Yeganə Hacıyeva: “Bütün bunlar Ermənistan diplomatiyasının hələ də güzəştə hazır olmadığını açıq-aşkar göstərmiş olur”
Ermənistanın xarici işlər naziri səlahiyyətlərinin icraçısı Zohrab Mnatsakanyan Yeni il bayramı ərəfəsində Ermənistan-Azərbaycan sərhəddinin cənub-qərb istiqaməti üzrə qoşunların təmas xəttindəki hərbi hissələrdən birində olub.
Erməni KİV-lərinin verdiyi məlumata görə, hərbçiləri bayram münasibətilə təbrik edən xarici işlər naziri əvəzi onların qarşısında sülh danışıqlarının mahiyyəti ilə ziddiyyət təşkil edən fikirlər səsləndirib. Sitat: “Biz diplomatların işi sizin əldə etdiyiniz qələbələri davam etdirməkdən ibarətdir. Elə sülhün təminatına nail olmalıyıq ki, bu, Ermənistan və Dağlıq Qarabağın maraqlarını tam təmin etsin”.
Çıxışının sonunu Mnatsakanyan Ermənistan ordusunun güclü və qarşıya qoyulan istənilən tapşırığın öhdəsindən gəlməyə qadir olduğuna dair yalan fikirlərə həsr edib. Diplomat ən sonda hərbçilərə 2019-cu ildə sülh arzulayıb.
Göründüyü kimi, Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edən şəxs çox ziddiyyətli fikirlər səsləndirib. Ən əsası isə deyib ki, diplomatların işi hərbçilərin qələbəsini davam etdirməkdir. Onun bu fikirləri sülhə meylli olmaqdan deyil, avantüradan xəbər verir. Mnatsakanyanın əsgərlər qarşısında söylədiyi bayram təbrikini necə dəyərləndirmək olar?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Mnatsakanyanın həmin fikirləri ilə o da yaxından tanış olub: “Olduqca ziddiyyətli danışıb. Bundan açıq-aydın görünür ki, Ermənistanda formalaşan yeni hakimiyyət Dağlıq Qarabağ mövzusunda sələflərindən fərqlənən hər hansı bir mövqeyi ortaya qoymur. Mnatsakanyanın fikirlərinə diqqət edək. Deyir ki, diplomatların vəzifəsi hərbçilərin uğurunu davam etdirməkdir. Bu o deməkdir ki, Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı əldə olunan üstünlük hərbçilərin qələbəsidir və diplomatlar danışıqlarda bu mövqeyi əldən verməməlidirlər. Bir qədər sonra isə hərbçilərə 2019-cu ildə sülh arzulayır. Belə nəticə çıxara bilərik ki, Ermənistan diplomatiyasına rəhbərlik edən şəxs sülhü məhz indiki status-kvonun qorunub saxlanması şərtilə istəyir. Yəni ermənilər həm müharibə etməkdən qorxurlar, sülh istəyirlər. Eyni zamanda, sülhə aparan addımları atmaq istəmirlər. Bilirsiniz ki, onların işğaldan əl çəkməyəcəyi təqdirdə hansısa sülhün bərqərar olmasından danışmaq yersizdir. Ermənistanın baş diplomatı hərbçilərin əldə etdiyi qələbəni davam etdirməyi özünün vəzifə borcu hesab edirsə, onda onun sülhdən danışması da yersizdir. Bütün bunlar Ermənistan diplomatiyasının hələ də güzəştə hazır olmadığını açıq-aşkar göstərmiş olur. Onların məhz bu şərtlər daxilində sülh istəməsi isə olduqca qeyri-müəyyən görünür. Bu onların qeyri-konstruktiv mövqeni davam etdirmək istəyindən xəbər verir”.
Politoloq hesab edir ki, Ermənistan rəsmilərinin nə istəməsindən asılı olmayaraq, 2019-cu ildə Dağlıq Qarabağ konflikti ilə bağlı ciddi irəliləyişlərin olacağı gözlənir: “Bu barədə biz bir çox rəsmilərin dilindən bəyanatlar eşitmişik. Bütün bunlar onu söyləməyə əsas verir ki, Ermənistan konstruktiv olmağa meylli olmasa belə, buna məcbur ediləcək. Çünki dünyada və regionda cərəyan edən proseslər belə bir yanaşmanın ortaya qoyulmasını tələb edir. Bu baxımdan da Mnatsakanyanın sülhlə hərb arasında müəmmalı manevrləri heç bir səmərə verməyəcək. Ondan və təmsil olunduğu hakimiyyətdən konkretlik tələb ediləcək”.
Məhəmmədəli QƏRİBLİ