Fikrət Sadıqov: “Bir daha görünür ki, həmsədrlərin Ermənistana münasibəti əvvəlki kimi qalır”
Məlum olduğu kimi, ötən ilin 30 dekabr tarixində Ermənistan xarici işlər nazirinin ölkəsinin cənub-qərbindəki hərbi hissələrindən birinə baş çəkərək söylədiyi “Biz diplomatların işi sizin qələbənizi davam etdirmək və Ermənistanın, Artsaxın və xalqımızın maraqlarını əks etdirəcək sülhü möhkəmləndirməkdir” fikri ciddi rezonansa səbəb olub. Bununla Ermənistan sülhə sadiq olmadığını bir daha sübut edib. Çox maraqlıdır ki, Ermənistan xarici işlər naziri belə fikirləri Milanda əldə olunan mühüm razılaşmadan sonra səsləndirib.
25 ildən artıqdır Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan bu davranışı ilə yenidən qeyri-konstruktivliyini aşkar şəkildə nümayiş etdirir. Xatırladaq ki, Ermənistan xarici işlər nazirinin bu mövqeyi 2018-ci ilin 6 dekabr tarixində Milanda keçirilmiş görüş nəticəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları, Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən qəbul edilmiş birgə bəyanatın müddəaları ilə birbaşa ziddiyyət təşkil edir. Həmin görüşün nəticəsi olaraq, xarici işlər nazirləri və həmsədr ölkələrin nümayəndələri xalqları sülhə hazırlamaqla bağlı razılıq əldə ediblər. Ancaq Ermənistan xarici işlər nazirinin bu fikirləri rəsmi İrəvanın öz ölkəsinin əhalisini sülhə deyil, işğalçı siyasətin möhkəmləndirilməsinə hazırlamasından xəbər verir. Çox maraqlıdır ki, Ermənistan xarici işlər nazirinin bu mövqeyinə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən heç bir reaksiya verilməyib. Əslində, ilk reaksiya məhz onlar tərəfindən verilməli idi. Çünki erməni nazir onların iştirakı ilə əldə olunan razılaşmadan cəmi 24 gün sonra, danışıqların mahiyyətinə zidd olan bəyanat səsləndirib. Həmsədrlərin bu susqunluğu nə ilə izah edilə bilər?
Politoloq Fikrət Sadıqov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, münaqişənin bu qədər uzanmasının başlıca səbəblərindən biri də həmsədrlərin mövqeyi ilə bağlıdır: “Onlar indiyə kimi bizi bərəbərləşdiriblər. Həm Ermənistan, həm də bizdən eyni addımların atılmasını tələb ediblər. Ermənistanın etdikləri haqsızlıqlara qarşı seyrçi mövqe ortaya qoyublar. Bax, bu cür ikili standartlardan irəli gələn yanaşma Ermənistanın əl-qolunu açıb. Mnasakanyanın fikirlərindən sonra bu qənaətə gəlmək olar ki, onların hakimiyyətləri daxilində kəskin fikir ayrılığı mövcuddur. Siyasətçilərlə hərbçilərin fikirləri üst-üstə düşmür. Hərbidə köhnə qvardiya qalır və əksər hallarda siyasətçilər bəyanatlarını onların xoşuna gələcək tərzdə deməyə məcbur olurlar. Milanda əldə olunan razılaşmadan sonra belə bir addımın atılmasına yalnız Azərbaycan reaksiya verməməlidir. Çünki uzun müddət idi ki, xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilmirdi. Fasilədən sonra ilk görüş Milanda oldu. Əslində, xalqların sülhə hazırlanması məsələsi ilə heç Azərbaycan məşğul olmamalıdır. Bu, birbaşa Ermənistana aid olan məsələdir. Çünki onlar işğalçılıq edib, sakinlərimizi öz yurdlarından qovublar. Sülhün yaradılmasında, xalqların birgə yaşayışını təmin etməkdə onlar daha çox maraqlı olmalıdırlar. Amma biz tərsini görürük. Azərbaycanın sülhə daha çox təşəbbüs etdiyinin şahidi oluruq. Ermənilərin bu davranışının kökündə onların məhz həmsədr ölkələr tərəfindən bəslənilməsi dayanır. Ermənistan xarici işlər nazirinin son mövqeyi bir daha sübut etdi ki, onlar sülhün bərəqrar olmasında maraqlı deyillər. Həmsədrlər məhz bu məsələyə seyrçı qalmamlı idi. Buradan bir daha görünür ki, həmsədrlərin Ermənistana münasibəti əvvəlki kimi qalır. Belə olcağı təqdirdə, bundan sonra biz erməni rəsmilərin dilindən daha sərt bəyanatlar eşidəcəyik. Çünki cəzasızlıq onları daha da sərbəst edir. Həmsədrlərin bu tip erməni təəssübkeşliyi həmin formatın yenidən nəzərdən keçirilməsini aktual edir”.
Məhəmmədəli QƏRİBLİ