Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri zamanı rəsmi səviyyədə münasibətlərin yüksək olduğu bildirilsə də, reallıq bunun tamam əksini göstərir. Vəziyyət əslində Paşinyanın Vladimir Putinlə görüşünün hazırkı erməni hökuməti ilə Kreml arasında yaranmış uçurumu daha da dərinləşdirdiyini üzə çıxarır.
Məsələn, məlum olur ki, Paşinyan qaz məsələsində Moskvanı yola gətirə bilməyib. Elə bu durumda Paşinyan ermənilər üçün həyati əhəmiyyətə malik qaz probleminin həllinin dalana dirənməsini ört-basdır etməkdən ötrü səfərdən dərhal sonra “Feysbuk” hesabında uğursuz Moskva səfərinin yekunlarına “bəzək-düzək” verib: “Qazla bağlı qərar qəbul edilməsə də, müzakirələr davam etdirilir”. Paşinyan bu sözlərlə problemin həlli üçün səfər etdiyi Moskvadan əslində əliboş qayıtdığını dolayı yolla etiraf edib.
Ən maraqlısı isə Paşinyanın həbs etdiyi Robert Köçəryana Putinin növbəti təbriki idi. Putin əliboş yola saldığı Paşinyanı İrəvanda Köçəryana Yeni il təbriki ilə “qarşıladı”. Bu durumda vəziyyətin pisləşdiyini göstərən digər amil 102-ci rus hərbi bazası ilə bağlıdır. Paşinyanın səfərindən sonra məlum olub ki, Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında keçirilən etiraz aksiyaları davamlı xarakter daşıyacaq və mümkündür ki, təşəbbüs iştirakçıları yaxın zamanda Gümrüdəki 102-ci rus hərbi bazası qarşısında da aksiya keçirsinlər. Ermənistanın Avropa Partiyasının həmsədri Tiqran Xzmalyan “1in.am” saytına açıqlamasında qeyd edib ki, 12 yanvar 2018-ci ildə Gümrüyə yollanmaq niyyətindədirlər: “Bu, xanım Cülyetta Kazaryanın öldürülməsinin 40-cı günü olacaq və elə alındı ki, həmin gün Avetisyan ailəsinin qətl edilməsinin də 6-cı ildönümü tamam olur. Biz 102-ci hərbi baza qarşısında matəm və etiraz aksiyası keçirməyə hazırlaşırıq”.
Xzmalyan qeyd edib ki, onların təşəbbüsü konkretdir, rus qoşunlarının Ermənistandan çıxarılmasından başqa heç bir tələb irəli sürülməməlidir: “Mən xüsusi olaraq Narine Mkrtçyana da xəbərdarlıq etdim ki, biz maddələrinin bir hissəsi tamamilə rus tərəfinə aid olmayan petisiyaya qoşulmayacağıq. Qanuna, ləyaqətə və sairə əməl etmək tələbləri isə başqa instansiyalara ünvanlanmalıdır. Bu, prokurorluğun, Ermənistan Ədliyyə Nazirliyinin vəzifəsidir. Mən rus tərəfinə qarşı belə tələblərin irəli sürülməsini qəribə hesab edirəm”. O qeyd edib ki, Rusiyadan iki tələbləri var: “Birincisini biz 29 noyabrda təqdim etdik və bunu etməyə davam edəcəyik. Bu – 1921-ci il rus-türk müqaviləsinin ləğv edilməsi, bizim siyasi prinsiplərimizdən biridir. İkincisi isə, rus qoşunlarının, ordusunun Ermənistandan çıxarılmasıdır”.
Publisist Narine Dilbaryan, öz növbəsində, “1in.am”la söhbətində qeyd edib ki, onların tələbləri öz qüvvəsində qalır: “Lakin “biz konkret cavab və vəd aldıq” demək düzgün olmazdı. Beləliklə, biz bir qədər gözlədikdən və hadisələrin inkişafına baxdıqdan sonra aksiyaları bir qədər fərqli formatda davam etdirə bilərik”. Narine Dilbaryan həmçinin qeyd edib ki, yalnız İrəvanda deyil, Gümrüdə də fəaliyyət göstərməyə davam edirlər: “Aksiya göstərdi ki, bizim təşəbbüslə həmfikir olanlar var. Biz qarşımıza kəmiyyətlə bağlı vəzifə qoymamışdıq, bizim aksiyamız çoxsaylı deyildi. Lakin cəmiyyətin reaksiyasına əsasən mən anladım ki, maraq böyükdür. Sadəcə, onlar ənənəvi prinsiplərdən çıxış edərək və zamanı nəzərə alaraq küçəyə çıxmadılar. Rus hərbi bazasının öz fəaliyyətini və bizim vətəndaşlarımızın təhlükəsizliyini götür-qoy etməli olması, heç şübhəsiz, yüksək səviyyələrə çatdırılmalıdır”.
Xanım Dilbaryan onu da qeyd edib ki, 12 yanvarda onlar Xzmalyanın təşəbbüsü ilə keçiriləcək aksiyaya qoşulacaqlar: “Bu, hətta Ermənistanın suverenliyi və vətəndaşlarının təhlükəsizliyi məsələlərini diqqət mərkəzində saxlamaları üçün bizim hakimiyyətə dəstək olacaq”.
Narine Dilbaryan əlavə edib: “Xüsusilə rusdilli mətbuatda mən gördüm ki, ayağa qalxmağa və bizim aksiya əleyhinə aksiya keçirməyə, daim Rusiya ilə birlikdə olduqlarını göstərməyə cəhd etdilər… Lakin bizim aksiyamız antirusiya xarakteri daşımırdı, ümumiyyətlə, kimisə Rusiya və ya Amerika əleyhdarlığında ittiham etmək düzgün deyil. Sadəcə, bizim suverenliyimizə hörmət etməyən məlum dövlətdən tələb etmək lazımdır ki, bütün öz addımlarını və hərəkətlərini bizim qanunvericiliyə və maraqlarımıza uyğun hala gətirsin. Ermənistan Respublikası vətəndaşlarının əhəmiyyətli bir hissəsi istəyir ki, bu hərbi baza bizim maraqlarımızı nəzərə alsın və Ermənistana zərər verə biləcək hərəkətlər etməsin. Yəni burada antirusiyaçılıqdan söhbət getmir, əsas məsələ Ermənistanın suverenliyi və vətəndaşlarının müdafiəsidir. Və bu məsələdə biz həmfikirlər tapmışıq”.
Tahir TAĞIYEV