Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistana qarşı yürüdülən təcrid siyasətindən danışıb:
“Keçən il Ermənistanda böyük dəyişikliklər baş verdi. İyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıbdır. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı”.
Bu aşkar təzyiqin hansı nəticələri olub və Dağlıq Qarabağ probleminin həlli üçün hansı imkanları yaradıb? Göründüyü kimi, ölkə başçısı bu siyasətin Azərbaycan tərəfindən yürüdüldüyünü gizlətmir və bunun davam etdiriləcəyini qeyd edir. Ermənistanın yürütdüyü yalnış siyasət nəticəsində belə acınacaqlı vəziyyətə düşməsini həmin ölkənin öz siyasiləri də etiraf etmək zorundadırlar. Milli Konqres Partiyasının sədri Aram Manukyan ölkə rəhbərliyinin yürütdüyü siyasətin Ermənistanı uçuruma yuvarladığını dilə gətirərək, Azərbaycanın uğurlarını etiraf etmək zorunda qalıb. Aram Manukyan da Ermənistanın belə təcrid vəziyyətə düşməsinin əsas səbəbini işğalçılıq siyasətinin davam etdirilməsində və Qarabağ münaqişəsinin həll olunmamasında görür. O bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkə siyasi və iqtisadi tənəzüllünü yaşamaqdadır: “Qarabağ münaqişəsinə görə, bölgədəki bütün regional və beynəlxalq layihələr hesab edilən - nəqliyyat, enerji, dəmiryol, qaz və digərləri Ermənistandan yan keçməklə reallaşır. Biz təkcə siyasi blokadada deyil, eyni zamanda iqtisadi cəhətdən blokadadayıq. Yollarımız hər tərəfdən bağlanıb, heç bir regional layihədə iştirak etmirik. Onlar üçün gözə görünməzik, sanki biz heç Qafqazda yaşamırıq”.
Görünən budur ki, Azərbaycanın işğalçı Ermənistanı təcrid etməsi və bu xüsusda düşmən ölkədə yaranan problemlərin miqyasının davamlı şəkildə genişlənməsi Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından tamam yeni bir vəziyyət yaradır. Aydın şəkildə hiss edilir ki, Ermənistan işğalçılıq siyasətini davam etdirdikcə Azərbaycan onu təcrid etmək siyasətini daha da gücləndirəcək. Elə bu da Ermənistanın Qarabağ siyasətinin nəticəsizliyini aydın nümayiş etdirir. Artıq bu gedişlə İrəvanın status-kvonun qorunmasına yönəlmiş siyasətini davam etdirməsi də mümkün deyil. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Qarabağ münaqişəsinin mövcudluğu və sərhədlərin bağlı olması Ermənistanın xaricdən asılılığını artırır, iqtisadiyyatını boğaraq onu inkişafdan məhrum edir. Bu kontekstdə isə Azərbaycan bütün regional layihələrin əsas müəllifinə çevrilib. Belə vəziyyətdə daha da güclənən Azərbaycan ərazilərinin işğalda qalmasının mümkünsüz olduğunu açıq bəyan edir və İrəvanı təcavüz siyasətindən əl çəkməyə çağırır. Bu siyasətin nəticəni biz kriminal xunta rejiminin devrilməsində gördük. Paşinyan məhz xalqın bu tələbləri fonunda hakimiyyəti ələ ala bildi. Ancaq o bilməlidir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaya konstruktiv mövqe qoymayana qədər, Ermənistan iqtisadi problemlər məngənəsində boğulmağa məhkumdur. Bu da xalqın yeni hakimiyyətə qarşı da ayağa qalxacağını deməyə əsas verir. Bütün bunların təhlili göstərir ki, Azərbaycanın təcrid siyasəti öz bəhrəsini verməkdədir.
Məhəmmədəli QƏRİBLİ