Zərdüşt Əlizadə: “Rusiya Ermənistanı öz qarmağında saxlayıb, ona həm iqtisadi, həm də siyasi təzyiqlərini davam etdirirsə...”
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşüb. Maraqlıdır ki, Paşinyan görüşdə İrəvanla Moskva arasında qalması ilə bağlı fikirlərlə başlayıb.
N.Paşinyan deyib: “Artıq neçənci görüşüm olduğunun hesabını itirdim. Protokoldan olan uşaqlar mənə gizlicə dedilər ki, mən Rusiyaya ən çox səfər edən xarici liderlərdən biriyəm. Əminəm ki, bu səfərlər bizim strateji əlaqələrimizin əhəmiyyətini göstərir və münasibətlərimizin bu cür dinamikası qorunub saxlanacaq”.
Rusiya Prezidenti Vladimir Putin Kremldəki görüşdə Nikol Paşinyanı partiyasının seçkilərdə qələbəsi münasibətilə təbrik edib və bütün planlarının reallaşdırılmasında uğurlar diləyib.
N.Paşinyanla görüşdə V.Putin, həmçinin, bildirib ki, Rusiya və Ermənistan arasında əmtəə dövriyyəsi artır, bu dinamikanı, eləcə də başqa istiqamətlər üzrə iki ölkənin qarşılıqlı fəaliyyətini saxlamaq lazımdır: "Bizim münasibətlərimizi xarakterizə etmək lazım deyil: bu həqiqətən də kifayət qədər yüksək məzmunla dolu müttəfiq münasibətləridir”.
Onun sözlərinə görə, Moskva İrəvanla münasibətlərin belə səviyyəsinin, həm də yalnız iqtisadi sferada deyil, eləcə də başqa istiqamətlərdə, xüsusən də təhlükəsizliyin təmin olunması sahəsində saxlanması üçün ondan asılı olan hər şeyi etməyə hazırdır. "Ümumiyyətlə, çox zəngin bir gündəliyimiz var", - deyə Putin vurğulayıb.
Nikol Paşinyan görüşün gedişatında Rusiya Prezidenti Vladimir Putini növbəti ildə Ermənistana səfərə dəvət edib: "Biz, həmçinin, növbəti ildə Sizi Ermənistanda rəsmi səfərlə gözləyirik və bu bizim üçün çox xoş olacaq”.
Diqqətçəkən məqam ondan ibarətdir ki, Putin Ermənistanla münasibətlərini müttəfiqlik səviyyəsində dəyərləndirib. Bundan əvvəl isə Rusiyadan gələn ismarıclarda onlar Ermənistanı strateji tərəfdaş olaraq qeyd edirdilər. Hətta birbaşa Moskvanın nəzarəti altında olan KTMT-nin yeni baş katibinin Paşinyana ünvanladığı təbrik məktubunda da Ermənistana strateji tərəfdaş olaraq xitab edilirdi. Rusiya XİN adından bildirilən münasibətlərdə də Mariya Zaxarova Ermənistanı müttəfiq kimi təsnifatlandırmırdı. Bütün bunların fonunda, Putinin Ermənistanı əsl müttəfiq kimi təqdim etməsini necə dəyərləndirmək olar?
Politoloq Zərdüş Əlizadə hesab edir ki, belə ifadələrin və ya diplomatik terminlərin yerinin dəyişməsi Ermənistanla Rusiyanın dərhal qardaşlaşması anlamına gələ bilməz: “Ermənistan 100 faiz Rusiyadan asılıdır. Bu asılılığın 20 faizini Rusiya təşkil edibsə, 80 faizini ermənilər edib. Ermənilər öz milli şüurunda özləri üçün Rusiya adlı qəfəs qurub və uzun illərdir bu qəfəsin içində yaşayırlar. Qəfəsin içində olduğun təqdirdə manevr imkanların məhdud olmalıdır”.
Politoloq deyir ki, erməni lider ölkəsində keçirilən parlament seçkilərindən sonra Rusiyaya səfər edib: “Daxildə erməni əhali ona böyük ümidlər bəsləyir. Putinlə danışıqlarda iqtisadi məsələlər və Qarabağ münaqişəsini müzakirə ediblər. Rusiya hətta öz müttəfiqlərinə iqtisadi sahədə güzəştə getmək istəmir. Paşinyanla görüşdən əvvəl Putin Belarus Prezidenti Lukaşenko ilə də görüşüb. Lukaşenko təklif etdi ki, qazı Belarusa Rusiya daxili bazarında satılan qiymətlə satsın. Putinin də mövqeyi belə oldu ki, neft və qaz sizə Avropada olan qiymətdən ucuz, amma Rusiyada olan qiymətdən də baha satılacaq. Rusiya istəmir ki, bir neçə milyard dolları bağışlasın, heç nədən versin. Bu halda, Putin nədən Ermənistana satılan neft və qazın qiymətini endirsin, heç nədən pulları bağışlasın? Ermənistan hansı məsələdə Rusiyanı hədələyə və Moskva bu səbəbdən geri çəkilərək neft-qazın qiymətini aşağı sala bilər? Belə bir şey yoxdur. Putin etmək istəsə, simvolik bir güzəşt edə bilər. Amma Belarusa güzəşt etməyən Putinin Paşinyana güzəşt edəcəyi də ağlabatan deyil. Üstəlik, nəzərə almaq lazımdır ki, Rusiya Ermənistana qazı başqa metodla satır. Yəni “Qazprom”un törəmə şirkəti Ermənistanda qazı satır. Qazı 200 dollara alıb 250 dollara satırlar. Erməni və rus işbazlar beləcə böyük qazanc əldə edirlər. Ukrayna ilə də eyni sxem işləyirdi. Bu həm də oğurluq sxemidir”.
Politoloqun sözlərinə görə, Paşinyan Qarabağ məsələsində də Rusiyanın lazımi dəstəyini ala bilmir: “Ermənistan istəyir ki, hərbi qələbəsini rəsmiləşdirərək, Qarabağı özünə birləşdirsin. Əgər bu mümkün deyilsə, Qarabağ Ermənistanın cibində “müstəqil dövlət” olsun. Rusiya Ermənistanın bu istəyinə tüpürmək belə istəmir. Rusiyanın məqsədi münaqişənin qalmasıdır. Yəni münaqişənin forması dəyişə bilər, amma məzmunu qalsın. Çünki bu qarmaqdır. Bu qarmaq Ermənistana keçirilib və əldə saxlanır. Üstəlik, Ermənistanın pulu olmadığından, aldığı silahlara görə Rusiya qarşısında borcu artır. Bu halda niyə Rusiya Qarabağ münaqişəsinin həllində maraqlı olmalıdır? Göründüyü kimi, vəziyyət heç də Putinin ifadə etdiyi ideal müttəfiqlik məcrasında davam etmir. Rusiya Ermənistanı öz qarmağında saxlayıb, ona həm iqtisadi, həm də siyasi təzyiqlərini davam etdirirsə, hansı müttəfiqlikdən söhbət gedə bilər?”
Məhəmmədəli QƏRİBLİ