Qabil Hüseynli: “2018-ci ildə əldə olunan ciddi uğurlar 2019-cu ildə bizi daha böyük qələbələrə aparacaq”
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə ölkəmizin 2018-ci ildə Dağlıq Qarabağ konflikti ilə bağlı çox ciddi mövqelərə malik olduğunu bildirib:
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində biz prinsipial mövqeyimizdə qalırıq. Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır.
Deyə bilərəm ki, münaqişənin həlli işində Azərbaycan 2018-ci ildə çox ciddi mövqelərə malik oldu. Bildiyiniz kimi, Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Onu da deyə bilərəm ki, bizim Ermənistana qarşı apardığımız çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasətimiz öz bəhrəsini verdi. Biz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edə bilmişik, Ermənistan iqtisadiyyatının çökməsində bizim payımız da kifayət qədər böyükdür. Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər”.
Ölkəmiz 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsi istiqamətində hansı ciddi mövqeləri əldə edib?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, ölkə başçısının 2018-ci ildə diplomatiya sahəsində əldə etdiyimiz uğurlarla bağlı söylədikləri konkret faktlara söykənir: “Bilirsiniz ki, yola saldığımız ildə Azərbaycan bütün istiqamətlər üzrə ciddi uğurlara imza atıb. Ancaq bizim üçün ən prioritet məsələ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması olduğu üçün, bu istiqamətdə baş verən hadisələrə daha əhatəli yanaşırıq. Düzdür, 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsi həllini tapmasa da, problemin həlli istiqamətində Azərbaycanın mövqeləri kifayət qədər güclənib. Birincisi, siyasi üstünlüyümüzdür. Bu onda özünü göstərir ki, bu il heç bir dünya dövləti, beynəlxalq təşkilat, hətta Ermənistanın özü belə qondarma "Dağlıq Qarabağ” rejimini tanıya bilmədi. Qondarma rejimdə qondarma referendum keçirdilər, lakin bunu heç bir dövlət, beynəlxalq təşkilat tanımadı. Beynəlxalq birlik növbəti dəfə təsdiqlədi ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Biz mötəbər qurumlarda münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı sənədlərin qəbulunun şahidi olduq. NATO, Avropa Birliyi, Qoşulmama Hərəkatının qəbul etdiyi qətnamələrdə bu detal xüsusi olaraq vurğulanıb. Bundan əlavə, yola saldığımız ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Dağlıq Qarabağ münaqişəsi üzərində hakimiyyətə gələn hərbi xunta hakimiyyətdən salındı. Ölkə başçısı da dəfələrlə bəyan edib ki, orada baş verən hakimiyyət dəyişikliyində Azərbaycanın da rolu böyük olub. Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında həm Düşənbədə, həm də Sankt-Peterburqda görüş oldu. Bundan başqa, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir neçə görüşü keçirilib. Bununla yanaşı, biz hərbi sahədə də ciddi uğurlar əldə etdik. Ordu quruculuğu sahəsində 2018-ci ildə ciddi nailiyyətlərimiz oldu. Ən müasir silahları alıb ordumuzun arsenalına daxil etdik. Eyni zamanda, 2018-ci ilin mart ayında Naxçıvan istiqamətində ciddi hərbi uğura imza atdıq. Nəticədə 11 min hektar əraziyə nəzarəti bərpa etdik. Bütün bu uğurlar da Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi istiqamətində əldə etdiyi uğurları şərtləndirən faktordur. Əminliklə deyə bilərik ki, 2018-ci ildə əldə olunan ciddi uğurlar 2019-cu ildə bizi daha böyük qələbələrə aparacaq”.
Məhəmmədəli QƏRİBLİ