Hərbi müstəvidə mövqelərini kifayət qədər güclü hala gətirən Azərbaycan maliiyə imkanlarının artması fonunda hər il müxtəlif təyinatlı yeni müasir silahların alışını da həyata keçirir. Ölkəmizin silah aldığı dövlətlər sırasında ilk yer isə hələ də Rusiyaya məxsusdur.
Ümumiyyətlə, Azərbaycan aparıcı silah istehsalçısı olan ölkələrdən, o cümlədən Rusiyadan hər zaman ancaq ən müasir tələblərə cavab verən silahları alıb və almaqda davam edəcək. Dünya iqtisadiyyatında, eləcə də geosiyasi aləmində baş verənlər isə göstərir ki, qarşıdakı müddət ərzində Rusiyadan Azərbaycanın silah alışı daha cazibədar və sərfəli hala gələ bilər.
Məsələ burasındadır ki, Rusiya bir çox ölkələrlə ticarəti, o cümlədən silah satışını milli valyutalar üzərindən həyata keçirmək niyyətini açıq bildirir. Bura Azərbaycan da aiddir və qeyd olunan xüsusda Moskvadan indiyə qədər bir neçə dəfə müvafiq təklif səsləndirilib. Onu da nəzərə alaq ki, Rusiyanın silah satşını milli valyuta vasitəsilə həyata keçirməyə dair müvafiq təcrübəsi də var. Məsələn, Türkiyəyə satılan S-400 sistemləri barədə bunu demək olar. Öz milli valyutaları ilə ikitərəfli ticarət aparmaq haqqında qərar verən Türkiyə və Rusiya məhz bu hava hücumundan müdafiə sisteminin alışını dollardan istfiadə etmədən həyata keçirməkdədir. Xatırladaq ki, bu sistemlərin sövdələşməsinin ümumi məbləğı 2,5 milyard dollardır. Müqavilə iki raket divizionun alınmasını nəzərdə tutur, onlardan biri “birbaşa alınma”, ikincisi isə “təminatlı alınma” metodu ilə əldə ediləcək. Avansdan sonra müəyyən edilmiş müddətə uyğun olaraq, digər ödəmələr də başlayacaq. Avans isə artıq rublla ödənilib. Rusiya prezidenti Vladimir Putin də bu günlərdə Türkiyəyə satılan S-400 hava müdafiə sisteminin müqaviləsinin dollar üzərindən edilmədiyini açıqlayıb: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla S-400 sistemlərinin tədarükünə dair məsələ barədə danışdıq. Aydındır ki, hesablaşmaları dollarla aparsaq, bu iş baş tutmayacaqdı. Odur ki, başqa bir variant tapdıq, məsələ həll olundu. Rusiyanın iqtisadiyyatı yeniliklərə çətinliklə uyğunlaşır və dövlətin inkşafını formalaşdırır. Dollardan imtina edəcəyik, lakin özümüzə zərər verməmək üçün qəfil addımlar atmaq istəmirik. Qabaqlayıcı tədbir görməyənlər özləri-özlərini güllələyir, çünki dolların belə iqtisadi qeyri-sabitliyi dünyanın çoxsaylı iqtisadçılarını dollardan asılı olmayan alternativ baza valyutası axtarmağa vadar edir”.
Rusiyanın Sənaye və ticarət naziri Denis Manturov qeyd edir ki, digər ölkələrə də silah satışında milli valyutalardan istifadə aktualdır: “Rusiyanın dövlət silah ixracatçısı “Rosoboroneksport”un sifariş portfeli 50 milyard dollara yaxındır, lakin silah satışında dollar yox, daha çox rupi, yuan və rubl istifadə edilir. S-400-lərin ixracatı qlobal dollar zonasından müstəqil olmalıdır. Müxtəlif formatlarda tranzaksiyalar həyata keçirilir, müqavilə bağladığımız ölkələrin milli valyutaları ilə və ya rublla. Məsələn, Hindistan, Çin və Türkiyə ilə müqavilələr onların milli valyutaları əsasında bağlanır”.
Xatırladaq ki, Azərbaycan Rusiyadan silah alan ölkələr arasında ilk onluğa daxildir. Moskva ölkəmizlə hərbi sahədə də əməkdaşlığın və ticarətin genişlənməsində maraqlıdır. Təkcə son illər Rusiya Azərbaycana 150 tank satıb ki, bunlardan 94-ü T-90S-lər ən yeniləridir. Həmçinin ölkəmizə Rusiya tərəfindən yeni növ BTR-80 və BMP-3 də satılıb. Araşdırmalar göstərir ki, Azərbaycan 2011-ci ildə bağlanmış müqavilə əsasında Rusiyadan ən azı iki diviziyon (24 kompleks) “Smerç” reaktiv yaylım atəşi sistemləri, bir diviziyon TOS-1A ağır odsaçan sistemləri də daxil olmaqla milyardlarla dollarlıq müasir hərbi texnika alıb. “Pansir-S”, S-300-PMU2 “Favorit”, tankəleyhinə “Xrizantema” və “Kornet”, özüyeriyən artilleriya sistemləri “Msta-S” və “Vena”, eləcə də digərləri bura daxil edilə bilər. Müxtəlif məlumatlara görə, hazırda Azərbaycanın hərbi aviasiya parkına yenə Rusiyadan alınan MiQ-21, MiQ-23, MiQ-25, MiQ-29, Su-17, Su-24, Su-25tipli döyüş və təlim təyyarələri, İl-76 yük, Tu-134 nəqliyyat təyyarələri, desant çıxarma və evakuasiya əməliyyatlarında istifadə olunan An-2 tipli yüngül təyyarələr, Mi-6, Mi-8, Mi-17, Mi-24, Mi-35M, Mi-172, Ka-32 tipli helikopterlər daxildir. Qarşıdakı müddət ərzində Azərbaycan yenə Rusiyadan ən müasir hərbi texnikaların alışını istsina etmir. Amma yuxarıda qeyd olunduğu kimi, artıq alınan texnikanın ödənişi milli valyutalar üzərindən həyata keçirilə bilər. Bu da indiki halda həm Azərbaycan, həm də Rusiya üçün kifayət qədər sərfəli sayılır. Çünki maliyyə əməliyyatlarının dollarla həyata keçirilməsi daha artıq xərclərə səbəb olur. Amma görünür ki, daha belə artıq xərclərə ehtyiac qalmayacaq.
Nahid SALAYEV