Vüqar Qədirov: “Bu, Rusiyanın yeni Ermənistan rəhbərliyinə tam güvənmədiyinin göstəricisidir”
Rusiya Federasiyasının Baş naziri Dmitriy Medvedyev Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanı Yeni il bayramı münasibətilə təbrik edib. Erməni KİV-lərinin dərc etdiyi təbrik mətnində olduqca maraqlı olan məqam nəzərə çarpır.
Medvedyev Paşinyana xitabən bildirir ki, yola salınan 2018-ci ildə Ermənistanla Rusiya arasındakı münasibətlər müttəfiqlik əməkdaşlığı səviyyəsində inkişaf edib. Sonra Medvedyev iki ölkə arasındakı münasibətlərin Avrasiya İqtisadi Birliyi çərçivəsində də inkişaf etdiyi və qənaətbəxş olduğuna işarə edib. Ən maraqlısı isə budur ki, Rusiyanın Baş naziri Ermənistanla aralarında olan münasibəti müttəfiq əməkdaşlığı səviyyəsində dəyərləndirib. Qeyd edək ki, bir müddət əvvəl Rusiyadan Ermənistan rəhbərliyinə ünvanlanan məktublarda Ermənistanı tərəfdaş kimi qeyd edirdilər. Hətta KTMT-nin baş katibinin Paşinyana ünvanladığı təbrik məktubunda belə Ermənistan müttəfiq kimi qeyd edilmirdi. Sonra Putin Paşinyanı Moskvaya çağıranda “müttəfiq” ifadəsi işlətdi. Medvedyevin məktubunda isə Ermənistana tamamilə fərqli rakursdan yanaşılır. Bütün bunlar onu göstərir ki, Ermənistanla Rusiya arasındakı əlaqələrdə qeyri-müəyyənlik mövcuddur. Rusiya hələ də özü üçün Ermənistanla münasibətlərin tərəfdaş, müttəfiq və ya müttəfiq əməkdaşlığı səviyəsində olduğunu dəqiq müəyyən edə bilmir. Bunun səbəbi nə ilə bağlıdır?
Politoloq Vüqar Qədirov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunlar olduqca ciddi məsələlərdir: “Çoxları buna texniki bir anlaşılmazlıq kimi yanaşa bilər. Amma əsla belə deyil. Diplomatiyada belə təqdimatlara xüsusi önəm verilir. Yəni iki ölkə arasındakı münasibətlərin göstəricisi diplomatik ifadələr, terminlər vasitəsilə cəmiyyətə çatdırılır. Bundan əlavə, Medvedyevin Paşinyana ünvanladığı təbrikin ümumi məğzinə fikir vermək lazımdır. Həmin məktub sanki sovetlər dönəmində Yeni ildə adamların bir-birinə ünvanladıqları açıqcaları xatırladır. Sual oluna bilər: niyə Rusiya rəsmiləri daha ciddi məsələlərlə bağlı deyil, yalnız bayramla əlaqəli şablon xarakterli təbrik ünvanlayırlar? Yadınızdadırsa, Paşinyan seçkilərdə qalib gəlməsi ilə bağlı uzun müddət ərzində, lazımi məqamda Rusiya rəsmilərindən təbrik ala bilmədi. Hətta vəziyyət o həddə çatdı ki, Ermənistan rəsmiləri dilləri ilə Rusiyadan təbrik istədilər. Bəli, Rusiyadan Ermənistana ünvanlanan məktublarda çox ziddiyyətli məqamlar mövcuddur. Bunu müqayisə etmək üçün bundan əvvəlki Ermənistan rəhbərliyinə ünvanlanan məktublara nəzər yetirmək lazımdır. Onların hamısında Rusiya Ermənistanı müttəfiqi adlandırır, hətta qardaşlıq münasibətlərindən bəhs olunur. Hazırda isə Rusiya bir ay ərzində Ermənistanı 3 fərqli adla çağırır. Bu, Rusiyanın yeni Ermənistan rəhbərliyinə tam güvənmədiyinin göstəricisidir. Müttəfiq əməkdaşlığı o deməkdir ki, biz hələ müttəfiq deyilik, o sahədə əməkdaşlıq edirik. Ermənistanın Rusiyanın müttəfiqi olmaqdan birdən-birə müttəfiq əməkdaşlığı səviyyəsinə düşməsi Moskvanın onlara olan mövqeyinin dəyişdiyinin əlamətidir. Paşinyanın özü də dəfələrlə KTMT səviyyəsində olan münasibətdən narazı qaldığını bəyan edib. Hətta deyirdi ki, belə müttəfiqlik olmur. Görünən budur ki, həm Rusiya, həm də KTMT ölkələri artıq Ermənistana birmənalı müttəfiq kimi yanaşmırlar. Yəqin ki, növbəti məktublarda biz Ermənistana xitabən daha yeni müraciətlərin şahidi olacağıq. Əslində, özünü ciddi sayan ölkə bu münasibətlə bağlı izahat tələb etməlidir. Ancaq Ermənistan baş verənlərin hamısını asanlıqla həzm edir”.
Məhəmmədəli QƏRİBLİ