Rusiya və Ermənistan arasında son münasibətlərin təhlili cari il ərzində də tərəflər arasında gərgin münasibətin hökm sürəcəyini göstərir. Ermənistan üçün verilən rus qazının qiymətinin bu ilin əvvəlindən artması da qeyd edilənlərin təsdiqi sayılır.
Ermənistanın baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüş və danışıqlarında etdiyi bütün cəhdlərə rəğmən, Kremli qiymət məsələsində mövqeyindən döndərə bilməyib. Qeyd edək ki, 31 dekabr 2018-ci ilə qədər Ermənistan sərhəddə Rusiyadan qazın min kubmetrini 150 dollara alıb, lakin o, istehlakçılara iki dəfə yüksək qiymətə çatdırılıb. Cari ildən isə Ermənistan Rusiyadan aldığı qazın hər min kubmetrinə 165 dollar ödəyəcək. Amma belə görünür ki, Paşinyanın ölkəsini Rusiyanın orbitindən çıxarmaq cəhdlərinə cavab olaraq Kreml İrəvana təkcə təbii qaz qiyməti ilə bağlı təzyiq göstərməyəcək.
Erməni mediasında yer alan iddialara görə, bu gedişlə İrəvan Moskvadan hərbi müstəvidə də təzyiqlər görəcək. Məsələn, “1in.am” saytı yazır ki, Ermənistanın Rusiyadan silah alması bundan sonra müşkülə çevrilə bilər: “Ölkənin başqa mənbələrdən silah almaq üçün isə pulu yoxdur. Rusiyadan silah alışı dayansa, ordunun hərbi texniki təminatı daha ağır vəziyyətə düşəcək. Əvəzində Rusiyanın Azərbaycana daha müasir silahlar satmasına da şahidlik edəcəyik. Bu isə Qarabağ cəbhəsində daha çox erməni hərbçisinin həyatına son qoyacaq. Rusiya bununla Ermənistana təzyiqlərini artıracaq”.
Düşmən ölkədə əsas narahatlıq bundan ibarətdir ki, Moskvanın yanaşması Dağlıq Qarabağ münaqişəsi ilə ilgili Ermənistanın mövqelərini daha zəif hala gətirəcək. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, Avrasiya millətləri üzrə ekspert Pol Qobl da Kreml üçün İrəvanın əhəmiyyətinin arxa plana keçməsinin Qarabağ münaqişəsinin gedişinə təsir göstərə biləcəyini vurğulayır. Onun sözlərinə görə, Azərbaycan Moskva ilə mülayim yaxınlaşma siyasəti yürüdür və bu siyasət öz nəticələrini verir. O, Moskvanın Azərbaycandan nə isə ala biləcəyini anlayacağı təqdirdə Ermənistanı dərhal satacağını bildirib: “İki fundamental dəyişiklik var ki, situasiyanı dəyişə bilər. Ermənistanda Moskvadan müstəqil olan yeni hökumət formalaşıb. Azərbaycan isə Moskva ilə əlaqələrini daha da dərinləşdirir. Böyük ehtimalla, Paşinyanın hələlik Dağlıq Qarabağ məsələsində müstəqil hərəkət etmək üçün kifayət qədər gücü yoxdur. O, hər şeydən öncə, daxili problemlərə diqqətini yönəldib. O, güclü Qarabağ lobbisinə zidd addımlar atmaq istəmir. Mümkündür ki, situasiya tezliklə dəyişsin. Moskva İrəvanı öz mövqeyindən çəkilməyə, Dağlıq Qarabağ məsələsində güzəştlərə məcbur etsə, Azərbaycanla daha da yaxınlaşa bilər. Mən həmişə əmin olmuşam ki, Moskva Azərbaycandan nə isə əldə edəcəyinə əmin olsa, Ermənistanı sata bilər. Azərbaycan Dağlıq Qarabağın qaytarılmasını həyata keçirsə də yenə bölgədə müstəqil və güclü mövqe sahibi kimi qalmaqda davam edəcək. Ermənistanın isə belə şansı yoxdur”. Ekspert Kremlin Paşinyanı sevmədiyini, amma həm də