“Azərbaycan gənci öz dövlətini sevdiyi, onun parlaq gələcəyinə inandığı üçün belə işlərdə fəallığını ortaya qoyur”
Fransaya sığınaraq Azərbaycanın bir çox ictimai-siyasi xadiminə qarşı çirkin kampaniya aparan, heç bir çərçivəyə sığmayan hədyanlar səsləndirən Vidadi İsgəndərli ilə bağlı petisiya başladılıb.
Petisiyaya siyasətdə söyüşə və təhqirə qarşı olan hər bir kəs qoşula bilər. Petisiyada məqsəd Fransa hökumətindən Vidadi İsgəndərli ilə bağlı hüquqi ölçü götürülməsini tələb etməkdir. "Ən vulqar ifadələr belə bu adama münasibətdə qeyri-adekvat, yumşaq rəy kimi görünür. Hamımız onun murdar fəaliyyətinə etirazımızı bildirək!", deyə müraciətdə bildirilir. Petisiyanın təşəbbüskarları bildirirlər ki, Fransa dövlətinin Vidadi İsgəndərli kimi pozucu və cinayətkar fəaliyyət göstərən birisinə şərait yaratması Azərbaycan cəmiyyətində təəssüf doğurur. Onun çıxışlarında insanları zorakılığa, terrora çağırmaq, qeyri-konstitusion davranışa sövq etmək kimi məqamlar aydın görünür ki, bu da suveren xalqın iradəsinə, demokratiya normalarına, habelə beynəlxalq qanunvericiliyə ziddir.
Şübhəli şəkildə Fransada “siyasi sığınacaq” almış, bu ölkədə yaşayaraq Azərbaycanın dövlət institutlarını və simvollarını ən eybəcər formada təhqir edən, xalqı konstitusion quruluşu devirməyə çağıran Vidadi İsgəndərli adlı şəxsin qanunsuz və cinayətkar fəaliyyətinə hər cür şərait yaradılması yolverilməzdir.
Vidadi İsgəndərli Azərbaycanda olarkən heç bir siyasi fəaliyyət göstərmədiyindən, “siyasi mühacir” sayıla bilməz. O, vaxtilə işlədiyi dövlət orqanından yol verdiyi ciddi nöqsanlara görə çıxarıldıqdan sonra qisas almaq məqsədilə Azərbaycanda pozuluculuq fəaliyyəti göstərib, sosial şəbəkələrdə yerləşdirdiyi videolarda iğtişaşlar törədəciyini, hakimiyyəti devirəcəyini dəfələrlə bəyan edib.
Bu fakt həmin adamın Azərbaycan xalqının iradəsinə hörmətsizliyini və qanunazidd əməllər törətdiyini aydın şəkildə göstərməklə yanaşı, həm də onun psixoloji cəhətdən adekvat olmadığını anlamaq üçün kifayətdir. Bu, Azərbaycan dövlətinə və millətinə qarşı açıq-aşkar təxribat və hörmətsizlikdir. Belə bir şəxsə Fransada sığınacaq verilməsi, onun fəaliyyətinə hər cür şərait yaradılması Fransa hakimiyyətinin Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur. Fransa dövləti, bu ölkənin aidiyyəti orqanları Vidadi İsgəndərlinin terror və zorakılıq çağırışlarına diqqət yetirməli və müvafiq tədbirlər görməlidir.
Nəzərə çarpan budur ki, Vidadi İsgəndərli ilə bağlı yaradılan petisiyaya Azərbaycan vətəndaşları, xüsusilə də gənclər aktiv şəkildə qoşulur. Gənclərin bu istiqamətdəki fəallığını nə ilə əsaslandırmaq olar?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, xaricə sığınan bu tip yaramazlarla mübarizə ən sərt şəkildə aparılmalıdır: “Aydın şəkildə görünür ki, bu cür adamların arxasında duran qüvvələr var. Bəlkə də onların fəaliyyətinə əvvəl hansısa bir-iki tərbiyəsi pozuq adamın virtual aləmdəki çıxışı kimi baxılırdı, amma sonra mənzərə dəyişdi. Hiss edildi ki, bunların əməllərini ssenariləşdirən, onlara maddi dəstək verən qüvvələr var. Siz təsəvvür edin ki, Avropanın ən aparıcı ölkələrində oturub bu cür tərbiyyəsiz və cinayətkar fəaliyyətlə məşğul olanlara qarşı heç bir tədbir görülmür. Vidadi İsgəndərlinin çıxışlarına fikir verin. Həmin adam Azərbaycanda əhalini dövləti zorla devirməyə, terrora və s. qanunsuz hərəkətlərə çağırır. Fransa hakimiyyəti niyə bunun qarşısını almır? Burda qanunsuz bir əməl yoxdursa, onda gəlin eyni eksperimenti biz edək. Bir anlıq hansısa ölkə ilə bağlı Azərbaycandan çağırışlar olunsun. Dərhal buna etiraz edərlər. Ona görə də, məhz bu məzmunlu petisiya ortaya çıxıb. Petisiyadakı tələbləri tam haqlı sayıram. Gənclərin bu istiqamətdəki fəallığı da anlaşılandı. Çünki müasir Azərbaycan gəncini Vidadi kimilərin aldada bilməsi heç də asan deyil. Gənclər bilir ki, Vidadinin fəaliyyəti konkret olaraq kimlərəsə yönəlməyib. Onu təsir altına salan ermənipərəst dairələrin hədəfi Azərbaycan dövlətidir. Onlar bu cür sapıq insanların əli ilə ölkəmizlə bağlı təxribat törədib, əhali arasında anlaşılmazlıq yaratmağa çalışırlar. Müasir Azərbaycan gənci öz dövlətini sevdiyi, onun parlaq gələcəyinə inandığı üçün belə işlərdə fəallığını ortaya qoyur”.
Məhəmmədəli QƏRİBLİ