“Diasporun güclü olması ölkədə daxili siyasi proseslərə təsir mexanizmlərinin yaranmasına səbəb olur”
Ermənistanın Mədəniyyət və Diaspor nazirliklərinin ləğv edilməsi ölkədə böyük rezonansa səbəb olub. Xüsusən də Diaspor Nazirliyinin ləğvi ölkədə hiddətlə qarşılanıb. Qurumun əməkdaşları baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın siyasətinə etiraz əlaməti olaraq tətil və hökumət binasının qarşısında etiraz mitinqi keçirməyə başlayıb.
Dövlət qulluqçuları, ümumiyyətlə, Paşinyanın elan etdiyi struktur islahatları və nazirliklərin aparatında aparılacaq ixtisarlara etiraz edir. Yeni hökumətin planına görə, hazırda fəaliyyət göstərən 17 nazirlikdən cəmi 12-si qalacaq. Paşinyanın bu addımı büdcədə olan kəsirlərlə bağlıdır. Diaspor Nazirliyinin bu addım nəticəsində əməkdaşlarının 90 faizinin işsiz qalacağı bildirilir.
Aksiya iştirakçılarının hökumətə yazılı müraciətində qeyd olunub ki, ölkədəki yüksək səviyyədə işsizlik şəraitində dövlət qulluqçularının küçəyə atılması sosial gərginliyi artıracaq və emiqrasiya prosesini gücləndirəcək.
Paşinyan daim xalqa iqtisadi vəziyyəti yaxşılaşdıracağı, investorlar cəlb edəcəyi, xaricdəki erməni iş adamlarının ölkəyə sərmayə qoyacağını vəd edirdi. Hətta onun “Mənim addımım” blokunun "beş illik” fəaliyyət proqramında iqtisadi inkişafa aparacaq islahatlar paketi də qəbul edilib. Lakin may ayından başlayaraq, demək olar ki, Paşinyan yalnız Robert Koçaryan və Serj Sarkisyana qarşı mübarizə aparıb. Onları siyasi səhnədən uzaqlaşdırmaqla məşğul olub. Hansısa iqtisadi inkişafa imza atacaq proseslərə başlamayıb. Vəziyyət o yerə gəlib çatıb ki, Diaspor Nazirliyinin ləğvi ilə əlaqədar ölkə xaricində də Paşinyana qarşı etiraz aksiyaları keçirilir. Bir sıra xarici ölkələrdə Paşinyanın islahatlar adı altında məlum qərarına etiraz edirlər. Nəzərə almaq lazımdır ki, ermənilər diasporaya xüsusi önəm verir. Bütün hallarda, ölkə daxilində və xaricində Paşinyana qarşı keçirilən aksiyaların sonu necə görünür? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın bir neçə nazirlik və komitəni ləğv etməsi əsasən islhatlar görüntüsü yaratsa da, ermənilər arasında etirazlara da səbəb olub. Xüsusilə diaspor qurumunun ləğv edilməsi xaricdəki ermənilərin ciddi etirazına gətirib. Bu da təsadüfü deyil. Məsələ ondadır ki, xaricdəki ermənilər əsasən bu komitə vasitəsilə ölkələrilə əlaqə körpüsü yaradır. Bu etirazlar isə nəticə etibarilə Paşinyan iqtidarına xaricdən maliyyə yardımlarının kəsilməsinə gətirib çıxara bilər. O baxımdan hesab edirəm ki, sözügedən etiraz aksiyaları Ermənistanın xarici siyasi əlaqələrinin zəifləməsinə gətirəcək. Fikrimcə, Paşinyanın bu diaspor qurumunu ləğv etməsi özünün siyasi hakimiyyətini qorumasına hesablanıb. Diasporun güclü olması ölkədə daxili siyasi proseslərə təsir mexanizmlərinin yaranmasına səbəb olur. Ona görə də Paşinyan diasporla əlaqələri zəiflətməkdə maraqlıdır. Bu həm də onlardan siyasi asılılığın qurtulması demək olacaq. Bu etitaz dalğaları geniş vüsət ala bilər. Bundan Qarabağ klanı da istifadə edə bilər. Bu da Paşinyan üçün siyasi ziddiyətlərə yol açacaq. Bundan əlavə, “Qarabağ klanı” diasporun dəstəyini alacaq. Belə olan halda, yaranmış vəziyyət “Qarabağ klanına” diasporun maliyyə yardımı ayırması deməkdir. Qeyd edim ki, gələn ildən Ermənistanda siyasi proseslərdə təlatümlər qaçılmaz olacaq. Siyasi-iqtisadi və sosial problemlərin dərinləşməsi daxili etirazları da körükləyəcək”.
Vidadi ORDAHALLI