Məhəmməd Əsədullazadə: “Paşinyanın özü işğal olunmuş ərazilərimizdə hərbçilərin maddi-texniki vəziyyətindən kəskin narazılıq edirsə, o zaman Mnasakanyan hansı əminlikdən danışır?!”
Məlum olduğu kimi, Ermənistanın xarici işlər naziri Zohrab Mnasakanyan Yeni il bayramı ərəfəsində Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb istiqaməti üzrə qoşunların təmas xəttindəki hərbi hissələrdən birində olub.
Erməni KİV-lərinin verdiyi məlumata görə, hərbçiləri bayram münasibətilə təbrik edən xarici işlər naziri onların qarşısında sülh danışıqlarının mahiyyəti ilə ziddiyyət təşkil edən fikirlər səsləndirib.
Çıxışının sonunda Mnasakanyan Ermənistan ordusunun güclü və qarşıya qoyulan istənilən tapşırığın öhdəsindən gəlməyə qadir olduğuna dair əsası olmayan fikirlər səsləndirib.
Mnasakanyan bildirib ki, Ermənistan silahlı qüvvələri Ermənistan və “Artsaxın” təhlükəsizliyini təmin etmək üçün kifayət qədər gücə malikdir: “Bunun üçün Ermənistan ordusunda kifayət qədər iradə, qətiyyət, hazırlıq, bacarıq və hərbi texnika var”.
Mnasakanyanın sözügedən açıqlaması olduqca paradoksal xarakterlidir. Ən azından ona görə ki, Ermənistanın müdafiə xərcləri heç yarım milyard dollar təşkil etmir. Ermənistan nəinki Dağlıq Qarabağdakı separatçı qurumun, heç öz təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Orduda aclıq, “dedovşina”, qeyri-döyüş şəraitində ölüm və digər bu kimi neqativ hallar artıb. Müxtəlif erməni KİV-lərinə əsgər valideynlərinin verdiyi açıqlamalar bunu əyani şəkildə sübut edir. Təsadüfi deyil ki, dəfələrlə əsgər valideynləri ordudakı dözülməz şəraitlə bağlı etiraz aksiyaları keçiriblər. Bundan başqa, Ermənistan ordusu yüksək parametrlərə uyğun olsaydı, bu mütləq beynəlxalq hesabatlarda öz əksini tapacaqdı. Bununla bağlı müsbətə doğru heç bir yenilik yoxdur. Belə olan halda, Mnasakanyanın Ermənistan silahlı qüvvələrinin ünvanına səsləndirdiyi təriflər ikrah hissi yaradır və reallığı özündə əks etdirmir.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Mnasakanyanın Ermənistan ordusu barəsində məlum fikirləri gülüş doğurur: “Ermənistanın xarici işlər naziri Z.Mnasakanyanın yeni il qabağı hərbçilərlə görüşündə erməni ordusunun "qüdrətindən" danışması pafosdur və reallığı əks etdirmir. Bu gün Ermənistan ordusunun real vəziyyəti acınacaqlı və döyüş qabiliyyəti aşağı səviyyədədir. Təkcə Paşinyanın əsgər oğlunun evdən yemək gətizdirilməsini istəməsi real vəziyyəti göstərir. Həmçinin, Paşinyanın özü işğal olunmuş ərazilərimizdə hərbçilərin maddi-texniki vəziyyətindən kəskin narazılıq edirsə, o zaman Mnasakanyan hansı əminlikdən danışır?! 2016-cı il aprel döyüşləri erməni ordusunun mifini darmadağın etdi. Göründü ki, bu ordu deyil, sadəcə nizamsız birləşmədir. Orduda korrupsiya, rüşvətxorluq, “dedovşina” və yerlibazlıq erməni hərbçiləri arasında geniş yayılıb. Bir müddət bundan əvvəl baş verən intihar halları məhz dözülməz şəraitin nəticəsi idi. Erməni XİN rəhbəri ilk növbədə yaxşı başa düşür ki, işğal olunmuş ərazilər sahiblərinə qayıdacaq. Azərbaycanlılar Dağlıq Qarabağa qayıtdıqdan sonra təhlükəsizliyə ehtiyac qalmayacaq. Ona görə ki, Azərbaycan buradakı erməniləri Ermənistan rejiminin basqısından və şantajından qoruyacaq. Ermənistanın anneksiya siyasəti Qarabağda Azərbaycan və erməni icmalarını qarşı-qarşı qoydu. İşğalçılıq siyasəti nəticəsində demoqrafik problem yarandı. Hesab edirəm ki, Azərbaycan işğal olunmuş əraziləri tez bir zamanda azad edəcək, azərbaycanlı və erməni icmasının təhlükəsizliyi yüksək səviyyədə təmin ediləcək. Mnasakanyanın qeyd etdiklərinə ehtiyac qalmayacaq”.
Vidadi ORDAHALLI