Nəzakət Məmmədova: “Rusiyanı əsas silah satan rəqib kimi...”
ABŞ Senatı Örl Litzenbergerin Azərbaycana səfir təyinatını təsdiq edib. Məlumata görə, yeni səfir yaxın günlərdə Bakıya yola düşəcək. Qeyd edək ki, Litzenberger Marşal Fondunun baş elmi əməkdaşı, ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini, NATO-nun Əfqanıstandakı nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı səfirinin müavini və ABŞ-ın Qırğızıstandakı səfirinin müavini olub. O hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir vəzifəsini tutur. İ.Litsenberger fransız, rus, serb və bolqar dillərini bilir.
Azərbaycana yeni təyin edilən ABŞ səfirinin keçdiyi karyera yoluna nəzər saldıqda görünür ki, o, dünyanın ən qaynar nöqtələrində diplomatik fəaliyyət göstərib. Hər halda, ABŞ-ın məhz belə təyinatın üzərində dayanması Vaşinqtonun ciddi niyyətlərindən və münasibətlərdəki dinamizmi yüksəldəcəyindən xəbər verir.
Dövlət Departamentinin hərbi və təhlükəsizlik sahəsində çalışan birini ölkəmizə səfir göndərməsi təsadüfi deyil. Çünki Cənubi Qafqazda siyasi situasiya yeni mərhələyə keçdiyinə görə Vaşinqtonla Moskva arasında bu regionda siyasi toqquşmalar yaşanır. Vaşinqtonla Moskva arasında Gürcüstan və Ermənistanda siyasi toqquşma davam edir. Ona görə də ABŞ regionun əsas dövlətinə göndərdiyi səfiri xüsusi seçib. Belə təcrübəli diplomat ABŞ-Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün daha çox hansı aspektlərə diqqət yetirməlidir?
Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, Litzenberger ötən il dekabrın 5-də Senatda çıxışı zamanı bir sıra məqamlara aydınlıq gətirib: “O, İran və Rusiya ilə həmsərhəd olan Azərbaycanın ABŞ-ın mühüm tərəfdaşı olduğunu qeyd edib. Bu əməkdaşlığın tək iki ölkə üçün deyil, bütün region üçün səmərəli olduğunu bildirib. Eyni zamanda, o, ölkəmizin beynəlxalq təhlükəsizlik sahəsində etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb. 11 sentyabr hadisələrindən dərhal sonra sabiq prezident Heydər Əliyevin ABŞ-a terrora qarşı mübarizə sahəsində ilk kömək təklif edən dövlət başçıları sırasında olduğunu xatırladıb. Azərbaycanın Əfqanıstandakı sülh missiyasına böyük töhfələr verdiyini bildirərək, səfir təsdiq olunacağı təqdirdə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi səylərini davam etdirəcəyini qeyd edib”.
N.Məmədovanın sözlərinə görə, bu günədək mürəkkəb sahələrdə çalışmış təcrübəli diplomatın indiki məqamda Azərbaycana göndərilməsi bir sıra məqamlara aydınlıq gətirir: “Bildiyimiz kimi, hər zaman ABŞ Azərbaycanla münasibətlərində demokratiya, insan haqları, enerji, təhlükəsizlik məsələlərinin prioritet olduğunu bildirib. Bunlar Amerika-Azərbaycan münasibətlərində strateji xətt olaraq qalır. Lakin regionda baş verən hadisələr, mövcud situasiya bir sıra məsələlərin diqqətə alınmasını tələb edir.
ABŞ-İran və ABŞ-Rusiya münasibətləri, Ermənistanda hakimiyyətə gətirilən Paşinyanın iqtidarının təhlükəsizliyinin və dayanıqlığının təmin olunması, Gürcüstanda 2020-ci il seçkiləri, hər üç respublikada vətəndaş cəmiyyəti ilə əlaqələrin genişləndirilməsi, rusiyayönümlü İvanaşvilinin partiyasının Ermənistandakı “Respublika” partiyası kimi parlamentə buraxılmaması və siyasi səhnədən silinməsi, Gürcüstanın NATO-ya üzvlüyə hazırlanması, Qarabağda və Naxçıvan istiqamətində diplomatik müstəvidə və qoşunların təmas xəttində Rusiyanın atəşkəsi pozmaq üçün tərəfləri təhrik etməsinə mane olmaq, Rusiyanı əsas silah satan rəqib kimi sıradan çıxarmaq, Avropa Birliyinin regiona nüfuz etməsinin qarşısını almaq və s. hazırda ABŞ-ın Cənubi Qafqaz regionunda qarşısında duran məsələlərdir. Yəqin ki, yeni səfir də məhz bu və digər məsələlərin həlli ilə məşğul olacaq”.
Məhəmmədəli QƏRİBLİ