Birliyin yeni rəhbəri Tural Gəncəliyev keçirdiyi mətbuat konfransında bir sıra maraqlı mətləblərə toxunub və anonslar edib.
O qeyd edib ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi Müstəqil Futbol Konfederasiyasının Dağlıq Qarabağda keçirmək istədiyi futbol turnirinə etiraz edib və rəhbərlik etdiyi qurum bu barədə Konfederasiyaya etiraz göndərib: "Təşkilatın separatçı rejimlə birlikdə Azərbaycanın işğal olunmuş ərazilərində bu cür turnirlər keçirməsinin qanunsuz olduğunu bəyan edirik. Müstəqil Futbol Konfederasiyasına müraciət edərək bildirmişik ki, bu turnirin təşkil olunması beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, həmin turnirdə iştirak edəcək şəxslərin də həyatı təhlükə altına atılır".
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının başçısı təşkilatın bundan sonra daha aktiv olacağını da bəyan edib. Onun sözlərinə görə, 2019-cu ildən İcma beynəlxalq tədbirlərdə iştirak edəcək: "Dağlıq Qarabağın Azərbaycanlı İcması bu vaxta qədər ATƏT-in Minsk Qrupu ilə birlikdə görüşlərdə iştirak edib. Amma bundan sonra beynəlxalq təşkilatlarla debatlarda iştirak etmək və sosial şəbəkələrdə aktiv olmaq niyyətindədir. Çünki erməni tərəfi yalan dolu iftiralarla çıxış edir, məlumatlar yayır və beynəlxalq təşkilatları bu yalanlara inandırmağa çalışır. Biz sosial şəbəkələr və beynəlxaq tədbirlər vasitəsilə əsl həqiqətləri yayacağıq".
T.Gəncəliyev deyib ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması Azərbaycanın işğal altında olan ərazilərində ermənilərin qanunsuzluqları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcək.
Onun sözlərinə görə, icmanın məqsədi işğal altındakı ərazilərdə baş verən qanunsuzluqları dünya ictimaiyyətinə çatdırmaqdır: "Biz bu istiqamətdə ardıcıl addımlar atacağıq. Bu proses həm də sosial şəbəkələrdə yayımlanacaq. Rayonlarımızın işğal olunduğu tarixlər və digər faktlar barədə də mütəmadi məlumatlar yayımlanacaq və beynəlxalq təşkilatlara çatdırılacaq".
Tural Gəncəliyev erməni icması ilə konstruktiv danışıqlara hazır olduqlarını da deyib: "Biz bu danışıqlara hazırıq. Azərbaycanın işğal altındakı əraziləri boşaldılmalı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının 80 min nəfər üzvü Dağlıq Qarabağa köçürülməlidir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində biz orada Dağlıq Qarabağ erməniləri ilə birlikdə yaşamağa hazırıq. Çünki biz heç kimə düşmənçilik mövqeyi tutmuruq. Biz öz torpaqlarımıza qayıtmaq istəyirik. Ata-babalarımızın qəbirlərini ziyarətdən məhrum olsaq da, düşmənçilik etmirik. Erməni icması başa düşməlidir ki, onların xoşbəxt yaşaması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər. Əgər onlar xoşbəxt gələcək istəyirlərsə, azərbaycanlların Dağlıq Qarabağa qayıtması təmin olunmalıdır. Biz geri qayıtmağa hazırıq".
T.Gəncəliyev deyib ki, ermənilər mütəmadi olaraq təmas xəttində təxribatlar törətməklə konstruktiv danışıqlara mane olmağa çalışır.
Onun sözlərinə görə, Azərbaycan həmişə münaqişənin tənzimlənməsi üçün konstruktiv mövqe nümayiş etdirib və danışıqlara hazır olub: "Rəsmi Bakı təxribat xarakterli hərəkətləri pisləyib və qarşı tərəfi danışıqlara dəvət edib. Ermənilərin təxribat xarakterli hərəkətləri ilk dəfə deyil, bu hallar həmişə gözləniləndir".
Baki-xeber.com