Ənvər Çingizoğlu: “Heç bir halda, o abidəyə ermənilər iddia edə bilməz”
“Hansısa bir abidənin müəllifinin erməni olması heç də onun erməni abidəsi olmasına dəlalət etmir. Azərbaycan tarixən çoxmillətli, çoxmədəniyyətli dövlət olub. Bu gün də ölkəmizdə müxtəlif mədəniyyətlərin, dinlərin və millətlərin nümayəndələri əmin-amanlıq içərisində yaşayırlar.
Odur ki, Azərbaycanda yaşayan, fəaliyyət göstərən müxtəlif millətlərin nümayəndələri ölkəmizin mədəni həyatına öz töhfələrini verə bilirlər. Azərbaycanda elə abidələr, tikililər, heykəllər var ki, onları qeyri-azərbaycanlılar ərsəyə gətirib. Lakin o abidələr Azərbaycan dövlətinin ərazisində, onun vəsaiti və təşəbbüsü ilə inşa edilib və onlar dövlətimizin əmlakı, sərvətidir. 1967-ci ildə Xankəndidə ucaldılan “Biz və bizim dağlar” abidəsinin müəllifi Azərbaycan vətəndaşı olan ermənidir. Bu abidənin onun tərəfindən düzəldilməsi heç də onun erməni abidəsi olması anlamına gəlmir. Azərbaycan pavilyonunda maketi təqdim edilən abidə Azərbaycan torpağında ucaldılan abidədir və Qarabağın uzunömürlülər diyarı olmasını ifadə edir. Azərbaycan ərazisində olan bütün abidələr xalqımıza, dövlətimizə aiddir. Bu baxımdan hesab edirəm ki, Abu-Dabidə keçirilən festivalda Azərbaycan pavilyonunda Xankəndinin simvolu olan abidənin maketinin təqdim edilməsi normal haldır. Azərbaycanın buna haqqı çatır. Çünki bu abidə Azərbaycan torpağında ucaldılıb. Hazırda Dağlıq Qarabağ, Xankəndi düşmən tapdağı altındadır və sözügedən abidə də ermənilərin işğal etdiyi Azərbaycan torpağında yerləşir. Heç bir halda, o abidəyə ermənilər iddia edə bilməz. Bu absurddur”.
Bunu “Bakı-Xəbər”ə Abu-Dabidə keçirilən Şeyx Zayed İrsi festivalında ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan pavilyonunun Azərbaycanın “Biz dağıq” (“Biz və bizim dağlar”) abidəsinin maketi ilə açılmasına münasibət bildirərkən tanınmış etnoqraf- alim Ənvər Çingizoğlu deyib. Ə.Çingizoğlu, həmçinin, bildirib ki, Azərbaycan torpağında olan istənilən abidə bizim xalqa, dövlətə məxsusdur. Bu baxımdan, bu məsələyə hansısa qüvvələrin, o cümlədən də ermənilərin etiraz etməsi yersizdir.
İradə SARIYEVA