Həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də ölkənin hərtərəfli inkişafına nail olmaqdır. Bu məqsədlə regionların sosial-iqtisadi inkişafının təmin olunması üçün dövlət proqramı qəbul olunub. Həmçinin, regionların sosial-iqtisadi inkişafı ilə tanış olmaq üçün Prezident İlham Əliyev mütəmadi olaraq bölgələrə səfər edir.
Ötən il ölkə başçısı bölgələrə 24 dəfə səfər edib. Prezident İlham Əliyev bu barədə yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Prezidentin ötən il bölgələrə 24 dəfə səfər etməsinin əhəmiyyəti barədə danışan “Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli baki-xeber.com-a açıqlamasında qeyd etdi ki, ötən il Azərbaycanın sosial-iqtisadi və siyasi həyatı üçün kifayət qədər uğurlarla yadda qalıb: “Azərbaycanda hərtərəfli dinamik inkişaf müşahidə olunub, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramı uğurla reallaşdırılıb. Ölkə Prezidenti dövr ərzində 24 dəfə regionlara səfər həyata keçirib, bölgələrdə ictimai-siyasi vəziyyət, sosial həyat, o cümlədən, abadlıq-quruculuq işləri ilə tanış olub, bir çox sosial-iqtisadi obyektlərin açılışında iştirak edib. Hər dəfə regionlara səfərindən sonra dövlət başçısı əhalinin rifah halının yaxşılaşdırılması, məşğulluğun təmin olunması və digər mühüm istiqamətlərdə proseslərin davam etdirilməsi üçün əlavə vəsaitlərin ayrılmasına dair sərəncamlar imzalayır. Bu da bölgələrdə yeni-yeni sosial-iqtisadi layihələrin uğurla icrasını şərtləndirir”.
F.Hacıbəyli bildirdi ki, dövlət başçısı bölgələrin sosial-iqtisadi inkişafına xüsusi əhəmiyyət verir. Bu məqsədlə regionlara tez-tez səfərlərə çıxmaqla yeni müəssisələrin açılışında və təməlqoyma mərasimlərində iştirak edir, hər rayonda mövcud problemin yerində həlli üçün sərəncamlar verir.
Günel CƏLİLOVA