Azər Həsrət: “Fransada baş verən indiki hadisələr, etirazçılarla bağlı daha sərt qanunun qəbul edilməsi məsələsinin gündəmə gətirilməsi...”
Məlum olduğu kimi, Fransa hökuməti nümayişlər zamanı qanun pozuntusuna görə cəzaları sərtləşdirən yeni qanun hazırlayır. Mətbuatın yazdığına görə, bu barədə ölkənin baş naziri Eduar Filipp TF1 telekanalına müsahibəsində deyib. O qeyd edib ki, etirazçıların mülki, eləcə də maddi məsuliyyətini artırmaq lazımdır.
Baş nazir onu da deyib ki, aksiyalar başlayandan bu günə kimi artıq 5,5 min nümayiş iştirakçısı saxlanıb və onlardan təqribən 1000 nəfərinə qarşı hökm oxunub.
Maraqlıdır ki, dünyaya “demokratiya” bağıran, “insan haqları” təlqin edən Fransa bu gün özü vətəndaşlarına qarşı müxtəlif cəza tədbirləri həyata keçirir. Bu azmış kimi, indi də hökumət nümayişlər zamanı qanun pozuntusuna görə cəzaları daha da sərtləşdirmək istəyir, buna görə də sözügedən qanunu hazırlayır.
Məsələ burasındadır ki, Azərbaycanda adi bir hadisə baş verəndə bəzi beynəlxalq qurumlar, təşkilatlar, eləcə də Avropa ölkələri hay-haray salırlar ki, “ay aman, Azərbaycanda insan haqları pozulur”. Halbuki, insan hüquq və azadlıqları Azərbaycanda deyil, Fransa da daxil olmaqla, Avropa ölkələrində boğulur. Bu isə dünyanın gözü qarşısında baş verir və bütün beynəlxalq qurumlar Fransaya “gözün üstə qaşın var” demir, yaxud deyə bilmir.
Əməkdar jurnalist, tanınmış icmalçı Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, dövlətin iç güvənliyinin tənzimlənməsi üçün atılan addımları təqdir etmək olar, ancaq bu addımlar beynəlxalq standartlara, normalara uyğun olmalıdır. “Amma təəssüflər olsun ki, Fransada baş verən zorakılıq hadisələrini, faktiki olaraq, dünya susqunluqla qarşılayır. Xüsusən də Azərbaycan kimi ölkələrdə ən adi bir məişət hadisəsini belə, beynəlxalq miqyasda tirajlayan beynəlxalq təşkilatlar Fransa hökumətinin vətəndaşlarına qarşı həyata keçirdiyi zorakılıq hadisələrinə seyrçi mövqeyində dayanırlar. Şəxsən özüm araşdırma aparmışam və belə bir nəticəyə gəlmişəm ki, “Human Watch” və insan hüquqlarını qoruduğunu bəyan edən digər qurumların Fransadakı hadisələrlə bağlı heç bir hərəkəti, bəyanatı, çağırışı yoxdur. Eyni zamanda, Azərbaycanda ən kiçik məişət məsələsinə ciddi reaksiya verən ABŞ Dövlət Departamenti bu məsələlərlə bağlı heç də arzuolunan reaksiyanı vermir. Bu nəyin göstəricisidir? ABŞ Dövlət Departamenti də daxil olmaqla, həmin təşkilatlar dünyaya öz normalarını diktə edir, dünya ölkələrini müəyyən kateqoriyalara bölür, hər kəsə öz istədikləri kimi yanaşırlar. Bu baxımdan, təbii, burada ikili standart, qərəz göz deşir. Yəni hər şey aşkar şəkildə göz önündədir, lakin həmin təşkilatlar bu məsələyə biganə qalırlar. Əlavə etmək istəyirəm ki, Avropa Şurası, Avropa Birliyi, ATƏT kimi təşkilatların da müvafiq strukturları nə sirdirsə, Fransa hadisələrinə susqunluqla yanaşırlar. Təbii ki, biz bu məsələləri nəzərə almalıyıq. Düşünürəm ki, Azərbaycan Avropa Şurasının və ATƏT-in üzvü olmaqdan istifadə edərək həmin qurumların toplantılarında, zirvə görüşlərində bu müqayisəni aparmalı və bu ikili yanaşmanı oradakı fərqli ölkələrin nümayəndələrinin diqqətinə çatdırmalıdır. Hətta bizim nümayəndələr sual etməlidirlər ki, necə olur, Azərbaycanda adi bir məişət hadisəsi baş verəndə dünya ayağa qalxır, ancaq bu boyda Fransada dünyanın gözü qarşısnda dinc nümayişçilər döyülür, həbsə atılır, qanına qəltan edilir, bütün bunlara da dünya susur. Ölkəmiz bununla əlaqədar sözügedən beynəlxalq qurumlardan hesabat tələb etməlidir” - deyə bildirən A.Həsrət qeyd etdi ki, Fransa tarixən inqilablar ölkəsi olub. A.Həsrətin sözlərinə görə, hər dəfə də inqilablar və etirazlar qan gölündə boğulub.
“Fransada baş verən indiki hadisələr, etirazçılarla bağlı daha sərt qanunun qəbul edilməsi məsələsinin gündəmə gətirilməsi faktiki olaraq dövlətin gücünün öz vətəndaşlarına qarşı yönəldilməsidir. Bu hadisəyə beynəlxalq ictimaiyyətin biganə yanaşması, həm də bu qanunun qəbul edilməsi və ümumiyyətlə, insan haqlarının qanun çərçivəsində məhdudlaşdırılması üçün addımlar atılır. Bir neçə il əvvəl Parisdə “Charlie Hebdo” jurnal redaksiyasına hücum olmuşdu, bu hadisə 12 nəfərin həlak olması və bir neçə nəfərin yaralanması ilə nəticələnmişdi. Ölənlər arasında jurnalistlər də vardı. Həmin məsələyə görə Parisdə fövqəladə vəziyyət elan edildi və buradakı fövqəladə vəziyyətlə bağlı beynəlxalq ictimaiyyət yenə də susurdu. Eyni zamanda, Türkiyənin paytaxtı Ankara şəhərində qısamüddətli fövqəladə vəziyyət elan edilmişdi. Parislə paralel olaraq, Ankarada terror hadisəsi baş vermişdi. Həmin vaxt bütün dünya rəsmi Ankaranın üzərinə gedirdi ki, siz insan haqlarını məhdudlaşdırırsınız. Görürsünüz, özləri üçün hər şeyə icazə verilir. Yəni qanunu sərtləşdirə, vətəndaşlarına qarşı məhdudiyyətlər tətbiq edə, vətəndaşa qarşı istənilən problemi yarada bilərlər. Ancaq Azərbaycan və Türkiyə kimi ölkələrə gəlincə isə, “insan haqları pozulur” deyə qışqırırlar. Sözsüz ki, bu, ikili standartdır, insan haqlarına sayğısızlıqdır, ümumiyyətlə, dünyanı iki yerə bölüb “bizimkilər” və “yadlar” kateqoriyasına ayırmaqdır. Yəni “bizimkilər”ə hər şey olar, biz hər cür neqativliyə göz yumacağıq, ancaq “yadlar” təsadüfən nə isə etsələr, onların üzərinə məsuliyyət qoyacağıq ki, bəli, siz qanunları pozursunız” - deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA