Məhəmməd Əsədullazadə: “Hazırda regionda situasiya dəyişib və münaqişənin həlli mütləqdir”
Ötən ilin mayında Azərbaycan Ordusunun apardığı uğurlu Günnüt əməliyyatı nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektar ərazisi erməni işğalından azad edildi. Azərbaycan tərəfinin bunu rəsmən bəyan etməsinə rəğmən, Ermənistan tərəfi hər vəchlə bunu inkar etməyə çalışdı. Xüsusən də rəsmi səviyyədə guya belə bir şeyin baş vermədiyini bəyan etdilər. İndinin özündə də bunu inkar edənlər var. Ancaq vəziyyət o həddə gəlib çatıb ki, artıq erməni tərəfi də reallığı etiraf edərək bu vaxta qədər səslənə yalanları ifşa edir.
Belə ki, Ermənistan Respublikaçılar Partiyasından deputatlığa keçmiş namizəd, məşhur ekspert, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri və Milli Təhlükəsizlik Şurasının 1990-cı illərdə başçısı olmuş David Şahnazaryan erməni mətbuatına açıqlamasında Azərbaycanın uğurunu etiraf edib. O bildirib ki, Azərbaycan Ermənistanla sərhəddə, Naxçıvan istiqamətində minlərlə hektar ərazini nəzarəti altına alıb: “Ən böyük təhlükə Qarabağı təhdid edir. Bu təhlükənin mənbəyi Azərbaycan, yaxud Türkiyə deyil, Ermənistanın hakimiyyətidir. Bu gün danışıqlar prosesində artıq geri dönməyən itkilərlə üz-üzəyik, Ermənistan-Azərbaycan sərhədində isə rəqib Naxçıvanda bir neçə min hektar ərazini nəzarəti altına alıb. Qoşunların təmas xəttində Azərbaycan hücum xarakterinə malik yeni hərbi qurğular tikir. 2019-cu il Qarabağın müdafiəsi baxımından hamımız üçün ağır olacaq”.
Ermənistanın rəsmi şəxslərinin uzun müddət bu faktı inkar etməsi fonunda, Şahnazaryanın sərhəddəki ərazilərin Azərbaycanın nəzarəti altına keçməsi haqqında bəyanatı sözügedən yalanların ifşası baxımından mühüm əhəmiyyət kəsb edir.
Bununla yanaşı, Avstraliyadakı Holokost və qətliamların öyrənilməsi institutunun analitiki Masis İngilisyanın məqaləsində peyk vasitəsilə çəkilmiş fotoşəkillərlə əyani olaraq nümayiş etdirilir ki, Azərbaycan Ordusunun neytral ərazilərdə hərəkəti həm yayda, həm də payızda davam etdirilib. İngilisyanın noyabr ayında dərc edilmiş məqaləsində deyilirdi ki, Azərbaycanın ordu bölmələrinin yeni mövqelərdə möhkəmlənməsi nəticəsində ermənilər bir neçə postu qoyub gediblər, digər postları isə bir müddət sonra boşaltmağa məcbur olublar.
Bütün bunlar Ermənistan rəsmilərinin yalanlarını bir daha ortaya qoyur və real mənzərənin nədən ibarət olduğunu göstərir.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan hakimiyyəti uzun müddət ictimaiyyəti aldada bilməz: “Ona görə ki, Azərbaycan Ordusu Naxçıvan istiqamətində ciddi uğurlar əldə edib. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətində ötən il keçirdiyi uğurlu Günnüt əməliyyatı ilə ermənilərin nəzarətində olan adıçəkilən kənd və digər strateji yüksəkliklər azad edildi. Azərbaycanın bu uğuru Ermənistan üçün gözlənilməz idi. Təbii ki, Azərbaycanın ötən əsrin 90-cı illərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri tədricən geri qaytarması bu ölkənin siyasi elitasında çaxnaşma yaradır. Bu onu göstərir ki, Ermənistan ordusu zəifdir və heç bir müdafiə qabiliyyəti yoxdur. Bundan əlavə, Azərbaycanın Ermənistandakı siyasi çxnaşmadan istifadə edərək minlərlə hektar ərazini ələ keçirməsi işğalçı dövlətə siyasi və hərbi baxımdan zərbədir. Azərbaycan Ordusu analoji addımı istənilən an Qarabağda da ata bilmək imkanına malikdir. Bununla Şahnazaryan Azərbaycanın uğurlu əməliyyatını sübut etməklə, Ermənistan ordusunun zəifliyini etiraf etdi. Bu gün Azərbaycan Ordusu öz döyüş qabiliyyətinə görə regionun güclü silahlı qüvvələrinə malikdir. Hazırda Ermənistandakı siyasi vəziyyətə görə Azərbaycan müəyyən qədər siyasi iradə nümayiş etdirib, təzyiqləri dayandırıb. Danışıqların davam etməsi gözlənir. İl ərzində Azərbaycanın müəyyən gözləntiləri var. Ermənistan tərəfi substantiv danışıqlarda maraqlı olmasa, əraziləri boşaltmasa, ölkəmiz tərəfindən işğalçıya qəti təzyiqlər başlaya bilər. Hazırda regionda situasiya dəyişib və münaqişənin həlli mütləqdir”.
Vidadi ORDAHALLI