Nəzakət Məmmədova: “ABŞ buna regiondakı öz geosiyasi maraqları, eyni zamanda, Azərbaycanla enerji sahəsində olan əlaqələrinə görə çalısır”
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri, Avrasiya millətləri üzrə ekspert Pol Qobl deyib ki, Rusiya Dağlıq Qarabağ konfliktinin tam həllini istəmir: “Ona görə ki, bu halda o, İrəvan və Bakıya təsir rıçaqlarını itirəcək. ABŞ istəyir ki, problem həll olunsun, amma onun regionda konfliktin həlli üçün kifayət qədər resursu yoxdur”.
Analitik deyib ki, Moskva Azərbaycandan nə isə əldə edəcəyinə əmin olsa, Ermənistanı sata bilər: “Əgər Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll edilsə, bu, ABŞ-a imkan verəcək ki, İranı daha çox təcrid etsin. Belə ki, Qarabağın həlli Tehranın Qafqaza siyasi təsir imkanlarının yox olması deməkdir. Moskva bunu başa düşür və buna görə də onun gerçəkləşməməsinə çalışacaq”.
Göründüyü kimi, Qobl iddia edir ki, real situasiyada ABŞ konfliktin həllini Rusiyadan daha çox istəyir. Bu iddianı nə dərəcədə əsaslı saymaq olar?
Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, Pol Qoblun fikirləri ilə razılaşmaq olar: “ABŞ həmsədrlər arasında Rusiya və Fransaya nisbətdə daha konstruktiv mövqeyi ilə seçilir. Bildiyimiz kimi, Fransaya erməni diasporunun güclü təsiri var, Rusiyanın isə regionda geosiyasi maraqları var və bu səbəblərdən bu iki dövlətin mövqeyi Ermənistana daha çox yaxındır. ABŞ kimi qüdrətli, eyni zamanda, daxili siyasətə təsir gücünə malik ən müxtəlif elementlərin olduğu dövlətdə erməni diasporunun təsiri və Ermənistanla əlaqələr Azərbaycandan daha önəmli deyil”.
N.Məmmədovanın sözlərinə görə, Pol Qobl son zamanlar ABŞ-da erməni diasporunun mövqelərinin zəiflədiyini demişdi: ”ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllini istəyir. Hər halda, bunu Rusiya və Fransadan daha çox istədiyinə inanmaq olar. Təbii ki, ABŞ buna regiondakı öz geosiyasi maraqları, eyni zamanda, Azərbaycanla enerji sahəsində olan əlaqələrinə görə çalısır.
Hazırda regionda indiyə qədər analoqu olmayan yeni bir situasiya meydana gəlib. Bu da ondan ibarətdir ki, artıq Ermənistan Rusiyanın nəzarətindən çıxmaq üzrədir, Pol Qoblun da dediyi kimi, Ermənistanda Rusiyadan asılı olmayan hakimiyyət formalaşıb.
ABŞ Ermənistan hakimiyyətinə təsir göstərmək imkanlarını artırıb və bu, problemin həllinə müəyyən dərəcədə kömək edə bilər. Lakin Qərbdəki və Rusiyadakı erməni diasporu da daxil olmaqla, bir sıra şovinist qüvvələr buna mane olurlar.
Yəqin ki, 2019-cu il münaqişənin həllində konkret dəyişiklik, dönüş ili olmasa da, prosesdə hərəkətlənmə müşahidə oluna bilər”.
Məhəmmədəli QƏRİBLİ