Məhərrəm Zülfüqarlı: “Onlar xırda bir QHT-yə partiya adını qoyub, özlərini də lider elan ediblər”
Bir müddət əvvəl həbsdən azad olunan REAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan status paylaşıb. Birbaşa xalqın təhqir olunduğu həmin fikirlər “screen” olunaraq geniş şəkildə paylaşılıb. Maraq üçün İlqar Məmmədovun səhifəsinə girənlər isə həmin fikirlərin müəllif tərəfindən silindiyinin şahidi olublar.
Çox güman ki, kimlərsə İ.Məmmədova böyük bir səhvə yol verdiyini başa salıb və partiya sədri etdiyindən peşmançılıq çəkərək, fikirlərini silib. Onun paylaşdığı postdan görünür ki, cəmiyyətdə yayılan həmin fikirləri silmək kifayət etmir. Bunun üçün İ.Məmmədov xalqdan üzr istəməli idi ki, bunu da hələ etməyib. Oxucuların partiya sədrinə doğru qiymət verməsi üçün, İ.Məmədovun məlum fikirlərini olduğu kimi təqdim edirik: “Şimali Koreyada insan haqları problemi bilirsiniz nədən ibarətdir? Orada siyasi məhbus problemi bizdəki formada yoxdur. Doğrudan da ağlı başında olan adam artıq onilliklərdir ki, müxalifətçilik etməz, başını aşağı salıb bir parça çörəyini yeyər. Şimali Koreyada problem başqadır: polis küçədə qəşəng qadın görəndə aparır özü ilə əylənməyə. Cürətin var, etiraz elə! Azərbaycan kütləvi qorxu atmosferi baxımından daha da sürətlə koreyalaşır deyə, cinsi ehtiyacları yüksək olan gənc oğlanlara indidən polisə yazılmağı tövsiyə edərdim, gözəl qadınlara isə ölkəni tezliklə tərk etməyi. Ya da gəlin qarşıdan gələn seçkidə YAP-ı darmadağın edək, şimali koreyalaşmayaq”.
Tərəfdarlarının itellektual adlandırdığı və böyük ümidlər bəslədiyi partiya sədrinin bu addımı doğrudan da onun tükəndiyinin əlaməti sayıla bilər. Hakimiyyətə iddialı olan partiyanın sədri xalqla əlaqələrini daha yaxşı səviyyədə qurmaqda maraqlı olmalıdır. Bunu siyasətin əlifbası da deyir. Amma baxın görün, İ.Məmədov nə edir? O, xalqı təhqir edir. Demək ki, İ.Məmədovun özü xalqdan, cəmiyyətdən əlini üzüb. Gözəl anlayır ki, xalq onun kimi liderin dalınca gedən deyil. Məhz bu səbəbdən də kinini, acığını xalqın üstünə tökmək qərarına gəlib. Amma məlumdur ki, xalqla əlaqəsini itirən, hətta onu təhqir edən bir partiya sədri üçün ən gözəl çıxış yolu siyasətlə vidalaşıb, özünə uyğun işlə məşğul olmaq ola bilər. Etiraf edək ki, İ.Məmmədov həbsxana həyatını yaşayanda bundan daha hörmətli idi. Tərəfdarları hətta ona “xilasgar” kimi baxırdılar. Buyurun, bu da sizin böyük ümidlər bəslədiyiniz “xilasgar”. İ.Məmmədov bu cür anormal gedişlərilə ən birincisi öz tərəfdarlarını məyus edib.
Ümumiyyətlə, bir siyasətçinin bu cür davranışı nəyin əlaməti sayıla bilər?
Bir vaxtlar İ.Məmmədovla eyni siyasi partiyada təmsil olunan tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı qəzetimizə bildirdi ki, bu vür halların siyasətdə baş verməsi acınacaqlıdır: “Bəli, siyasi partiyanın məramı xalqa xidmət olmalıdır. O, bütün gücünü də xalqdan almalıdır. Bilin ki, xalqdan güc ala bilməyən qurum heç bir uğura imza ata bilməz. İndi bir çoxları özlərini lider adlandırır. Amma araşdıranda görürsən ki, onun nə xalq tərəfindən dəstəyi var, nə də liderə xas olan xüsusiyyətləri. Azərbaycanda lider sayıla biləcək siyasilər olub. Həm indiki iqtidara, həm də müxalifət cameəsinə bunu aid edə bilərik. Ancaq hazırda dediyiniz şəxsə bənzər elə adamlar var ki, onlar xırda bir QHT-yə partiya adını qoyub, özlərini də lider elan ediblər. Araşdırıldıqda məlum olacaq ki, onların maliyyələşməsi də xaricdən gəlir. Buna görə də xalqdan uzaq düşürlər. Çünki onlar real siyasətlə deyil, baş girələməklə məşğuldurlar. Ona görə də hətta xalqı təhqir etməkdən belə çəkinmirlər. Bəlkə də belə sifarişi elə xaricdəki yiyələrindən alırlar. Bəlkə də xaricə göstərmək istəyirlər ki, baxın, bizə də təzyiq edirlər. Bu cür adamlar əvvəllər ciblərində müəssisə möhürü gəzdirən idarə müdirlərinə oxşayırlar. Heç bir fəaliyyəti olmayan həmin müəssisənin mövcudluğu yalnız möhürlə ölçülürdü. Bunların da adı partiya, özləri isə “lider” qoyulub, amma ortada heç bir fəaliyyət yoxdur. Heç bir elektoratın olmaması bunları belə qeyri-ciddi işlərlə məşğul olmağa vadar edir. Təəssüf ki, bu, Azərbaycandakı siyasi reallığın bir hissəsində olan gerçəkliyin acı mənzərəsidir”.
Məhəmmədəli QƏRİBLİ