Azad İsazadə: “Laçın yolundan sonra Dağlıq Qarabağa gələn ikinci yol həmin ərazidən keçir”
Azərbaycan Ordusu hər keçən gün imkanlarını, hərbi hazırlıq səviyyəsini artırır. Ötən il Azərbaycan yeni, daha müasir silahlar əldə etdi. Ermənistan bizi ”İsgəndər" raketləri ilə hədələyirdi. Bunun qarşılığında biz Belarusdan “İsgəndər” raketlərinə uyğun olan “Polonez” havadan müdafiə sistemini tədarük etdik. Bu baxımdan, müdafiə sistemimiz daha da gücləndi. 2018-ci il uğurlarından biri də Naxçıvan istiqamətində mövqelərin möhkəmləndirilməsi oldu. Belə ki, Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyat nəticəsində 11 min hektar ərazi azad edildi. Bütün bunlar böyük üstünlükdür.
Bu arada erməni hərbi ekspert, keçmiş kəşfiyyatçı Vova Vartanov mətbuata açıqlamasında bildirib ki, erməni ordusunun son zamanlar hərbi istiqamətdə heç bir uğuru yoxdur. Onun sözlərinə görə, Azərbaycan Ordusu bütün parametrlər üzrə erməni ordusunu üstələyib: “2018-ci ildə Su-30CM-ləri alacağımızla bağlı şayiələr gəzirdi. Biz hələ də onları görə bilməmişik. Naxçıvan istiqamətində ciddi ərazi itkilərinə məruz qaldıq. Mən bir il yarım əvvəl xəbərdar etmişdim ki, türklər Qarabağa gedən əsas nəqliyyat arteriyasını nəzarət altına alacaqlar. Mənə o zaman məsləhət gördülər ki, panika yaymayım. Türklər bizi İranla bağlayan və Qarabağ üçün əsas nəfəslik olan dövlətlərarası yolu Naxçıvan istiqamətindən vizual şəkildə nəzarətdə saxlaya bilir”.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun növbəti hədəfi Geqarkunik vilayəti olacaq. O, Azərbaycan Ordusunun bununla Dağlıq Qarabağın xarici dünya ilə bütün əlaqələrini tam nəzarət altına alacağını deyib.
Maraqlıdır, Geqarkunik vilayəti harada yaerləşir və onun strateji əhəmiyyəti nədir?
Məsələyə münasibət bildirən hərbi ekspert Azad İsazadənin sözlərinə görə, Geqarkunik vilayəti Ermənistanın şərqində yerləşir və Gədəbəylə həmsərhəd ərazidir: “Əvvəla Naxçıvan istiqamətində əldə olunan uğur sayəsində biz dövlət sərhədini bərpa edə bilmişik. Bircə bu istiqamətdə Kərki kəndi qalıb ki, bu da Sədərəkin şimalındadır. Ümumilikdə, Naxçıvan istiqamətində əldə olunan uğurlar sayəsində oradakı kəndlərin təhlükəsizliyi tam təmin olunub. Günnüt əməliyyatı nəticəsində biz İrəvandan Gorusa gələn yolu nəzarət altında saxlayacağıq. Adi artilleriya silahı ilə sözügedən zonanı atəş altında saxlamaq mümkündür. Naxçıvanda götürdüyümüz yüksəkliklər hesabına, praktiki olaraq, bütün Gorus rayonunu nəzarət altında saxlaya bilirik. Laçına gedən yol da Gorusdan keçir. Ermənilər qorxurlar ki, Naxçıvan istiqamətində əldə olunan uğur Gədəbəy istiqamətində də təkrarlana bilər. Çünki Geqarkunik vilayəti Gədəbəy rayonuna yaxındır. Məsələ ondadır ki, bu istiqamətdə bir neçə strateji yüksəkliyi Azərbaycan Ordusu nəzarətə götürsə, o zamam ermənilərin vəziyyəti daha da pisləşəcək. Ona görə ki, Laçın yolundan sonra Dağlıq Qarabağa gələn ikinci yol həmin ərazidən keçir. V.Vartanovun narahatlığı da bundan qaynaqlanır. Hazırda qış fəsli olduğu üçün və həmin ərazinin qarlı dağlardan ibarət olduğunu nəzərə alsaq, indiki halda, hansısa əməliyyat gözlənilmir. Sadəcə, ermənilər narahatdırlar ki, yaxın aylarda, şərait yaranan kimi, Azərbaycan əməliyyatlara başlaya bilər. Erməni tərəfinin narahatlığı məhz bundan qaynaqlanır”.
Vidadi ORDAHALLI