Nəzakət Məmmədova: “Yaxın Şərq ölkələri, o cümlədən Səudiyyə, İsrail, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qətərlə bağlı müzakirə aparıla bilər”
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Yeni il bayramından sonra Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyənin hakim partiyasının nümayəndəsinə istinadən "Anadolu" agentliyi məlumat yayıb.
Qeyd edək ki, Bolton bundan bir müddət əvvəl bizim regiona da səfər etdi və həmin turne çox ciddi rezonans doğurdu. Hətta bir neçə gün əvvəl Rusiya xarici işlər nazirinin müavini Karasin Ermənistan rəhbərliyini Boltonun İrəvanda səsləndirdiyi fikirlərə reaksiya verməyə çağırdı. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ-ın xüsusilə İran məsələsinə görə regiona marağı daha da artıb. Bütün bunları nəzərə alanda, Boltonun məhz indiki məqamda Türkiyəyə edəcəyi səfər böyük maraq doğurur. Bu baxımdan, Boltonun Türkiyə səfərinin məqsəd və məramı haqda nələri söyləmək olar?
Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, Boltonun Türkiyə səfəri zamanı çoxşaxəli məsələlərin yüksək səviyyədə müzakirəsi gözlənir: “Lakin ən əsas məsələlər ehtimal ki, Türkiyə-NATO münasibətləri, ABŞ-ın Türkiyəyə silah satışı, habelə Türkiyənin Suriyada hərbi əməliyyatlar keçirməsi ola bilər. ABŞ Rusiyanı öz ənənəvi silah bazarı hesab etdiyi müttəfiq ölkə Türkiyədən sıxışdırmağa çalışır. Konqresin Türkiyəyə F-16 təyyarələrinin satışına qadağa qoyması bu ölkəni Rusiya ilə silah ticarətinə daha çox təşviq etdi. Artıq Türkiyə ilə münasibətlərini düzəltməyə çalışan ABŞ bu ölkə ilə 3,5 milyard dollar dəyərində "Patriot" sistemləri satışına razılıq verib. Bu, NATO-dakı müttəfiq Türkiyənin Rusiya ilə silah ticarəti məsələsində ABŞ-ın təşəbbüsü yenidən ələ almaq cəhdidir.
Doğrudur, “Patriot”ların satışı barədə danışıqların F-16 qırıcıları kimi siyasi təzyiq vasitəsi deyil, çox bahalı olması səbəbindən uzanması deyilir. Hər halda, Boltonun səfərində bu məsələnin diqqət mərkəzində olacağı gözlənir. Lakin ən əsas müzakirə mövzusu sübhəsiz ki, Türkiyənin Orta Şərq, xüsusən Suriya siyasəti olacaq. ABŞ hərbi kontingentinin Suriyadan çıxmasından sonra regionda status-kvo dəyişib və ABŞ 6 trilyon dollar xərclədiyi Yaxın Şərq regionunda istədiyi nəticələrə nail ola bilməyib”.
N.Məmmədova hesab edir ki, onun bu planlarına qarşı çıxan ölkələrdən biri Türkiyə olub: “Türkiyə öz milli maraqlarının müdafiəsi üçün ABŞ-ın ənənəvi düşmənləri olan İran və Rusiya ilə müttəfiq olmağa məcbur olub. Lakin NATO-nun Avropadan olan bəzi üzvlərinin, xüsusilə Fransanın təşkilata alternativ vahid Avropa ordusu ideyası gündəmə gəldikdən sonra Aralıq dənizi-Orta Şərq-Qara dəniz cinahında Türkiyə kimi əhəmiyyətli ölkənin də təşkilatdan uzaqlaşması NATO-nu xeyli zəiflədə bilər. Həm Avropa, həm Orta Şərq-Aralıq dənizi-Qara dənizi hövzəsində mühüm əhəmiyyətə malik olan üzvlərin təşkilatdan de-fakto uzaqlaşması cəhdləri ABŞ-ı çox narahat edir. ABŞ-ın Suriyadan çıxmasında bu amil də istisna edilmir. Boltonun səfərində də Türkiyə-NATO münasibətlərinin diqqət mərkəzində olması istisna edilə bilməz. Bu həftə Türkiyədən yüksək nümayəndə heyətinin - xarici işlər naziri Çavuşoğlunun, MİT müstəşarı Fidanın, Baş Qərargah rəisi Akarın Moskvaya səfəri də ABŞ-ın diqqətindədir. Boltonun səfərinin də bu səfər sonrasına təsadüf etməsi diqqətəlayiqdir”.
Politoloqun sözlərinə görə, Türkiyə ABŞ-ın Suriyadan getməsinin ardından PYD/YPD və İŞİD-ə qarşı mübarizə məsələsini bundan sonra Rusiya ilə razılaşdırmalı olacaq: “Suriya ilə 911 km. sərhədi olan və bu ölkənin şimalında hərbi nəzarəti ələ keçirmiş Türkiyə bundan sonrakı məsələlərdə, o cümlədən hərbi əməliyyatları, Suriyanın gələcəyinə dair digər məsələləri Astana prosesindəki müttəfiqlərlə görüşməlidir. Türkiyənin diplomatiya, hərbi, kəşfiyyat rəhbərlərinin Moskva səfəri də bu məsələlərlə bağlı ola bilər. Lakin ABŞ-ın Suriyadan cəmi 2 min nəfərlik kontingenti çıxarması əsla bu ölkənin Yaxın Şərq planlarından imtina etməsi demək deyil.
Boltonun səfərinin məqsədi də NATO müttəfiqi Türkiyə ilə münasibətləri yaxınlaşdırmaq, yeni ilin əvvəlində cari il üçün onun Suriya planlarının müzakirəsi, digər Yaxın Şərq ölkələri, o cümlədən Səudiyyə, İsrail, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qətərlə münasibətlərinin müzakirəsi ola bilər.
Ərdoğan və Çavuşoğlu ABŞ-ın Suriyadan çəkilmə qərarını Rusiya ilə müzakirə edəcəklərini, hətta Ərdoğan Putinlə üz-üzə görüşəcəyini deyib. Görünür, Boltonun səfərində bütün bu məsələlər diqqətdə olacaq”.
Məhəmmədəli QƏRİBLİ