Məhərrəm Zülfüqarlı: “Bunda məqsədləri odur ki...”
Azərbaycan hakimiyyətinin apardığı düşünülmüş uğurlu daxili və xarici siyasət özünü doğruldur. Bunu indiyə qədər siyasi, iqtisadi, mədəni və digər sahələrdə əldə olunan uğurlar da təsdiq edir.
Reallıq ondan ibarətdir ki, xaricdəki ciddi siyasi, iqtisadi dairələr hakimiyyətin yeritdiyi siyasətə qarşı çıxmırlar. Onlar ölkə hakimiyyəti ilə müxtəlif sahələrdə əməkdaşlıq edirlər.
Məsələ ondadır ki, ölkədə bir sıra sahələrdə islahatlar aparılır və bununla bağlı görülən işlər davamlı xarakterlidir. Eyni zamanda, siyasi hakimiyyət xarici sərmayədarların ölkədə həyata keçirilən layihələrinə hansısa maneə yaratmır. Qanun çərçivəsində bütün tərəflərə bərabər imkanlar yaradılır. Buna uyğun olaraq da tərəflər arasında normal münasibətlər qurulub.
Reallıq ondan ibarətdir ki, dünyada nüfuzlu siyasi-iqtisadi dairələrin hakimiyyətə qarşı çıxmaları ilə bağlı hər hansı elementlərdən söhbət gedə bilməz. Belə olan halda, aydın məsələdir ki, həmin dairələrin xaricdə Azərbaycan hakimiyyətinə qarşı çıxan radikal, destruktiv, dağıdıcı qüvvələrə hansısa dəstək verməsi mümkün deyil. Nəzərə almaq lazımdır ki, məntiqlə məsələlərə yanaşan tərəf bu kimi amilləri hər zaman nəzərə alır. Bu cür ciddi dairələr dağıdıcı, antimilli mövqedən çıxış edən qüvvələrə dəstək vermirlər və bundan sonra da sözügedən siyasətin davam edəcəyi gözlənir.
Ancaq o da bir acı reallıqdır ki, bu gün ölkə xaricində “mühacir” adı ilə fəaliyyət göstərin antimilli qüvvələr var. Onlar bütün destruktiv vasitələrdən istifadə edərək hakimiyyətə qarşı qərəzli siyasət aparırlar. Müxtəlif sosial media vasitələrindən alət kimi sui-istifadə edərək ən çirkin vasitələrə əl atırlar. Nəzərə alsaq ki, aparıcı siyasi-iqtisadi və biznes dairələri bu qüvvələri dəstəkləmirlər, həmin antimilli qüvvələrin arxasında kimlər ola bilər?
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, Azərbaycanda marağı olan bəzi dairələr təzyiq məqsədilə həmin antimilli qüvvələrə gizli dəstək verirlər: “Bunlar Azərbaycan əleyhinə işləyən, ölkədə marağı olan qüvvələrdir. Bu məsələdə erməni lobbisinin maraqlarından çıxış edən, bir sıra hallarda erməni məsələsindən alət kimi istifadə edən bəzi xarici dairələr müəyyən rol oynayırlar. O da bir reallıqdır ki, erməni lobbisinin maraqlarından çıxış edən qüvvələr Azərbaycana qarşı bütün çirkin vasitələrdən istifadə edirlər. Həmin dairələr antimilli, destruktiv mövqedən çıxış edən radikal qüvvələrə öz məqsədləri naminə dəstək verə bilərlər. Eyni zamanda, onların arxasında dura bilərlər. Reallıq ondan ibarətdir ki, ciddi, aparıcı dairələr radikal qüvvələrə dəstək vermir və onların arxasında dayanmırlar. O da bir faktdır ki, Azərbaycan regionda ən inkişaf etmiş respublikadır. Ordusu güclüdür və bu amil getdikcə daha qabarıq formada özünü göstərir. Bu da xaricdə Azərbaycanı istəməyən dairələri narahat edir. Onlar Azərbaycana təzyiq etmək üçün antimilli qüvvələrdən istifadə edirlər. Bunda məqsədləri odur ki, Azərbaycanı zəiflətsinlər. Hansısa məsələdə ölkəyə təzyiq etsinlər. Bəzən görürsən ki, Azərbaycanda marağı olan müxtəlif dairələrin maraqları toqquşur. Bu zaman onlardan biri radikal qüvvələrdən bir alət kimi dolayı yolla istifadə etməyə çalışır. Deməyim odur ki, belə hallar da var. İstənilən halda, belə qüvvələrin fəaliyyəti uğursuzluğa məhkumdur. Çünki Azərbaycan düşünülmüş və məqsədyönlü siyasət yeridir”.
Vidadi ORDAHALLI