“Məsələyə Əkrəm Əylislinin prizmasından yanaşsaq, özünün “ziyalı” imicini o özü dağıtdı. Bu onun yazdığı məlum əsərlə bağlı baş verdi. Ziyalı XIX əsrdən üzü bu yana xalqının, cəmiyyətinin yoluna ziya, nur saçan və öz yaradıcılığı ilə maarifçilik yolu tutan, xalqını işığa, aydınlığa aparan şəxsiyyətlərdir. Hökm deyil ki, ziyalı yazıçı, şair, rəssam, bəstəkar olsun, ziyalı sadə bir kitabxanaçı da ola bilər... Azərbaycanda ziyalı var, olacaq və tarixən də olub. “Azərbaycanda ziyalı yoxdur” fikri düzgün deyil. Azərbaycanda ziyalıya həmişə hörmət, sayğı olub və əgər ziyalı o hörməti anlamırsa, həmin şəxs artıq xalqın gözündən düşmüş olur. Özünü ziyalı adlandıran insanlar fikirlərində ehtiyatlı olsunlar. Ə.Əylisli kimi adamlar özlərinə aid olan məsələni başqasına aid etməməlidirlər. Ə.Əylislinin yazdığı o əsər xalqına kürəyindən vurulan bıçaq zərbəsi idi”. Bu fikirləri “Bakı-Xəbər”ə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov yazıçı Ə.Əylislinin “Meydan TV”yə müsahibəsində “Azərbaycanda ziyalı yoxdur, hansı ziyalıdan danışırsınız, mən bilmirəm?!” fikrini şərh edərkən bildirib.
İradə SARIYEVA