Cari il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm dəyişikliklərin olması gözlənir və proseslərin gedişi də bunun qaçılmaz olduğunu təsdiqləyir. Azərbaycan məhz cari il ərzində ya hərb, ya da sülh yolu ilə münaqişənin “ölü nöqtə“dən tərpənməsində israrlıdır və bunu Ermənistanın yeni rəhbərliyi də yaxşı başa düşür.
Elə bu fonda əsas gözləntilər ondan ibarətdir ki, İrəvan yeni Qarabağ savaşına rəvac verib daha böyük fəlakət məngənəsinə yuvarlanmamaq üçün konfliktin sülh yolu ilə həlli istiqamətində əməli addımlar atacaq. Hər halda, Azərbaycan da buna ümid edir və elə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində səslənən fikirlərdən bir daha bəlli olur ki, cari ildə münaqişənin həlli ilə bağlı böyük gözləntilər var. Öncə dövlət başçısı onu diqqətə çatdırıb ki, münaqişənin həlli işində Azərbaycan 2018-ci ildə çox ciddi mövqelərə malik olub: “Bildiyiniz kimi, Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Onu da deyə bilərəm ki, bizim Ermənistana qarşı apardığımız çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasətimiz öz bəhrəsini verdi. Biz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edə bilmişik, Ermənistan iqtisadiyyatının çökməsində bizim payımız da kifayət qədər böyükdür. Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər.
Bununla yanaşı, əlbəttə, hesab edirəm ki, bizim güclü hərbi potensialımız münaqişənin həlli üçün əsas amildir. Biz son illər ərzində öz hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq etdik. Azərbaycan ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək. Biz bundan sonra da öz hərbi qüdrətimizi artıracağıq. Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur. Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır və bundan sonra da biz hərbi qüdrətimizi artıracağıq“.
Beləliklə, Azərbaycan kifayət qədər aydın şəkildə mövqeyini ortaya qoyur və açıq şəkildə bildirir ki, məsələnin sülh yolu iləhəlli üçün müvafiq addımlar atılmasa, hərb qaçılmaz olacaq. Hərb variantı isə düşmən ölkə üçün daha böyük problemlər deməkdir və elə ötən il ərzində də erməni tərəfi buna bilavasitə şahiddik etdi. Belə ki, dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələri 2018-ci ildə də döyüş meydanında uğurlu əməliyyatlar həyata keçirdi. May ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, İrəvan-Gorus-Laçın yolu nəzarətə götürüldü. Bunun özü Ermənistanda kifayət qədər ciddi təşvişə yol açdı və elə indinin özündə də düşmən ölkədə ciddi rezonans yaratmaqda davam edir. Erməni ekspert David Şahnazaryan yenidən bu məsələyə toxunaraq bildirib ki, Azərbaycan Ermənistanla sərhəddə, Naxçıvan istiqamətində minlərlə hektar ərazini nəzarəti altına alıb: “Ən böyük təhlükə Qarabağı təhdid edir. Bu təhlükənin mənbəyi Azərbaycan, yaxud Türkiyə deyil, Ermənistanın hakimiyyətidir. Bu gün danışıqlar prosesində artıq geri dönməyən itkilərlə üz-üzəyik, Ermənistan-Azərbaycan sərhədində isə düşmən Naxçıvanda bir neçə min hektar ərazini nəzarəti altına alıb. Qoşunların təmas xəttində Azərbaycan hücum xarakterinə malik yeni hərbi qurğular tikir. 2019-cu il Qarabağın müdafiəsi baxlmından hamımız üçün ağır olacaq”.
Ermənistanın rəsmi şəxslərinin uzun müddət bu faktı inkar etmələri fonunda Şahnazaryanın sərhəddəki ərazilərin Azərbaycanın nəzarəti altına keçməsi haqqında bəyanatı diqqətəlayiqdir. Lakin Nikol Paşinyan da bu yaxınlarda nəhayət etiraf etmişdi ki, mövqelərin yerdəyişməsi baş verib. Bu xüsusda Paşinyan bildirmişdi: “Lakin mən rəsmi olaraq bəyan edirəm ki, mayın 8-i tarixinə Ermənistanın nəzarəti altnda olan torpaqlar bu cür olaraq qalır”. Lakin Avstraliyadakı Holokost və qətliamların öyrənilməsi institutunun analitiki Masis İngilisyanın məqaləsində peyk vasitəsilə çəkilmiş fotoşəkillərlə əyani olaraq nümayiş etdirilir ki, Azərbaycan ordusunun neytral ərazilərdə hərəkəti həm yayda, həm də payızda davam etdirilib. İngilisyanın hələ noyabr ayında dərc edilmiş məqaləsində deyilirdi ki, Azərbaycanın ordu bölməlrinin yeni mövqelərdə möhkəmlənməsinin nəticəsində ermənilər bir neçə postu qoyub gediblər, digər postları isə bir müddət sonra boşaltmağa məcbur olublar. Ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alınıb ki, bunun da 8 min hektardan çox hissəsi əkinçilik üçün yararlıdır. Bunu özünün Azərbaycan xalqına müraciətində, yuxarıda qeyd olunduğu kimi, Prezident İlham Əliyev də vurğulayıb. Məsələnin bu tərəfinə nəzər salan sabiq dövlət müşaviri Qabil Hüseynli qeyd edir ki, əslində, dövlət başçısı Azərbaycan ordusunun 2018-ci ildə əldə etdiyi uğurları təsadüfən xatırlatmadı. Politoloq bildirib ki, ötən il Azərbaycan Ordusu çox önəmli uğurlara imza atıb: “Belə ki, ordumuz Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində ümumi həcmi 11 min hektardan çox olan neytral zonaya nəzarəti ələ keçirdi. Bu ərazilər münbit torpaqlardan ibarət olmaqla bərabər, eyni zamanda, xüsusi strateji əhəmiyyətə də malikdir. Günnüt kəndi və Qızılqaya silsilə yüksəkliyinin çox böyük strateji əhəmiyyəti var. Çünki həmin ərazilərdən Ermənistanın az qala yarısına, kommunikasiya xətlərinə və yol infrastrukturlarına nəzarət etmək mümkündür. Hətta bu ərazidən Ermənistandan Xankəndiyə gedən yola da nəzarət etmək və oranı atəş altında saxlamaq olar. Təkcə Qızılqaya yüksəkliyi İrəvana sarsıdıcı raket və artilleriya zərbələri endirməyə imkan verir.
