İlham Şaban: “Bu olarsa, İran qazı Ermənistana Rusiya qazından qat-qat baha başa gələr”
Ermənistan baş naziri vəzifələrini icra edən Nikol Paşinyan deyib ki, ölkəsi İran qazının tədarükü imkanının müzakirəsini davam etdirir: "İran mavi yanacağının tədarükü məsələsi həmişə gündəlikdə durur. Biz bu məsələni konkret və əlverişli həll variantı tapılana qədər müzakirə edəcəyik”.
O, həmçinin, əlavə edib ki, rəsmi İrəvan qazın qiyməti ilə bağlı Rusiya tərəfi ilə də danışıqları davam etdirir: "Biz danışıqları davam etdiririk və ölkəmizin maraqlarının müdafiəsi üçün hər şeyi edəcəyik".
Xatırladaq ki, 2018-ci il dekabrın sonunda "Qazprom”un mətbuat xidməti bildirmişdi ki, 2019-cu il yanvarın 1-dən Ermənistan üçün Rusiya qazının qiymət min kubmetr üçün 165 dollar təşkil edəcək. Qeyd edək ki, daha əvvəl erməni tərəfi min kubmetr qaza görə 150 dollar ödəyirdi.
Göründüyü kimi, Rusiya tərəfinin qazın qiymətini qaldırması Ermənistanı İran qazına meyllənməyə vadar edib. Bu hadisə ABŞ-ın İrana tətbiq etdiyi sərt sanksiya siyasəti fonunda baş verir. Yəqin ki, Paşinyanın bu yaxınlarda İrana reallaşacaq səfərində başlıca müzakirə mövzularından biri də məhz təbii qazın tədarükü olacaq. Ermənistanla İranın bu istiqamətdə sövdələşməsinin perspektivi necə görünür və bunun ABŞ-Ermənistan münasibətlərinə təsiri olarmı?
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Rusiya Ermənistana ildə ortalama 2 milyard kubmetr qaz satır: “Bu rəqəm, faktiki olaraq, neçə ildir dəyişmir. Əgər hər min kubmetrə görə qazın qiyməti 15 dollar artıbsa, ötən illə müqayisədə bu il Rusiyanın Ermənistandan alacağı pul 30 milyon dollar artıq olacaq. Amma bir məsələ var ki, “Qazprom” o qazı “Qazprom Armenia” şirkətinə satır, Ermənistan hökumətinə yox. Qazın alış qiymətinin 10 % qalxmasının daxilə təsir etməməsinin səbəbi isə şirkətin biznesin optimallaşdırılması siyasətini həyata keçirməsidir”.
İlham Şaban Rusiya qazının bahalaşması səbəbindən Ermənistanın İran qazına meyllənməsi ehtimalına da aydınlıq gətirdi: “Ermənistanla İran arasında bu istiqamətdə sövdələşmə mövcuddur. Çox güman ki, ABŞ bu barədə məlumatlandırılıb. Bu baxımdan da ABŞ-ın ciddi etirazının olacağını təxmin etmirəm. Çünki perspektivdə hansısa yeni anlaşmanın əldə olunacağı real görünmür. İran Ermənistana qazı heç vaxt pul ilə satmır. İranın Ermənistana qaz satışı gündəlik 1 milyon kubmetrdir. Yəni illik təqribən 365 milyon kubmetr, bu il isə bu rəqəmin 400 milyon kubmetrə çatması gözlənir. Bir kubmetr qazın əvəzində İran Ermənistandan 3 k/saat elektrik enerjisi alır. Bu, barter yolu ilə iki ölkənin hökumətlərarası sazişi əsasında həyata keçirilən enerji mübadiləsidir. Ermənistan İrandan aldığı qazı Razdan İstilik Elektrik Stansiyasında elektrik enerjisinə çevirir, 2 k/saatını özünə götürür, 3 k/saatını isə İrana verir. Bu, Ermənistan üçün sərfəlidir. İran isə Ermənistandan aldığı elektrik enerjisini özünün şimal əyalətlərində istifadə edir.
İranla Ermənistan arasında 1 qaz kəməri mövcuddur. Onlar təqribən 5 ildir 1 milyard kubmetrə qədər qaz həcmlərini artırmaq imkanlarını müzakirə edirlər. Hətta birinci müqavilə imzalananda qazın həcminin artırılması ilə bağlı bənd də bu müqavilədə öz əksini tapmışdı. Ancaq İran qazı bahalı olduğu üçün Ermənistan bunu ala bilmir. Yəni İranın qazı Ermənistan üçün ucuz deyil. Ermənistan İrandan aldığı qazı istehsal və yaxud əhalinin tələbatını ödəmək üçün istifadə etmək gücündə deyil. Bu olarsa, İran qazı Ermənistana Rusiya qazından qat-qat baha başa gələr. Bu baxımdan da qaz satışı istiqamətində İranla Ermənistan arasında yeni sövdələşmənin olacağı inandırıcı görünmür”.
Məhəmmədəli QƏRİBLİ