Əli Mahmud: “Ağdam rayonunun Mirəşelli kəndi ərazisində qəbiristanlıqda mülki şəxslərin atəşə tutulması faktı fikrimizi bir daha təsdiqləyir”
“Erməni silahlı qüvvələrinin əsas hədəfi Azərbaycanın dinc vətəndaşlarıdır. Onlar cəbhəyanı bölgələrdə yaşayan sakinlərimizin rahat həyatını pozmaq üçün hər gün müxtəlif çaplı silahlardan kəndlərimizi, qəsəbələrimizi, əkin sahələrimizi atəşə tuturlar. Atəşkəs dövründən indiyə qədər, uşaqlar da daxil olmaqla, onlarla sakinimiz Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində həlak olub. Erməni ordusu qəbiristanlıqlarımızı da dəfələrlə atəşə tutublar. Dünən (srağagün - İ.S) Ağdam rayonunun Mirəşelli kəndi ərazisində qəbiristanlıqda mülki şəxslərin atəşə tutulması faktı fikrimizi bir daha təsdiqləyir”.
Bu fikirləri “Bakı-Xəbər”ə dekabrın 26-da günün ikinci yarısında Ermənistan silahlı qüvvələri bölmələrinin Ağdam rayonunun Mirəşelli kəndi ərazisində qəbiristanlıqda mülki şəxsləri atəşə tutması nəticəsində bir nəfərin xəsarət almasına münasibət bildirərkən “Qarabağa aparan yol” qəzetinin baş redaktoru, şair-jurnalist Əli Mahmud deyib.
Xatırladaq ki, Bakıdan rayona gələrək şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət etməyə gedən Ağdam rayonunun Baş Qərvənd kənd sakini, 1945-ci il təvəllüdlü Allahverdiyeva Dilşad Allahverdi qızı və bir neçə yaxın qohumu Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Düşmənin atəşi nəticəsində yaşlı qadın qulaq nahiyəsindən xəsarət alıb. Ağdam Rayon Xəstəxanasına aparılan D.Allahverdiyevaya ilkin tibbi yardım göstərilib.
Ə.Mahmud xatırlatdı ki, Azərbaycanda qəbiristanlıqların ermənilər tərəfindən atəşə tutulması halları ilk dəfədir baş vermir, düşmənin qəbiristanlıqları atəşə tutması nəticəsində əvvəllər də xeyli sayda dinc sakin müxtəlif güllə yarası alıb, hətta onlar arasında həyatını itirənlər də olub.
Ə.Mahmudun vurğuladığına görə, bundan bir neçə il əvvəl Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun cəbhəyanı ərazidə yerləşən Alxanlı kəndini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində kənd sakinləri Allahverdiyeva Sahibə İdris qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının həlak olması və 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının qəlpə yarası alması onu deməyə əsas verir ki, Ermənistanda terror dövlət siyasəti səviyyəsində dəstəklənir. Ə.Mahmudun sözlərinə görə, Azərbaycanın mülki əhalisinin hədəfə alınması, qətlə yetirilməsi, onların məskunlaşdığı yaşayış məntəqələrinin dağıdılması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, həm keçmiş, həm də indiki Ermənistan hökumətinin terrorçu əməllərinin təzahürüdür. “Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan hüquqları ilə bağlı beynəlxalq təşkilatların qərar və konvensiyalarının ciddi şəkildə pozulmasıdır. Ermənistanın hüquqazidd əməlləri davam edir və bu özünü Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə qarşı həyata keçirdiyi terror hadisələrində də büruzə verir. Ermənilər hər gün cəbhəyanı yaşayış bölgələrimizi atəşə tuturlar. Bu hadisələr dünyanın, beynəlxalq qurumların gözləri qarşısında baş verir. Bilirsiniz, Ermənistan tərəfinin bu cür təxribat əməlləri ənənəvi qaydada Azərbaycanda əlamətdar hadisələr, bayram günləri ərəfəsində törədilir. Onlar bizim dincliyimizi pozmaq üçün bu əməllərə əl atırlar” - deyə Ə.Mahmud bildirdi.
İradə SARIYEVA