“Problemlərin məhz onların öz dilindən eşidilməsi daha böyük təsirə malik olacaq”
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev keçirdiyi mətbuat konfransında deyib ki, İcma bundan sonra daha aktiv olacaq. Onun sözlərinə görə, 2019-cu ildən İcma beynəlxalq tədbirlərdə iştirak edəcək:
"Dağlıq Qarabağın Azərbaycanlı İcması bu vaxta qədər ATƏT-in Minsk Qrupu ilə birlikdə görüşlərdə iştirak edib. Amma bundan sonra beynəlxalq təşkilatlarla debatlarda iştirak etmək və sosial şəbəkələrdə aktiv olmaq niyyətindədir. Çünki erməni tərəfi yalan dolu iftiralarla çıxış edir, məlumatlar yayır və beynəlxalq təşkilatları bu yalanlara inandırmağa çalışır. Biz sosial şəbəkələr və beynəlxaq tədbirlər vasitəsilə əsl həqiqətləri yayacağıq".
T.Gəncəliyev deyib ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması Azərbaycanın işğal altında olan ərazilərində ermənilərin qanunsuzluqları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcək.
Onun sözlərinə görə, icmanın məqsədi işğal altındakı ərazilərdə baş verən qanunsuzluqları dünya ictimaiyyətinə çatdırmaqdır: "Biz bu istiqamətdə ardıcıl addımlar atacağıq. Bu proses həm də sosial şəbəkələrdə yayımlanacaq. Rayonlarımızın işğal olunduğu tarixlər və digər faktlar barədə də mütəmadi məlumatlar yayımlanacaq və beynəlxalq təşkilatlara çatdırılacaq".
Göründüyü kimi, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri yeni diplomatik taktikadan istifadə edəcəklərini bəyan edib. Bundan sonrakı beynəlxalq əməkdaşlığın yalnız Minsk Qrupu ilə kifayətlənməyəcəyi ilə bağlı səslənən fikirlər İcmanın işinə hansı yeni impulsu verə bilər?
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov “Bakı-Xəbər”ə bildirdi ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasında yeni rəhbərliyin formalaşması bir çox təxminlərin irəli sürülməsinə şərait yaratdı: “Xüsusilə də İcmanın rəhbərliyinə əvvələr diplomatik fəaliyyət sahəsində təcrübə qazanmış şəxsin gətirilməsi yeni istiqamətlərin seçilməsini və metodların tətbiqini şərtləndirirdi. Yeni sədrin açıqlamasından belə aydın oldu ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması bu vaxta qədər ATƏT-in Minsk Qrupu ilə birlikdə görüşlərdə iştirak edib. Bundan sonra isə daha geniş diapozonlu fəaliyyətə start verəcək. Bu olduqca vacib əhəmiyyət daşıyan seçimdir. Çünki subyektin azərbaycanlı icması danışıqlar prosesinin mühüm elementi sayılır. Hazırda Dağlıq Qarabağın erməni icması adından separtçı rejim danışır. Görürsünüzmü, onlar hətta pis işlər də görürlər ki, adları çəkilsin. Separatçı qurum heç bir yerdə rəsmi tanınmasa da, özünü geniş reklamla məşğuldur. Çünki onların fəaliyyəti yalnız Minsk Qrupunun çərçivəsi ilə məhdudlaşmır. Düşünürəm ki, Qarabağ problemi ilə əsl həqiqətləri dünyaya çatdırmak kimi mənəvi haqq separatçılara deyil, məhz bölgənin azərbaycanlı icmasına məxsusdur. Həm də, problemlərin məhz onların öz dilindən eşidilməsi daha böyük təsirə malik olacaq. Yeni sədrin açıqlamasından belə aydın olur ki, onlar beynəlxalq əməkdaşlıq istiqamətində ciddi işlər görmək niyyətindədir. Bilirsiniz ki, bu konflikt artıq qloballaşıb. Ona görə də, dünya çapında təbliğat gücləndirilməlidir. Azərbaycan öz diplomatik kanalları ilə bu işi görür. Bizim diaspor təşkilatlarımız da fəaldır. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının bu istiqamətdə yeni kurs müəyyən etməsi erməni təbliğatına qarşı yeni cəbhə, öz həqiqətlərimizin çatdırılması baxımından yeni tribuna rolunu oynayacaq”.
Məhəmmədəli QƏRİBLİ