Qafqaz uğrunda ABŞ və Rusiyanın yenidən kəskinləşməkdə olan geosiyasi mübarizəsinin regionda mövcud konfliktlərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin gedişinə təsirinin daha da artması gözlənir. Əsas gözləntilər isə bundan ibarətdir ki, böyük güclər öz maraqlarına çatmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində artıq irəliləyiş olmasını istəyir. Bu onlara həm də regionun əsas aparıcı dövləti olan Azərbaycanla münasibətləri möhkəmləndirmək üçün lazımdır. Eyni zamanda, münaqişənin həllinə yardım həmin dövlətlərin beynəlxalq miqyasda imicləri üçün də mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Qarabağ münaqişəsinin həllinə təkan verəcək istənilən təşəbbüsü alqışladğıı halda, Ermənistanda bunun tamam əksi müşahidə olunur. Xüsusən də erməniləri narahat edən məqam özlərinə yeni ağa saydıqları ABŞ-ın onlara yönəlik Qarabağ tələbləridir. Bu məsələ, ümumiyyətlə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun hələ cari ilin oktyabrında bölgəyə baş tutan səfərindən sonra xeyli aktuallaşıb. Həmin vaxt Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldığını bildirən ABŞ rəsmisi qeyd edib ki, bu problemin həlli Birləşmiş Ştatlar üçün də mühüm əhəmiyyət kəsb edir. İrəvanda olarkən Con Bolton məsələni daha konkret qoydu: “Ermənistandakı indiki vəziyyət Qarabağ məsələsi üzrə qarşılıqlı əlverişli olan sazişin bağlanmasının vacibliyini vurğulayır. Çünki bu baş verən kimi Ermənistan-Azərbaycan sərhədi açılacaq. Türkiyə sərhədi, mənim fikrimcə, elə həmin an açılacaq”. Göründüyü kimi, Bolton açıq şəkildə bildirib ki, Ermənistan Azərbaycanı razı salan sazişə qol çəkməli və qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmalıdır ki, vəziyyəti düzəlsin. Bu fikri ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mills də açıq şəkildə bildirmişdi və Ermənistanın əraziləri qaytarmaq üzrə müzakirələrə başlamasını vacib saymışdı.
İndi Ermənistanda fikirlər səslənir ki, Nikol Paşinyan artıq hakimiyyətini tam möhkəmlədə bildiyi üçün ABŞ tezliklə ondan Qarabağ məsələsində qəti addımlar tələb edəcək. “Daşnaksütyun” Partiyasının təmsilçisi Kiro Manoyan bu xüsusda bildirir: “Vaşinqton tezliklə Qarabağ məsələsində güzəştə getmək üçün Ermənistana təzyiq etməyə başlayacaq”. Manoyan hesab edir ki, Ermənistan Vyanada və Sankt-Peterburqdakı razılaşmalardan imtina etməməlidir. Onun sözlərinə görə, Ermənistandan daxili proseslərin gedişatı Azərbaycanla başqa cür danışıqlar aparmağa imkan verir: “Ermənistan daha Vyanada və Sankt-Peterburqda əldə olunan razılaşmaların həyata keçirilməsindən danışmır, çünki baş nazir Azərbaycan prezidenti ilə atəşkəs pozuntularını azaltmaq üçün razılığa gəlib". Onun fikrincə, tezliklə Ermənistana, xüsusən də ABŞ tərəfindən təzyiq göstərilməyə başlanacaq və İrəvandan Dağlıq Qarabağ məsələsində güzəşt tələb olunacaq: “Bu, Ermənistanın bu təzyiqlərə yer verəcəyi anlamına gəlmir, amma təzyiqlər olacaq”. Politoloq Artur Qazinyan öz “Facebook” səhifəsində yazır ki, Qarabağ münaqişəsinin nizamlanması məsələsində sürətli irəliləyişlər gözlənir: “ABŞ Suriyadan qoşunlarını geri çəkir, ABŞ müdafiə naziri istefa ərizəsini təqdim edib. Demək olar ki, Suriyada İranın rolunu məhdudlaşdırmaq üçün Rusiya ilə razılaşma var. ABŞ İran məsələsilə bağlı Rusiya ilə razılaşmadan qoşunlarını Suriyadan geri çəkməzdi, İsrail buna icazə verməzdi. Qarabağ münaqişəsinin həlli bu böyük razılaşmada mühüm yer tutduğundan, Ermənistan üçün çox təhlükəlidir. Göründüyü kimi, regionda ABŞ-Rusiya ümumi maraqlarının formalaşması gedir. Nəticədə, Qarabağın qarşılıqlı razılığı Ermənistanın status-kvonu qorumaq qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Paşinyan hökuməti hadisələrin belə bir inkişafına və bu gündən etibarən Qarabağ münaqişəsinin həllində alternativ həll təklifini işləməyə hazır olmalıdır. Amma qarşıdakı danışıqlarda Ermənistan güclü və vahid şəkildə təmsil olunmur və bu da Azərbaycan üçün səfrəlidir”.