Qərbin ağuşuna buraxmaq istəmədiyini deyib. Qobl Qarabağ konfliktinin Azərbaycanın xeyrinə həllinin Vaşinqtona sərf etdiyini deyib: “Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll edilsə, bu, ABŞ-a imkan verəcək ki, bölgədə mövqeyini gücləndirsin, İranı daha çox təcrid etsin. Belə ki, Qarabağın həlli Tehranın Qafqaza siyasi təsir imkanlarının yox olması deməkdir. Vaşinqton hazırda Cənubi Qafqaza fokuslanmayıb. Buna baxmayaraq, Tramp administrasiyası İrana qarşı hərəkətə keçməyi qərara alarsa, situasiya bir gecədə dəyişə bilər. Və bu, əlbəttə ki, Bakının xeyrinə olar. Moskva Vaşinqtona qarşı çıxacaq, amma işğal olunmuş ərazilərin ən azı qismən qaytarılmasına mane ola bilməyəcək”. Ekspertin sözlərinə görə, rəsmi Bakı bilir ki, zaman onun xeyrinə işləyir. Belə vəziyyətdə Qarabağ məsələsində acıncaqlı duruma düşməsi qaçılmaz olan İrəvanın bəri başdan müəyyən güzəştlərə getməsi də istisnalıq təşkil etmir. ABŞ-ın Azərbaycanda eks-səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza bunu mümkün sayır. Onun sözlərinə görə, növbədənkənar parlament seçkisində qələbədən sonra Paşinyanın manevrlər üçün meydanı yaranıb: “Paşinyanın Qarabağ probleminin həllində risqli addımlara gedə biləcəyini istisna etmirəm. Mən onunla şəxsən tanış deyiləm və deyə bilmərəm ki, o konkret olaraq hansı addımlar ata bilər. Burada hər şey Paşinyan və Prezident İlham Əliyevin şəxsi əlaqələrinin necə qurulacağından və onların bir-birinə necə güvənəcəklərindən asılıdır. Hələlik nəyisə konkretləşdirmək çətindir. Bilinən əsas məsələ odur ki, Köçəryan və Sarkisyanın Qarabağın separatçıları qarşısında öhdəlikləri var idi, Paşinyanın isə belə öhdəliyi yoxdur və bu münasibətlərdə o daha sərbəstdir”.
Eyni mövqeni rusiyalı analitik, beynəlxalq münasibətlər üzrə ekspert Qriqori Trofimçuk da bölüşür: “Qarabağ ətrafında vəziyyət ilk dəfə uzun müddət ərzində əhəmiyyətli dərəcədə dəyişdi. 2018-ci ildə Ermənistanda və ətrafında baş verən siyasi hadisələri nəzərdə tuturam. Azərbaycan bu strateji şansı dəyərləndirməli, yeni şəraitdə necə davranmalı olduğunu müəyyən etməlidir. Amma bunun həmişə belə davam edəcəyini düşünüb ləngimək olmaz. Bu şanslardan biri, xüsusilə Bakı ilə KTMT arasında əlaqələrə aiddir. Xatırladım ki, sonuncu dəfə Qarabağ və ətrafında olan dəyişiklik 2014-cü il Krım hadisələri ilə əlaqəli idi. Bu, avtomatik olaraq 2014-cü ilin avqust və 2016-cı ilin aprel hadisələrini meydana gətirdi. Nəticə etibarilə Azərbaycan ordusu bəzi torpaqlarını qaytarmağa müvəffəq oldu. Azərbaycan tərəfinin döyüşə hazır olduğunu, hətta döyüşmək istədiyini başa düşürük. 2019-cu ildə Rusiya üçün Qarabağdakı vəziyyəti müharibə fazasına keçirməkdənsə, bu gün olduğu səviyyədə saxlamaq vacibdir. Amma indi bunu etmək daha çətin olacaq, çünki aprel müharibəsindən sonra sülhə deyil, müvəqqəti atəşkəsə nail olundu. Yeni mümkün savaşda isə Ermənistanın daha böyük zərbələr alması mümkündür və bu səbəbdən İrəvanın danışıqlarda güzəştə getməsi onun lehinə olardı”.