Azərbaycan ordusunun 2018-ci ildə Naxçıvanda keçirdiyi əməliyyatlar nəticəsində həmin ərazilər tam infrastrukturla təmin edilib, orada bir neçə post tikilib, bütün lazımı döyüş silahları və əsgəri heyət yerləşdirilib. Beləliklə, Azərbaycan ordusu həmin neytral ərazilərə tamamilə nəzarət etməsi nəticəsində çox böyük strateji üstünlüklər əldə edə bilib. Bu baxımdan da hesab edirəm ki, dövlət başçısı Azərbaycan Ordusunun 2018-ci ildə əldə etdiyi uğurları təsadüfən xatırlatmadı. Əldə olunan nailiyyətlər, müharibə baş verəcəyi təqdirdə, Azərbaycan ordusunun uğurlu əməliyyatlar aparmasına yol açacaq”.
Beləliklə, indi Azərbaycan Ermənistana cari il ərzində münaqişənin həlli üçün dinc müstəvidə zəruri addımlar atılmasına son şans verir. Əks təqdirdə hərbi yolla istəyinə nail olacağını da açıq şəkildə bəyan edir. Ermənistanın xarici işlər naziri səlahiyyətlərinin icraçısı Zöhrab Mnatsakanyanın isə məhz belə vəziyyətdə verdiyi açıqlamalar İrəvanın konstruktiv addımlar ata biləcəyini istisna etmir. Ermənistanın İctimai televiziyasında yayımlanan “Reallıqda bu gün” verilişində verdiyi açıqlmada ötən il Brüsseldə, Nyu-Yorkda və Milanda ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyilə azərbaycanlı həmkarı ilə keçirdiyi görüşləri xatırladan Mnatsakanyan münaqişənin həllinə dair həmsədrlərin və rəsmi Bakının fikirlərini dinlədiklərini, həmçinin, İrəvandakı yeni rəhbərliyin də yanaşmasını qarşı tərəfin diqqətinə çatdırdığını bildirib. Mnatsakanyan İrəvanın kompromisə gedərək ilk növbədə işğal altındakı ətraf rayonların qaytarılması perspektivlərinə toxunub. Lakin bu məsələdə olduqca ehtiyatlı danışmasına rəğmən, onun sözlərindən belə aydın olub ki, müvafiq təhlükəsizlik zəmanəti verilərsə, Ermənistanın yeni rəhbərliyi rayonların qaytarılmasını istisna etmir. Mnatsakanyan Ermənistanın əvvəlki hakimiyyətinin Nikol Paşinyan hökumətini Dağlıq Qarabağ nizamlanması üzrə Sankt-Peterburq, Vyana və Cenevrə görüşlərində əldə olunan razılaşmalardan imtina etməkdə günahlandırması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu razılaşmalar gündəlikdən çıxarılmayıb: “Lakin bizim üçün risqlərin azalması paketinin bütövlüyü vacibdir. Sankt-Peterburq, Vyana və Cenevrədəki danışıqlarla paralel olaraq təmas xəttində gərginlik də davam edirdi. Amma Düşənbədə Ermənistan və Azərbaycan liderlərinin planlaşdırılmamış görüşü risqlərin azaldılması istiqamətində çox vacib mərhələ oldu. Bu görüş nəticəsində atəşkəsin pozulması halları azaldı. İndi bizim əlimizdə konkret nəticə var və biz bundan məmnunuq”. Hər halda, qarşıdakı dövr ərzində Ermənistanın hansı addımlar atacağı daha dəqiq şəkildə müəyyən olunacaq. Məhz bundan sonra münaqişənin dinc, yoxsa hərb müstəvisində həll ediləcəyi də qəti olaraq müəyyən ediləcək. İndilikdə görünən budur ki, Ermənistanın təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıtması istiqamətində Azərbaycanın atdığı addımlar öz nəticəsini verməkdədir. Ən azı o baxımdan ki, Ermənistanın işğala son qoyması üçün bu ölkəyə yönəlik beynəlxalq tələblər artır. Artıq hamiləri də, əvvəlki kimi, Ermənistanı müdafiə etmir və Azərbaycanın yanında yer almaqdadırlar. Bütün bunlar nəticə etibarı ilə Azərbaycanın mövqelərini daha güclü hala gətirir və münaqişənin tezliklə həllini də qaçılmaz edir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.