Erməni tərəfini narahat edən daha bir məqam ABŞ-ın yenidən Türkiyə ilə yaxınlaşmasıdır. Artıq məlumdur ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Yeni il bayramından sonra Türkiyəyə səfər edəcək. Səfər zamanı qarşılıqlı münasibətlərin daha güclü hala gəlməsi üçün atılacaq birgə addımlar müzakirə olunacaq. Erməni mediasında fikirlər səslənir ki, ABŞ prezidenti Donald Trampın Suriyadan hərbçilərini çıxarması fonunda Türkiyə ilə yaxınlaşmaq siyasəti regionda yeni situasiya yaradacaq. Vaşinqton artıq Ankara ilə müttəfiqlik əlaqələrini bərpa edərək, bundan sonra təkcə Yaxın Şərqdə yox, həm də Qafqazda ortaq hərəkət etmək niyyətindədir. ABŞ-ın “Patriot” havadan müdafiə sistemlərinin və yeni nəsil F-35 qırıcılarının Türkiyəyə satışına razılıq verməsi Ankara ilə aparılan müzakirələrin artıq uğurlu olmasının nəticəsidir. Bu da onu göstərir ki, qarşıdakı müddət ərzində iki müttəfiq ölkə strateji anlaşmaya gedərək, bir-birinin maraqlarına uyğun hərəkət edəcək. ABŞ Türkiyə ilə birgə hərəkət edərək regionda mövqeyini gücləndirməyə çalışacaq. Bura həm də Qafqaz daxildir. Qafqazda isə Türkiyəni maraqlandıran əsas məsələlərdən biri məhz Qarabağ münaqişəsinin həllini tezləşməsidir. ABŞ üçün isə Türkiyə baxımından bu məsələ həm də ona görə önəmlidir ki, Ankara-İrəvan münasibətləri bərpa olunsun. Çünki məhz belə şəraitdə ABŞ Ermənistanı Rusiyanın iqtisadi təzyiq dairəsindən çıxara biləcəyini yaxşı anlayır. Bunu Ermənistanda da yaxşı başa düşürlər. Qeyd edək ki, baş nazir Nikol Paşinyan da bundan öncə İrəvanın Türkiyə ilə münasibətləri həll etmək istədiyini, amma Türkiyə hakimiyyətinin münasibətlərin bərpası üçün ilkin şərtinin olduğunu bildirib. Məsələyə yenidən münasibət bildirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edir ki, Ermənistan təcrid şəraitində yaşamaq istəmirsə, problemlərini həll etməlidir: “Ermənistanın yeni rəhbərliyi Türkiyə ilə ilkin şərt olmadan görüşə hazır olduğunu deyir, amma bizim ilkin şərtimiz tam dəqiqdir. Azərbaycanın həssasiyyətini diqqətə almadan hansısa addım ata bilərikmi? Əsasən həm Türkiyə, həm də Azərbaycanla əlaqələri eyni anda normallaşdıracaq addımlar atılmalı, problemlər həll edilməlidir. Bu, Ermənistan üçün daha yaxşı olar. Qarabağ məsələsini həll etmək, işğal edilmiş əraziləri azad etmək lazımdır. Ermənistan təcrid edilmiş ölkə olaraq yaşamaq istəmirsə, problemləri ortadan qaldırmalıyıq. Azərbaycanın qəbul edəcəyi hər həll variantını biz də dəstəkləyəcəyik”.
İndi hesab edilir ki, artıq ABŞ da bu məsələdə İrəvana təzyiqlər edəcək. Çünki ABŞ aydın görür ki, sülh, qonşuluq münasibətləri və qonşularının suverenliyinə, ərazi bütövlüyünə hörmət etmədən Ermənistanda istədiyi inkişafı görməsi mümkün deyil. Bütün bunlar o deməkdir ki, ABŞ Ermənistana Azərbaycan və Türkiyə ilə birlikdə təzyiq göstərə bilər.
