasir silahlarla təchiz edildiyinə görə xeyli irəliləyib. Belə deyək, təkcə regionun deyil, dünyanın güclü ordularından birinə çevrilib və bu da imkan verir ki, ordumuz istənilən tapşırığı çox yüksək səviyyədə yerinə yetirsin. Biz ordumuzun gücünü aprel döyüşlərində gördük. Ona görə də, Prezidentin fikirlərində böyük həqiqət var. Biz sadəcə olaraq, işğal altında olan torpaqlarımızın Ermənistanın təcavüzündən azad edilməsi üçün Milli Ordumuza Ali Baş Komandan tərəfindən veriləcək əmri gözləyirik. Bilirsiz ki, bu əməliyyatların həyata keçirilməsi üçün Ali Baş Komandan əmr verməlidir. Bu əmr kifayət edəcək ki, qısa müddət ərzində ordumuz işğal altında olan torpaqlarımızı azad etsin” - deyə bildirən Ə.Orucov qeyd etdi ki, Azərbaycan iqtisadiyyatının günü gündən güclənməsi ordumuzun inkişafına, daha müasir silahlarla təchiz edilməsinə imkan verir. Ermənistanın iqtisadi tənəzzül yaşadığını vurğulayan Ə.Orucovun sözlərinə görə, bu baxımdan, bu dövlətin ordusu da zəifdir. “İqtisadi cəhətdən çox zəif olan bir ölkənin ordusunun ən müasir silahlarla təchizatı da mümkün deyil. Təkcə bu silahları almaq əsas deyil, həm də onların işlədilməsi, tətbiqi və saxlanılması, döyüş qabiliyyəti məsələsi də var. Bunlar hamısı maliyyəyə, dövlətin iqtisadi gücünə bağlı məsələlərdir. Bu baxımdan, Prezidentin səsləndirdiyi bəyanat həm də Ermənistan hakimiyyətinə bir mesajdır. Yəni doğrudan da, bizim ordumuz, malik olduğumuz silahlar istənilən tapşırığı yerinə yetirmək qabiliyyətindədir. Bu həm işğalçı dövlətə, həm də onun havadarlarına bir mesajdır ki, Azərbaycan dövləti və Azərbaycan Ordusu bir neçə il əvvəlki deyil, istənilən hədəfləri vurmağa qadir olan silahlara malikik. Biz regionda sülhün və təhlükəsizliyin tərəfdarıyıq, ancaq zərurət yaranacaqsa bu addım da atılacaq” - deyə Ə.Orucov bildirdi.
İradə SARIYEVA