Elşən Manafov: “Paşinyan iqtidarında zamanında “Soros Fondu” tərəfindən maliyyələşdirilən və ciddi qrantlar alan nazirlər var”
Rusiya və Ermənistan qazın qiyməti məsələsində razılığa gələ bilməyiblər. Yayılan məlumata görə, bu barədə Rusiya Prezidenti ilə görüşdən sonra İrəvana qayıdan Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan öz "Facebook" səhifəsində məlumat verib.
O, sözügedən məsələ ilə bağlı bildirib ki, bu məsələdə razılıq əldə olunmayıb: “Bununla bağlı müzakirələr davam edir. Təsdiq olundu ki, bu, ikitərəfli əlaqələr üçün olduqca həssas məsələdir və bunu həm Yerevanda, həm də Moskvada anlayırlar”.
Ancaq Paşinyan bu məsələdə hələ ümidini üzməyib: “Lakin, ümumilikdə, mən bu məsələdə optimist əhval-ruhiyyədəyəm. Ümid edirəm ki, bu məsələ istədiyimiz məcrada cərəyan edəcək”.
Məlumat üçün qeyd edək ki, Ermənistanın "Jamanak" qəzeti daha əvvəl Rusiyanın Ermənistana satdığı qazın qiymətini 2019-cu il yanvarın 1-dən artıracağı barədə məlumat yayıb. "Rusiya ilə qaz tarifi barədə müqavilə 2018-ci il dekabrın 31-də başa çatır. Bizdə olan məlumata görə, Rusiya qazın qiymətini artıracaq və buna görə istehlakçılar daha çox pul ödəməli olacaqlar" - deyə məlumatda bildirilib.
Hazırda Rusiya Ermənistana qazın hər min kubmetrini 150 dollara satır. Qiymətin qaldırılması indiki vəziyyətdə Ermənistan iqtisadiyyatı üçün heç cür sərfəli deyi. Paşinyanın səfərindən əvvəl hakimiyyət təmsilçiləri belə rəy yaratmağa çalışırdılar ki, qiymət məsələsində Rusiya güzəştə gedəcək. Bunu onunla əsaslandırırdılar ki, iki ölkə münasibətlərinin həssas olduğu hazırkı vaxtda Kreml qiymətlərdə güzəştə gedəcək. Ancaq, göründüyü kimi, bu baş vermədi.
Maraqlıdır, bəs ekspertlərin sözügedən məsələ ilə bağlı gözləntiləri nədir?
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, qazla bağlı razılığın ortada olmaması Paşinyan iqtidarının xarici siyasəti ilə bağlıdır: “Çünki Paşinyan seçkilər ərəfəsində olduğu kimi, ondan sonrakı dövrdə də Ermənistanın Qərbə inteqrasiyası ilə bağlı prosesləri sürətləndirmək istəyir. Dolayısı ilə uzaq perspektivdə Ermənistanı Rusiyanın təsirindən çıxarmaq istəyir. Bunun bir göstəricisi ondan ibarətdir ki, Paşinyan iqtidarında zamanında “Soros Fondu” tərəfindən maliyyələşdirilən və ciddi qrantlar alan nazirlər var. Soros da MDB məkanında “rəngli inqilab”ların banisidir. “Rəngli inqilab”lar da MDB ölkələrini Rusiyanın təsirindən çıxarmağı özündə ehtiva edir. Bu kontekstdə düşünürəm ki, əslində, Rusiyanın Ermənistana bundan sonra verə biləcəyi qazın qiyməti İrəvanı narazı sala bilər. Bu, əslində, indiki Ermənistan hakimiyyətinə qarşı ciddi iqtisadi təzyiq vasitəsi kimi düşünülüb. Ona görə də Paşinyan Putinin ortalığa qoyduğu şərtlərə əməl etsə, o zaman qiymət aşağı salına bilər. Yəni Ermənistanın Qərbə inteqrasiya prosesləri ləngisə, Rusiyanın istədiyi format çərçivəsində iki ölkə münasibətləri qurulsa, o zaman qaz tarifləri aşağı salına bilər. Bir vaxtlar Belarus da bənzər addımlar atırdı, amma Lukaşenkonun bu siyasəti Kremldə qıcıq yaratdı. Nəticədə Belarusa verilən qazın qiyməti qaldırıldı. Ancaq Lukaşenko müəyyən qədər Rusiyanın xeyrinə addım atan kimi, qaz qiymətləri aşağı salındı. Nəzərə almaq lazımdır ki, yeni qiymətlərlə qazın Ermənistana satılması bu ölkədə sosial gərginliklərə səbəb olacaq. Bu isə əhalinin Paşinyana yönəlik narazılıqlarına səbəb olacaq. Bu kontekstdə Rusiya “əl yeri” qoyacaq ki, ölkədə müxalifətin əli ilə Paşinyanın xeyrinə səs verən seçiciləri onun özünə qarşı qaldırsın. Bütün hallarda, bu, Rusiyanın Ermənistana yönəlik təzyiqidir”.
Vidadi ORDAHALLI