Rusiya tərəfdən də Ermənistana son dövrlər təzyiqlərin artması qeydə alınır və politoloq Sergey Mixeyev də bu durumda Ermənistanın çıxılmaz vəziyyətə düşdüyünü vurğulayaraq, Qarabağ məsələsində müəyyən yeniliklərin olmasını istisna etmir. Ekspert indiki halda qeyd olunan istiqamətdə Rusiyanın Ermənistana təzyiqlərinin daha çox artmasının da gözlənilən olduğunu vurğulayır: “Vaşinqtonun istəyi Ermənistanı ABŞ-ın təsir dairəsinə çəkmək və Amerikanın siyasi layihəsini işləməyə məcbur etməkdir. Hazırda ABŞ üçün Ermənistan açıq hədəfdir, ABŞ məqsədləri üçün indiki halda Ermənistandan daha çox istifadə etməyə çalışacaq. Amerikalıların Ermənistanda aktivliyi bu ölkədəki hakimiyyət dəyişikliyi ilə bağlıdır. Amerikalılar bu situasiyaya imkanlar pəncərəsi kimi baxır. Digər tərəfdən, hər kəs bilir ki, hazırda İrəvanda hökumətdə olanlar arasında əvvəllər Amerika proqramları ilə bağlı olan çoxlu sayda məmur var. Onlar hesab edirlər ki, artıq öz siyasətlərini həyata keçirməyin vaxtı çatıb. Erməni hökuməti hazırda ikibaşlı oyun oynayır. İrəvan bir tərəfdən Rusiyaya sadiq olduğunu nümayiş etdirməyə çalışır, digər tərəfdən isə ABŞ-la yaxınlaşmağa cəhd göstərir. Bu siyasətin müəyyən sərhədi var. Zamanı gələndə amerikalılar deyəcəklər ki, Rusiya ilə əlaqələri pisləşdirin, artıq hansısa geosiyasi addımlar atmaq vaxtıdır. Nəticədə erməni hökuməti seçim etməli olacaq. Erməni hökuməti strateji seçim etməli olacaq və bu seçim çox risqli olacaq. Rusiya isə belə vəziyyətdə Ermənistana təzyiqləri artırıb, Qarabağ məsəəlsində Azərbaycana daha çox yaxınlaşmalıolacaq”.
Bu vəziyyətdə istənilən nəticə olması məsələnin hərbi həlli də tamamilə gözlənilən sayılır. Rusiyalı politoloq İqor Pankratenko Rusiyadan müasir silahlar alan Azərbaycanın Ermənistanı qısa müddətdə tam darmadağın edə biləcəyini vurğulayır:
“Azərbaycan Rusiyadan müasir silahların alışını davam etdirir. 20-23 yanvar tarixində çıxması gözlənilən Rusiya silah ixracı siyahısında rəsmi Bakıda maraq doğuracaq yeni helikopter Ka-52, zirehli maşın BMP-3 və T-90S tankları, onlar üçün nəzərdə tutulmuş artilleriya və raket sistemləri olacaq. Bu siyahıda taktiki sistemlər üçün nəzərdə tutulan yeni sursatların olması da gözlənilir”. Ekspertin sözlərinə görə, Azərbaycan artıq Rusiya istehsalı silahların daha keyfiyyətli olmasına xüsusi diqqət yetirir: “Onu da qeyd etməliyəm ki, hazırda Azərbaycan Ordusu Ermənistanın hərbi qüvvələrindən qat-qat üstündür. Söhbət həm də keyfiyyət üstünlüyündən gedir. Odur ki, isti müharibə baş verəcəyi halda, Azərbaycanın dağıdıcı qələbəsinə şübhə etmirəm”.
Hər halda, proseslərin hansı istiqamətdə inkişaf edəcəyi yaxın tarixdə məlum olacaq. Hesab olunur ki, Ermənistan ABŞ, Rusiya, Türkiyə, ən əsası isə Azərbaycanın təzyiqlərinə tab gətirmək gücündə deyil. Bu təzyiqlər tezliklə istənilən nəticəni verməsə, yeni Qarabağ savaşı qaçılmazdır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.