Ekspert diqqəti burada ona da yönəldir ki, Rusiya üçün bölgədə Azərbaycanın əhəmiyyəti sürətlə artır və belə vəziyyət Moskvanın Qarabağ məsələsinə yanaşmasında dəyişikliklərə səbəb olur. O bildirir ki, bu gün Azərbaycanla Rusiya yalnız tərəfdaş deyil, həm də bir sıra əsas məsələlər üzrə müttəfiqdirlər, baxmayaraq ki, Azərbaycan nə Avrasiya İqtisadi İttifaqına, nə də ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür: “Bu mənada, ikitərəfli münasibətlərimizdə mövcud olan qeyri-formallıq da bu etibarlılığı təmin edir. Əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində görülən işlərdən danışarkən demək olar ki, ötən il iki ölkə arasında bir çox sənədlər imzalanıb. Bu sənədlər əlaqələrin genişləndirilməsi baxımından baza rolunu oynayır. Prezident Vladimir Putin və prezident İlham Əliyevin şəxsi görüşləri müntəzəm şəkildə keçirilib və MDB Sammitindəki kimi işgüzar görüşlər də daxil olmaqla, heç vaxt formal xarakter daşımayıb. Bu münasibətlər iki dövlət arasındakı qarşılıqlı əlaqələr üçün etibarlı təməl və zəmanətdir. Elə bir sahə yoxdur ki, Rusiya və Azərbaycan prezidentlərinin diqqətindən yayınsın. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda strateji tərəfdaşı olmaqla yanaşı, Bakı geniş miqyasda daha fəal, fərqli fenomenə çevrilir. Bu ona görə baş verir ki, Bakı ən çətin vəziyyətdə belə öz suveren mövqeyini saxlayır. Bu hər zaman hörmət doğurur”. Trofimçuk onu da bildirib ki, hazırda iki ölkənin prezidentlərinin qarşıya qoyduqları əsas məsələ bütün planlaşdırılmış layihələrin ardıcıl həyata keçirilməsidir. Müdafiə sahəsi ilə bağlı məsələlərin də rəsmi Moskva və Bakı üçün prioritet təşkil etdiyini deyən politoloq vurğulayıb ki, burada hərbi strukturlar arasındakı fəal əlaqələri, Bakının Rusiya və NATO nümayəndələrinin görüşləri üçün unikal potensialını qeyd etmək lazımdır: “Bütün bunlar Ermənistan daxilində və Dağlıq Qarabağ ətrafında davam edən gərginlik, dünyada ümumi vəziyyətin pisləşməsi fonunda əlaqələrimizin gələcək inkişafı üçün əsas yaradır“.
Beləliklə, Rusiyadan aldığı dəstəyi sürətlə itirən Ermənistan Qarabağ məsələsində də təklənir. Elə bu səbəbdən İrəvan üçün məqbul variant dinc yolla konfliktin həlli istiqamətində real addımlar atmaqdır. Digər tərəfdən aydındır ki, belə vəziyyət Ermənistanın sonrakı inkişafı üçün də çox önəmlidir. Çünki Ermənistan məhz apardığı işğalçı siyasətin nəticəsində bu gün Azərbaycanın həyata keçirdiyi mühüm beynəlxalq nəqliyyat layihələrindən kənarda qalıb. Hazırda Ermənistanda iqtisadiyyat iflic vəziyyətdədir, sosial problemlərin əhatə dairəsi genişlənir. Bununla yanaşı, müxtəlif xarici ölkələrdəki erməni diaspor təşkilatları Ermənistana göstərilən maliyyə yardımlarını dayandırıb. Ermənistanın yeni rəhbərliyi bütün bunları nəzərə alıb əvvəlki hakimiyyətin səhvlərini təkrarlamamalı və münaqişənin tezliklə həll olunması üçün ciddi addımlar atmalıdır. Çünki erməni xalqının səfalətdən xilas olması Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllindən asılıdır. Bütün bunlar bir daha təsdiq edir ki, İrəvanın, o cümlədən işğalçı ölkədə hakimiyyət başına gələn Paşinyanın taleyi xeyli dərəcədə Qarabağ münaqişəsinin sonrakı gedişindən asılıdır. Məhz bu münaqişənin dinc yolla həllinə gedəcəyi, zəbt olunmuş ərazilərin dinc yolla həllinə razılıq verəcəyi təqdirdə Paşinyan seçiciləri qarşısında verdiyi vədləri müəyyən dərəcədə yerinə yetirmək iqtidarında olacaq. Əks təqdirdə onu kifayət qədər böyük problemlər gözləyir və münaqişənin hərbi həlli həmin problemlərin miqyasının daha da böyüməsinə rəvac verəcək. Əslində, bunu Ermənistanda da yaxşı anlayırlar və bu səbəbdən indi düşmən ölkədə Qarabağ konfliktinin dinc həlli ilə bağlı fikirlər daha çox səsləndirilir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.