“Ermənilərin Avropadan deportasiya edilməsi məsələsi inandırıcı görünür”
Yalnız Qafqazda və Rusiyada deyil, həmçinin, bütün Avropada özlərinə mənfi imic qazanan ermənilərin bu ölkələrdə törətdikləri cinayət əməlləri, oğurluqlar və s. onların yerini dar etməkdədir. Erməni demoqrafı Artak Markosyan Ermənistan mətbuatına bildirib ki, Ermənistan keçən əsrin 80-ci illərindən boşalmağa başlayıb. Hazırda bu ölkənin ciddi demoqrafik problemlərlə üz-üzə qaldığını vurğulayan A.Markosyanın qeyd etdiyinə görə, Ermənistanda inqilabın baş verməsinə baxmayaraq, hələ də ölkədə demoqrafik məsələ öz həllini tapmayıb. Ermənistan əhalisinin dünya ölkələrinə miqrasiyasının 40 illik tarixi olduğunu deyən demoqraf 1990, 2000, 2008-2017-ci illərdə miqrasiya yüksək həddə çatıb. Ekspert vurğulayır ki, Ermənistanda doğum səviyyəsi də aşağıdır və bu da demokrafik problemi daha da kəskinləşdirir.
O, həmçinin, yazır ki, bəzi insanların fikrincə, Ermənistanda demokrafik problemin həlli bir vaxtlar işsizlik, evsizlik ucbatından ölkəni tərk edən və xarici ölkələrdə özlərinə şərait, ev-eşik, biznes quran erməniləri geri qaytarmaqla mümkün ola bilər. Lakin o hesab edir ki, orada yüksək əməkhaqqı və şəraitlə təmin edilən ermənilər heç bir vaxt geri qayıtmaq istəməzlər.
A.Markosyan onu da deyib ki, Avropa ölkələrinin erməniləri deportasiya etməyə hazırlaşdıqları ilə bağlı söz-söhbətlər yayılıb. “Söz-söhbət gəzir ki, Avropa ölkələrindən erməniləri deportasiya etməyə hazırlaşırlar. Təbii ki, bu baş verə bilər. Çünki onlar bizim problemli soydaşlarımızdır. Təsəvvür edin ki, Avropada özlərinə yaşayış yeri və iş tapa bilməyən ermənilər bu ölkələrdə qayda-qanunları pozmağa, cinayət törətməyə məcbur olublar. Ermənistan höküməti bu cür soydaşlarımızı qəbul etməyə hazırdırmı? Bu bizim qarşımızda görün nə cür mənzərə açır... Burada ev-eşiyini satıb və bütün problemlərini həll etmək ümidi ilə Avropaya üz tutan ermənilər orada da özlərinə isti ocaq, iş tapa bilməyiblərsə, o cür insanları Ermənistan hökumətinin qəbul etməsi ciddi problemlər deməkdir” - deyə o qeyd edib.
Erməni demoqrafın Avropa ölkələrində ermənilərin deportasiya edilməsinə hazırlıq getdiyini deməsi həqiqətən də ermənilərin həmin ölkələrdə törətdikləri cinayətlərin həmin cəmiyyətlərə çox ciddi ziyan vurduğunu söyləməyə əsas verir.
Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, ermənilər artıq öz əməlləri ilə beynəlxalq aləmdə arzuolunmaz xalqa, topluma çevrilməkdədirlər. “Ermənilərin cinayətkar əməlləri artıq Avropanın hər yerində baş verir. Yadınızdadırsa, bir müddət əvvəl Almaniyada ermənilərdən ibarət cinayətkar dəstə ifşa olunmuşdu. Ondan əvvəl də başqa ölkələrdə belə hallar yaşanıb. Ümumiyyətlə, ermənilərin Avropadan deportasiya edilməsi məsələsi inandırıcı görünür. Müxtəlif cinayətkar qruplaşmalarda təmsil olunan bu ermənilərin birbaşa keçmiş və indiki Ermənistan hökuməti ilə sıx əlaqələrinin olması qaçılmazdır. Çünki o insanlara xaricdəki erməni lobbisi ilə yanaşı, səfirliklər də gizli şəkildə dəstək verir, onların cinayətkar əməllərini ört-basdır etməyə çalışırlar. Cinayətkarlıqla, soyğunçuluqla məşğul olan ermənilərin Avropa ölkələrindən deportasiya edilməsi reallaşarsa, bu, Ermənistan cəmiyyətində böyük problemlər yaradacaq. Bu insanlar işsiz, pulsuz, kasıb adamlardır. Ermənistan hakimiyyəti Avropadan deportasiya ediləcəyi gözlənilən erməniləri qəbul edərsə, bu, ölkədə ciddi xaos yaradacaq. Çünki hazırda Ermənistan əhalisi aclıqla, səfalətlə, işsizliklə üzləşib. O insanların ölkəyə qayıtması işsizlik, evsizlik problemini daha da qabardacaq, kəskinləşdirəcək” -deyə Q.Hacıyev qeyd etdi.
İradə SARIYEVA