Azərbaycanın böyük uğurla reallaşdırdığı mühüm layihələrdən biri sayılan "Cənub Qaz Dəhlizi", bilindiyi kimi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində bu gün müstəsna əhəmiyyət kəsb edir. Amma görünən budur ki, bu layihə üzərindən Avropa Azərbaycanla yanaşı Türkmənistan, perspektivdə isə İran qazını almaqda da maraqlı tərəf qismində çıxış edir. Lakin "Cənub Qaz Dəhlizi" təkcə Türkmənistan və İran deyil, artıq İraq, İsrail kimi ölkələr üçün də mühüm əhəmiyyət kəsb etməkdədir. Çünki həmin ölkələrin də "Cənub Qaz Dəhlizi" vasitəsilə öz qazını Avropaya çıxarması gündəmdədir.
Digər tərəfdən, bu məsələdə ABŞ-ın da xüsusi maraqlı tərəf olması mütləq nəzərə alınmalıdır. Artıq ABŞ Avropa üçün Rusiya qazına alternativ variant kimi İsrail qazını təklif edir. ABŞ dövlət katibinin köməkçisi Frank Fannon İsrailin Avropaya təbii qaz nəql edə biləcəyini deyib: “Avropaya səfərim zamanı Aralıq dənizinin şərqindəki ölkələrə getdim. Hazırda İsrail qazının Misirə və İordaniyaya nəqli diqqət mərkəzindədir. Bu qaz potensial olaraq Avropaya da nəql edilə bilər”. Rusiyanın reallaşdırdığı “Şimal axını-2” təbii qaz boru kəmərinin Avropanın enerji təhlükəsizliyi üçün hədə olduğunu deyən Fannon bütün ölkələri bu layihəni tərk etməyə çağırıb. O, “Şimal axını-2”nin Rusiyanın Avropaya təsir göstərmək üçün siyasi vasitə olduğunu iddia edib. Ekspertlər isə əslində "Cənub Qaz Dəhlizi" vasitəsilə İsrail qazının Avropaya çatdırılmasını tamamilə mümkün sayır. Hazırda İsrail tədricən əsas qaz satıcılarından birinə çevrilir. Artıq Misir bu ildən İsraildən təbii qaz almağa başlayacaq. Misirin “Dolphinus” enerji şirkəti 10 il ərzində İsraildən 15 milyard dollarlıq təbii qaz almaq üçün müqavilə də imzalayıb. Müqaviləyə görə, qarşıdakı 10 ildə 64 milyard kubmetr İsrail qazının Misirə göndərilməsi gözlənir. İsrail təbii qazını İordaniyaya daşıyacaq boru kəməri də nəzərdə tutulduğu vaxtda, 2020-ci ilin əvvəlində ilk qaz tədarükünü həyata keçirəcək. İsraildəki “Leviafan” yatağından hasil olunacaq qazı İordaniyaya çatdıracaq boru kəmərinin inşası 2019-cu ilin sonunda tamamlanacaq. 15 il boyunca İordaniyaya 10 milyard dollarlıq İsrail qazının nəql edilməsi planlaşdırılır. Amma İsrail üçün əsas öz qazını Avropaya çıxarmaqdır. Bunun üçün onun məhz Azərbaycanın təşəbbüsü ilə həyata keçən "Cənub Qaz Dəhlizi"nə ehtyiacı var.
Bundan əvvəl yayılan məlumtalrdan da belə bəlli olur ki, qardaş Türkiyə də İsrail qazının tədarükünü "Cənub Qaz Dəhlizi" layihəsinə qoşmaq niyyətindədir. Hətta xəbərlərə görə, İsrailin “Leviafan” yatağından hasil olunacaq təbii qazın Türkiyəyə nəqlinə dair “Turcas Petrol” şirkəti ilə anlaşma əldə edilmək üzrədir. Anlaşmaya görə, İsrail Türkiyəyə ildə 7 milyard kubmetr qaz nəql edəcək. Bu sövdələşmə Türkiyənin Avropanın qazla təchizatı üçün mühüm dəhlizə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İsrail qazı Türkiyədən Avropaya "Cənub Qaz Dəhlizi"nin əsas hissəsi olan TANAP və TAP kəməri vasitəsilə çatdırıla bilər. İsrail qazının Türkiyə, TANAP və TAP vasitəsilə Avropaya çıxarılması indi İsrailin özünün faydasınadır. Çünki bu, ən əlverişli marşrutlardan biri hesab olunur. Elə İsraildən olan ekspert Arye Qut da dəfələrlə bildirib ki, İsrail qazının "Cənub Qaz Dəhlizi" vasitəsilə daşınması mümkündür:
“Azərbaycan və İsrail 2020-ci ilə qədər öz təbii qazını böyük həcmdə nəql etməyə hazırlaşan iki etibarlı strateji tərəfdaşdır. Netanyahu hökuməti Aralıq dənizində təbii qazın istismarının sürətləndirilməsi üçün var qüvvə ilə çalışır. İsrail “Leviafan” yatağının istismarı ilə qlobal qaz bazarına ixracatçı ölkə kimi çıxmağa hazırlaşır. Hayfanın təxminən 130 kilometrliyində yerləşən, 2010-cu ildə kəşf edilmiş yatağın ehtiyatları 535 milyard kubmetr qiymətləndirilir. Bu, son on ildə dünyada aşkar edilən ən böyük qaz yatağıdır. “Leviafan” konsorsiumu 2019-cu ilədək “Leviafan” yatağını işləməyə istiqamətlənib”. Ekspertin fikrincə, İsraildən Türkiyəyə qaz kəmərinin çəkilməsi İsrailin regional vəziyyətini də xeyli yaxşılaşdıra bilər. “Türkiyə ilə İsrail arasında qaz kəmərlərinin olmaması səbəbindən əlaqədar tərəflər arasında energetika sahəsində əməkdaşlıq haqqında saziş hazırlanır. İsraillə Türkiyə arasında pozulmuş etimadın bərpa olunmasında Azərbaycanın vasitəçiliyinin əhəmiyyəti böyükdür və bu, İsraillə Azərbaycan arasında əməkdaşlığın üçtərəfli formatını yaradacaq. Baş nazir Benyamin Netanyahu təbii qazın ixracına qonşu dövlətlər və Avropa ölkələri arasında münasibətlərin yaxşılaşdırılması yolu ilə İsrailin dünya arenasında geosiyasi vəziyyətinin möhkəmlənməsi vasitəsi kimi baxır.
İsrailin Avropa bazarına çıxmaqda beynəlxalq səviyyədə Enerji İpək Yolu kimi tanınan "Cənub Qaz Dəhlizi" variantını seçməsinin bir neçə səbəb var. Birincisi, İsrailin energetika tərəfdaşı kimi Azərbaycan ya təşəbbüskar, ya tədarükçü, ya da bu kəmərin infrastrukturunun təchizatçısı kimi qərar qəbul etmək rolunu öz üzərinə götürüb. TANAP və TAP qaz kəmərləri "Cənub Qaz Dəhlizi"nin vacib komponentləridir və qaz təchizi mənbələrinin şaxələndirilməsi üzrə Avropanın strateji məqsədini dəstəkləyir”.
Hesab edilir ki, İsrail öz qazını "Cənub Qaz Dəhlizi" vasitəsilə dünya bazarlarına çıxarmaq istəsə, Azərbaycan, eləcə də Türkiyə buna müsbət yanaşacaq.
Nahid SALAYEV